“Zəngəzur dəhlizi alternativsizdir və reallaşacaq” – Zeynal Əmrəliyev – ÖZƏL
11:18 Siyasət"Azərbaycan hökuməti uzun müddətdir ki, Zəngəzur dəhlizinin açılması məsələsini ön plana çəkir və bu dəhlizi təkcə regional deyil, həm də qlobal əhəmiyyət daşıyan bir layihə kimi təqdim edir. Bu, yalnız Azərbaycanın maraqları çərçivəsində olan məsələ deyil; eyni zamanda regional və beynəlxalq səviyyədə strateji önəm kəsb edir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. O qeyd edib ki, son dövrlərdə Çin ilə Avropa arasında artan yaxınlaşma, Zəngəzur dəhlizinin əhəmiyyətini artırır və Cənubi Qafqazın tranzit rolu önə çıxır:
"Son dövrlərdə Çin ilə Avropa arasında yaxınlaşmanın müşahidə olunduğunu nəzərə alsaq, Zəngəzur dəhlizinin əhəmiyyəti daha da artır. Faktiki olaraq, Çin Avropa üçün önəmli iqtisadi tərəfdaşa çevrilməkdədir. Eyni zamanda, Donald Trampın ABŞ-də prezident seçilməsindən sonra ABŞ ilə Avropa İttifaqı arasında yaranan gərginlik fonunda Avropanın Çinə olan marağı artmışdır. Bu kontekstdə Cənubi Qafqazın tranzit rolu xüsusi əhəmiyyət kəsb edir".
Siyasi şərhçi əlavə edib ki, İranın son dövrlərdə Azərbaycan ilə əməkdaşlıqda fəallığının artması və Zəngəzur dəhlizinin gerçəkləşməsinin qarşısını almağa çalışmasına baxmayaraq, bu dəhlizin alternativi olmadığı və reallaşacağı gözlənilir.
"Azərbaycan və Gürcüstan arasında tranzit dəhlizlərinin yaradılması ilə bağlı İran tərəfindən də son zamanlar müəyyən açıqlamalara şahid oluruq. Xüsusilə Pəzeşkian hakimiyyətə gəldikdən sonra İranın Cənubi Qafqaz siyasətində, o cümlədən Azərbaycanla bağlı siyasətində müəyyən dəyişikliklərin baş verəcəyi gözlənilirdi və artıq bu dəyişikliklərin şahidi oluruq. Pəzeşkianın Bakıya səfəri və verdiyi bəyanatlar da bu baxımdan diqqətçəkicidir. Azərbaycanla əməkdaşlıq sahəsində rəsmi Tehranın fəaliyyətində fəallığın artması müşahidə olunur və bu prosesin gələcəkdə də davam edəcəyi ehtimal olunur. Zəngəzur dəhlizi məsələsi də məhz bu kontekstdə qiymətləndirilməlidir. İran tərəfi bu dəhlizin gerçəkləşməsinin qarşısını almağa çalışsa da, bunu daha yumşaq üsullarla etməyə üstünlük verir. Ancaq qeyd etmək lazımdır ki, Zəngəzur dəhlizinin alternativi yoxdur. Kim istəsə də, istəməsə də bu dəhliz reallaşacaq".
Z. Əmrəliyevin sözlərinə görə, Azərbaycan, Gürcüstan və İran arasında təklif olunan nəqliyyat dəhlizi heç bir halda Zəngəzur dəhlizinin alternativi sayıla bilməz. Eyni zamanda, Zəngəzur dəhlizi digər layihələrin qarşısını alan bir təşəbbüs deyil. Yəni, hər iki layihə paralel şəkildə həyata keçə bilər.
Səidə Ramazanova