Ermənistan səmimi mövqe ortaya qoymur- Tural İsmayılov- ÖZƏL
15 Aprel 15:34 SiyasətErmənistanın Baş naziri Nikol Paşinyan, 15 aprel parlament iclasında müharibənin olmayacağını və sülh sazişinin imzalanmağa hazır olduqlarını açıqlayıb. O, Minsk qrupunun fəaliyyətinin sona çatması və Qarabağ məsələsinin həll olunması ilə bağlı eyni zamanda müraciət etməyə hazır olduqlarını vurğulayıb.
Məsələ ilə bağlı Politoloq Tural İsmayılov Olaylar.az açıqlamasında qeyd edib ki, sülh müqaviləsinin imzalanması üçün Minsk Qrupu birmənalı şəkildə ləğv edilməlidir:
"Ermənistan tərəfinin bu mövzuda manipulyasiya cəhdlərinin açıq-aydın ortada olmasını heç kəs dana bilməz. Faktiki olaraq bu gün ATƏT-in lazımsız Minsk Qrupunun ləğvi ilə bağlı Ermənistan səmimi mövqe ortaya qoymur və məsələni manipulyasiya etməyə çalışır. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması üçün Minsk Qrupu birmənalı şəkildə ləğv edilməlidir. Ermənistan bunu da yaxşı başa düşür. Şərt irəli sürmə lüksü olmamasına rəğmən rəsmi İrəvan Azərbaycana qarşı müəyyən şərtlər diktə etməyə çalışır. Ararat Mirzoyanın sülh müqaviləsinin imzalanması ilə ATƏT-in Minsk Qrupunun eyni gündə ləğv edilməsi barədə açıqlamaları səmimi, ədalətli və obyektiv deyil. Hesab edirəm ki, Azərbaycan heç bir zaman bu tip sayıqlamalarla razılaşmayacaq. Minsk Qrupunun ləğvi ilə sülh sazişinin imzalanmasının eyni gündə baş tutması mümkün deyil. Birincisi, Ermənistan regionda şərtləri diktə edən tərəf deyil. İkincisi, rəsmi İrəvan faktiki olaraq Azərbaycanın uzunmüddətli sülh yaratma təkliflərini bloklayan tərəfdir. Azərbaycanla sülh istəyirsə, Ermənistan öncədən ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı ortaya iradə qoymalı, Konstitusiyasını dəyişməlidir".
Zeynəb Mustafazadə