Rəsmi Tehran bu məsələlərə artıq yeni pəncərədən yanaşmaq məcburiyyətindədir– ÖZƏL
14:57 SiyasətƏİran parlamenti məktəblərdə qeyri-fars dillərin və etniklərin ədəbiyyatının tədrisini nəzərdə tutan qanun layihəsini rədd edib.
Səsvermədə 104 millət vəkili lehinə, 130-u əleyhinə səs verib, 5-i tərəfsiz qalıb, 7-si isə iştirak etməyib.
Qeyd edək ki, İran Konstitusiyasının 15-ci maddəsi etnik ədəbiyyatın tədrisini nəzərdə tutsa da, bu, 45 ildir icra olunmur. Prezident Məsud Pezeşkianın seçki kampaniyasının əsas vədlərindən biri isə həmin maddənin icrası idi.
Mövzu ilə bağlı Olaylar.az-a danışan siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, İran prezidenti siyasi sistemin sərt çərçivələri səbəbindən seçkiqabağı vədlərini reallaşdırmaq imkanına malik deyil:
"İranın indiki prezidenti istəsə belə, mövcud İran siyasi sisteminin şərtlərini dəyişmək imkanında deyil. Çünki İranın siyasi idarəçilik sistemi, hər kəsi onun mövcud şərtləri icra etmək məcburiyyətində buraxır. Bu baxımdan İran prezidentinin seçkiqabağı verdiyi vədləri hakimiyyət dönəmində icra etmək şansı qazanacağına inanmaq sadəlövhlük olardı. Təbii ki, müəyyən cəhdlər, addımlar atıla bilər və manevrlər edilə bilər. Ancaq bu istiqamətdə atılacaq istənilən addımın və yaxud da manevrin yekun nəticəsi əvvəlcədən məlumdur".
Elçin Xalidbəyli qeyd edib ki, İranın etnik qrupların hüquqlarını məhdudlaşdıran siyasəti dövlətin sabitliyi və gələcəyi üçün ciddi təhlükə yaradır.
"İran Konstitusiyasında 15-ci maddənin icra olunmaması İran vətəndaşı olan etniklərin hüquqları baxımından çox ciddi bir problemdir. Rəsmi Tehran təbii ki, öz vətəndaşlarına milliyyətindən və etnik mənsubiyyətindən asılı olmayaraq hörmət eləməyə borcludur. Ancaq reallıqda bu müşahidə olunmur, əksinə, etnik mənsubiyyəti olan qrupların hüquqları məhdudlaşdırılır. Halbuki İran siyasi idarəçilik sistemi etnik qrupların hüquqlarına daha həssas yanaşmış olsaydı, həmin etnik qruplar da İran dövlətinin müdafiəsində daha israrlı bir mövqe tutardılar. İran dövlətinə bağlılıqları daha üst səviyyəyə qalxmış ola bilərdi və böyük ehtimalla İran siyasi idarəçilik sistemində bu önəmli faktor nəzərə alınmır. Daha çox məhdudiyyətlər üzərindən ölkədəki situasiyanı eynilə qoruyub saxlamaq hədəfləri ön plana çıxarılır.
Zaman keçdikcə bu cür metodların, formatın öz əhəmiyyətini itirməkdə olduğu da qətiyyən diqqətdən yayınmır. Ona görə də rəsmi Tehran bu məsələlərə artıq yeni pəncərədən yanaşmaq məcburiyyətindədir və bu analoji problemlərin mümkün qədər tez həll olunması, etnik qruplara daha çox imkanlar yaradılması İran dövlətinin özünün gələcək taleyi üçün böyük önəm daşıya bilər. Ancaq mövcud siyasi sistemin buna hansı səviyyədə hazır olub-olmaması isə olduqca mübahisəli məsələdir".
Səidə Ramazanova