Bu olmasa sülh müqaviləsi mümkün görünmür...– ÖZƏL

"Ermənistan konstitusiyasında dəyişikliklərlə bağlı artıq bir ildən çoxdur ki, müzakirələr getməkdədir və bu proses başlanıb. 2023-cü ilin sonlarında Nikol Paşinyan verdiyi müsahibələrin birində Ermənistanın hazırki konstitusiyasının Ermənistanı real müstəqil ölkəyə çevirməyə əngəl olduğunu söyləmişdi. Şübhəsiz ki, bu konstitusiya kifayət qədər mürtəce və Azərbaycanla Türkiyəyə qarşı ərazi iddialarını özündə əks etdirən bir konstitusiyadır". 

Bu fikirləri siyasi şərhçi Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:

"Bu konstitusiya dəyişdirilmədən sülh prosesinin normal getməsi, nəticələnməsi imkansız görünür. Ermənistan tərəfi də bunu anlamalıdır ki, Azərbaycanın da əsas tələbi Ermənistan konstitusiyasında, o cümlədən qanunvericilik aktlarında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının dəyişdirilməsi və çıxarılması məsələsidir. Şübhəsiz ki, Ermənistanda bu prosesin getməsi onun daxili işidir və bu konstitusiyada qonşu dövlətlərə ərazi iddiaları əks etdirilən müddəaların dəyişdirilməsinin olub-olmamasının da şahidi olacağıq. Hər halda Ermənistanda rasional düşünən bütün siyasətçilər bu konstitusiyanın doğrudan da Güney Qafqazda iki ölkə arasındakı proseslərdə ən ciddi əngəl olduğunu başa düşürlər və bunun dəyişdirilməsinin də vacibliyini anlayırlar. Bunu nə qədər tez etsələr, bu o qədər sabitliyin bərqərar olunmasına töhfə verəcək. Ermənistanda bu konstitusiya dəyişiklikləri həyata keçirilərkən Azərbaycanın təklifləri nəzərə alınmalıdır. Nəzərə alınmayacağı halda sülh müqaviləsinin imzalanması da mümkün olmayacaq. Bu da bölgədə sabitliyin bərqərar olmasına əsas əngəl olaraq qalacaq".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31