Ermənistanın Sülh Şurasına qoşulması: diplomatik manevr, yoxsa yeni siyasi mövqe? – ÖZƏL

"Ermənistan parlamentinin ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılmış Sülh Şurasının Nizamnaməsini ratifikasiya etməsinə bir neçə aspektdən yanaşmaq mümkündür. İlk növbədə, bu addım erməni hökumətinin Vaşinqtonla siyasi dialoqu genişləndirmək və ABŞ-nin təşəbbüsü ilə formalaşan beynəlxalq platformlarda iştirakını artırmaq niyyətinin göstəricisi kimi qiymətləndirilə bilər".

Bu sözləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloq bildirib ki, burada iki məqsəd bir-birini istisna etmir: həm Ağ Ev ilə münasibətlərin inkişafı, həm də erməni hökumətinin beynəlxalq diplomatik proseslərdə özünə əlavə iştirak imkanları yaratması... Digər tərəfdən, Ermənistanın bu təşəbbüsə qoşulmasını Güney Qafqazda gedən geosiyasi proseslərdən təcrid etmək olmaz. Bölgədə yeni kommunikasiya, təhlükəsizlik və işbirliyi münasibətləri formalaşdığı bir vaxtda ermənilər müxtəlif beynəlxalq platformlarda təmsil olunmaqla diplomatik manevr imkanlarını genişləndirməyə çalışır. Azərbaycan-Ermənistan münasibətlərinə gəlincə, Sülh Şurasında iştirakın özü ikitərəfli sülh prosesində avtomatik irəliləyiş anlamına gəlmir. Davamlı sülhün əsas şərti beynəlxalq platformlarda verilən ismarıclardan daha çox, konkret siyasi-hüquqi öhdəliklərin yerinə yetirilməsi, qarşılıqlı güvənin möhkəmləndirilməsi və razılaşdırılmış məsələlərin praktik çözümüdür. Bu baxımdan, əsas sual ermənilərin hansı beynəlxalq təşkilata qoşulmasından daha çox, həmin iştirakın onun Azərbaycanla münasibətlərində nə dərəcədə konstruktiv davranışla müşayiət olunmasıdır. Sonuc etibarilə, sülh diplomatiyasının həqiqi dəyəri açıqlamaların miqyası ilə ölçülmür; ölçü, onların bölgəsəl gerçəkliyə çevrilməsinə bağlıdır. Güney Qafqazda davamlı sülhün təminatı da ilk növbədə Bakı ilə birbaşa dialoqun və öhdəliklərə əməl olunmasının sonucu olacaqdır.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31