Paşinyan müxalifətə qarşı sərt addımlar atacaq?- Rusiyaya mesaj ÖZƏL

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin siyasi səhnəsində radikal dəyişikliklərin zəruriliyini bəyan edərək, xaricdən idarə olunan və casusluq fəaliyyəti ilə məşğul olan qüvvələrin siyasi həyatdan tamamilə təcrid olunmalı olduğunu bildirib.
Paşinyanın sözlərinə görə, İrəvanda hakimiyyətə qarşı mübarizə aparan və əsasən "Üçbaşlı müharibə partiyası" kimi xarakterizə olunan bloklar artıq məhv edilib. Buraya "Ermənistan" bloku, "Güclü Ermənistan" və "Çiçəklənən Ermənistan" partiyaları daxildir. Baş nazir bu qüvvələrin sıradan çıxdığını yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin nəticələrinin də sübut etdiyini vurğulayıb.

Paşinyanın bu sərt bəyanatı daxili siyasətdə hansı radikal dəyişikliklərə yol açacaq? "Xaricdən idarə olunan müxalifət" dedikdə xüsusilə hansı ölkə və ya mərkəz nəzərdə tutulur?
Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:

" Ermənistanın Baş naziri Nikol Paşinyanın 2026-cı ilin oktyabrında keçirilən yerli özünüidarəetmə orqanlarına seçkilərin nəticələrindən sonra etdiyi kəskin çıxış, ölkənin daxili siyasi xəritəsində köklü yenilənmə prosesinin başladığını göstərir. Paşinyan "Ermənistan" bloku, "Güclü Ermənistan" və "Çiçəklənən Ermənistan" partiyalarını "Üçbaşlı müharibə partiyası" adlandırmaqla əslində onların artıq siyasi səhnədən silindiyini bir daha bəyan edib.
Bu bəyanatın daxili siyasətdə yol açacağı radikal dəyişikliklər və "xaricdən idarə olunan qüvvələr" ifadəsinin arxasındakı geopolitik mərkəzlər var. Paşinyan mövcud müxalifəti casus şəbəkəsi adlandıraraq onların tamamilə sıradan çıxarılacağını və ölkədə yalnız dövlət maraqlarına xidmət edən yeni, dövlətyönümlü müxalifətin formalaşmalı olduğunu bildirib. Bu isə köhnə elita və oliqarxiya ilə əlaqəli qüvvələrin hüquqi və siyasi yollarla tamamilə neytrallaşdırılması deməkdir. Paşinyanın hədəf aldığı "üçbaşlı qüvvə"nin liderləri keçmiş prezident Robert Köçəryan "Ermənistan" bloku, Rusiyadakı erməni milyarder Samvel Karapetyan "Güclü Ermənistan" və biznesmen Qaqik Tsarukyandır "Çiçəklənən Ermənistan" artıq sıradan çıxmış hesab olunur. Bu qüvvələrin darmadağın edildiyinin elan olunması, ölkədəki iri biznes və köhnə idarəçilik sisteminin qalıqlarına qarşı inzibati və hüquqi təzyiqlərin, həbslər və aktivlərin yoxlanılmasının daha da sərtləşəcəyinə işarə edir. Paşinyan hökuməti Azərbaycanla sülh prosesini və ölkədə yeni konstitusiyanın qəbulunu planlaşdırır. Müharibə ritorikası ilə çıxış edən radikal müxalifətin yerli seçkilərdə məğlub olması və sıradan çıxarılması, Paşinyanın bu prosesləri daxili müqavimət olmadan həyata keçirməsinə şərait yaradır. Paşinyanın "kənardan idarə edilən casus müxalifəti" ifadəsi ilə xüsusilə Rusiya nəzərdə tutulur. Onun iddiasına görə hədəfə alınan qüvvələrin rəhbərləri Kremllə birbaşa bağlılığı olan şəxslərdir. Belə ki, Samvel Karapetyan Rusiyada fəaliyyət göstərən, Kremlin ən yaxın oliqarxlarından biridir. Robert Köçəryan isə uzun illər Rusiyanın Ermənistandakı əsas siyasi dayağı hesab olunub. Ermənistanın son illərdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından uzaqlaşması və Qərblə, ABŞ və Avropa İttifaqı ilə təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməsi Moskva tərəfindən kəskin qarşılanır. Paşinyan Ermənistandakı revanşist və müharibə tərəfdarı qüvvələrin Moskva tərəfindən İrəvanda hakimiyyət dəyişikliyi etmək üçün istifadə olunan vasitə kimi idarə olunduğunu iddia edir.
Paşinyanın bu bəyanatı Ermənistanın xarici siyasətdə Qərbə inteqrasiya xəttini daxili siyasətdə də tam qətiyyətlə tətbiq edəcəyini və Rusiyayönümlü qüvvələrə qarşı genişmiqyaslı siyasi blokadanın davam edəcəyini bir daha göstərir. Ümumiyyətlə bu proseslər Moskva ilə İrəvan arasında siyasi gərginliyin da xəbər verir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31