Ramiyə Məmmədova: Azərbaycan qlobal sülhün və mədəniyyətlərarası dialoqun mərkəzindədir – ÖZƏL

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışında azərbaycançılıq ideologiyası, Azərbaycanın sülh quruculuğundakı təcrübəsi və ölkənin daxili işlərinə müdaxilə məsələləri ön plana çıxıb. Çıxışda milli birliyin, multikulturalizmin, müstəqil siyasətin və Azərbaycanın beynəlxalq nüfuzunun əhəmiyyəti vurğulanıb.

Mövzu ilə bağlı Olaylar.az-a danışan siyasi şərhçi Ramiyə Məmmədova bildirib ki, bunun Azərbaycan üçün əhəmiyyəti çox böyükdür. Çünki Azərbaycan uzun müddətdir ki, bu platformalarda fəaliyyət göstərir, sülhün, əmin-amanlığın və xalqlar arasında dialoqun təşviqi istiqamətində işlər aparır. Bu fəaliyyətlərin nəticəsi olaraq Azərbaycanda və dünyada keçirilən forumlarda, müxtəlif dialoq platformalarında iştirak edir, eyni zamanda onların təşkilində fəal rol oynayır. Təbii ki, müxtəlif xalqların, insanların və dinlərin təmsil olunduğu bu cür platformalar insanları həm mədəni, həm dini, həm də milli şüur baxımından bir-birinə yaxınlaşdırır, onların bir-birini daha yaxından tanımasına şərait yaradır. Bu gün əsas məsələlərdən biri Azərbaycanın bütün dünyada tanıdılması, milli kimliyinin, xalqının mədəniyyətinin, dininin və ölkəsinin dünyaya təqdim edilməsidir. Bu baxımdan belə platformalar böyük rol oynayır. Eyni zamanda, qarşılıqlı tanınma da mühüm əhəmiyyət daşıyır. Yəni digər ölkələrin mədəniyyətini, dəyərlərini və xüsusiyyətlərini öyrənmək, onları tanımaq və həmin xalqlara yaxınlıq göstərmək vacibdir. Burada dialoq məsələsi də xüsusi əhəmiyyət kəsb edir. Ölkələr və xalqlar arasında dialoqun qurulması, masa arxasında müzakirələrin aparılması və fikir mübadiləsinin həyata keçirilməsi çox önəmlidir. Bu cür platformalar beynəlxalq səviyyədə əlaqələrin daha da genişlənməsinə, sülhün və əmin-amanlığın möhkəmlənməsinə, eləcə də gələcəkdə iqtisadi və siyasi əməkdaşlıq perspektivlərinin inkişafına böyük töhfə verir. Təbii ki, burada gənclərin rolu da çox böyükdür. Çünki gənclər bu proseslərdə mühüm rol oynayırlar. Onlar müxtəlif ölkələrdə təhsil alır, işləyir və fəaliyyət göstərirlər. Buna görə də həmin gənclərin öz ölkələrini, xalqlarını, dinlərini və mədəniyyətlərini necə tanıtmaları çox şeydən asılıdır. Digər ölkələrin insanları da məhz onların vasitəsilə həmin ölkələr və xalqlar haqqında məlumat əldə edirlər. Yəni, ümumilikdə, bu cür konsensusların və dialoqların əhəmiyyəti böyükdür. Onlar həm Azərbaycanın gələcəkdə daha geniş tanıdılması, həm ölkəmizin gələcəyinin təmin olunması, həm də sülh müqavilələrinin bağlanması baxımından mühüm əhəmiyyət daşıyır.

Ekspert qeyd edib ki, Prezidentin bugünkü çıxışları geniş əhatəli çıxışlardır. Bu çıxışların geniş məzmunu ondan ibarətdir ki, Prezident hər zaman milli maraqlardan, xalqının və ölkəsinin mənafelərindən çıxış edir. Təbii ki, hər hansı bir ölkənin daxili siyasətinə müdaxilə edilməsi düzgün qəbul olunmur. Əlavə etmək lazımdır ki, Azərbaycan multikultural dövlətdir. Ölkəmizdə müxtəlif dinlərə, irqlərə və mədəniyyətlərə mənsub insanlar yaşayırlar. Onlar ayrı-ayrı xalqları təmsil edirlər. Bu da Azərbaycanın çox güclü multikultural ənənələrə malik olduğunu göstərir. Azərbaycanda bütün dinlərə və mədəniyyətlərə hörmətlə yanaşılır. Bu, ölkəmizin dünyada müasir və multikultural dövlət modeli formalaşdırdığını göstərir. Burada həm Azərbaycanın tarixi keçmişindən, həm də bugünkü müstəqil Azərbaycan dövlətindən söhbət gedir. Bu da o deməkdir ki, Azərbaycan hər zaman mədəni, dini, iqtisadi və siyasi baxımdan özünü beynəlxalq platformalarda ən yüksək səviyyədə təqdim etməyə çalışır. Ölkəmiz xalqlar arasında konsensusun formalaşması və müharibədən sonrakı dövrdə sülhün bərqərar olması üçün çalışan dövlətlərdən biridir. Bu gün görürük ki, Azərbaycan müxtəlif siyasi və iqtisadi platformalara ev sahibliyi edir. Bu, ölkəmiz üçün çox vacibdir. Çünki belə tədbirlər Azərbaycanın həm beynəlxalq nüfuzunun artırılması, həm də milli maraqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31