Səfirliklərin tədbirlərində sosial şəbəkələrdə səs-küy yaradan bloqerlərə üstünlük verilir-Özəl
11:30 Siyasət"Niyə bizi deyil, professor Zahid Məmmədovu dəvət edirsiniz?"
"Təəssüf ki, bəzi səfirliklər tədbirlərə dəvət edəcəkləri şəxsləri seçərkən əvvəlcə onların elmi fəaliyyətini, intellektual səviyyəsini və cəmiyyətə verdikləri töhfəni araşdırmırlar. Çox vaxt seçim meyarı səs-küy, sosial şəbəkələrdə görünürlük və şəxsi münasibətlər olur". Bunu "Olaylar"a açıqlamasında iqtisadşı alim, professor Zahid Məmmədov deyib: "Bir dəfə məni Fransaya mühazirə oxumağa dəvət etmişdilər. Həmin vaxt rektorlardan biri səfirliyə zəng edərək soruşmuşdu: "Niyə bizi deyil, professor Zahid Məmmədovu dəvət edirsiniz?" Səfirliyin cavabı isə belə olmuşdu: "Biz tədbirə alim dəvət edirik. Yeyib-içmək olanda sizə xəbər verərik".
Bu cavabın arxasında əslində çox ciddi bir həqiqət dayanır: alimlə tədbir iştirakçısı arasında fərq var. Alimi biliyinə, elmi nüfuzuna, araşdırmalarına və fikirlərinə görə dəvət edərlər. Tədbirdə iştirak etmək üçün isə başqa meyarlar da işə düşə bilər.
Etiraf edim ki, mən də dəfələrlə bəzi tədbirlərə dəvətlərdən imtina etmişəm. Çünki mənim üçün əsas məsələ harasa çağırılmaq, şəkil çəkdirmək, süfrə arxasında görünmək deyil. Əsas məsələ fikir söyləmək, bilik bölüşmək, ölkəni və elmi layiqincə təmsil etməkdir.
Təəssüf ki, bəzi səfirliklərin tədbirlərində sosial şəbəkələrdə səs-küy yaradan bloqerlərə, hətta partiya sədrlərinə xüsusi yer verildiyi halda, elmi fəaliyyəti, beynəlxalq nəşrləri və akademik mövqeyi olan alimlər bəzən diqqətdən kənarda qalırlar. Halbuki bloqerin də, jurnalistin də, siyasətçinin də öz yeri var. Ancaq alim dəvət edilirsə, onun elmi çəkisi və peşəkar fəaliyyəti əsas götürülməlidir.
Mən bloqerlərin tədbirlərə dəvət edilməsinə qarşı deyiləm. Sadəcə, hər kəs öz sahəsində qiymətləndirilməlidir. Səfirliklər elmi tədbir keçirirlərsə, alimləri; media tədbiri təşkil edirlərsə, jurnalistləri; ictimaiyyətlə görüş keçirirlərsə, müvafiq sahənin nümayəndələrini dəvət etməlidirlər.
Diplomatiya təkcə bayram tədbirləri, ziyafətlər və fotoşəkillər deyil. Diplomatiya həm də intellektual münasibətlər, elmi əməkdaşlıq və ölkələr arasında bilik körpüləri qurmaqdır.
Odur ki, hansısa səfirliyin tədbirinə dəvət edilməmək mənim üçün nə faciədir, nə də narahatlıq mənbəyi. İnsanın dəyərini aldığı dəvətlərin sayı deyil, gördüyü işlərin çəkisi müəyyən edir".