Paşinyan manipulyasiya edir -İlyas Hüseynov- ÖZƏL
27 Fevral 16:42 SiyasətBaş nazir Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında sülh sazişinin iki bəndinin hələ də razılaşdırılmadığını bildirib. Paşinyanın sözlərinə görə, razılaşdırılmayan bəndlərdən biri tərəflərin sərhəddə avropalı müşahidəçilərin yerləşdirilməsi məsələsi ilə bağlıdır. Digəri isə "Bakının İrəvanın kommunikasiyaların açılması təklifinə də müsbət cavab verməməsi"dir.
Paşinyan Rəsmi Bakının silahların qarşılıqlı nəzarəti və yoxlanılması mexanizminin yaradılması ilə bağlı İrəvanın təklifini cavabsız qoyduğunu da iddia edib. Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib. Politoloq Ermənistanın öz məqsədlərini kənar geosiyasi mərkəzlərin diqqətinə çatdırmaq üçün bu cür manipulyasiyalardan istifadə etdiyini qeyd edib:
"Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsinin hazırlanması və onun imzalanması ilə bağlı həyata keçirilən bütün fəaliyyəti təkzib edən fikirlər səsləndirib. Belə ki, bu günə qədər bizə məlum idi ki, 17 maddəlik sülh müqaviləsinin 15 maddəsi razılaşdırılıb, digər iki maddə danışıqlar mövzusudur. Onlardan biri Azərbaycan və Ermənistan sərhədində üçüncü dövlətin qüvvələrinin geri çəkilməsi məsələsidir. Bu da birbaşa olaraq Avropa İttifaqının mülki missiyasının Ermənistan ərazisində olması ilə bağlıdır. Digər məsələ isə Azərbaycan və Ermənistanın Beynəlxalq Məhkəmə meydançalarında bir-birinə qarşı iddialar qaldırmaması, vəsatətlər tələb etməməsi ilə bağlıdır. Amma belə görünür ki, Nikol Paşinyan ictimai rəyi çaşdırmaq üçün beynəlxalq təşkilatlar və məhkəmələr kontekstində qarşılıqlı müraciətlərin qarşısının alınması məsələsinin əvəzinə Bakının İrəvanın kommunikasiyaların açılması ilə bağlı təklifini qəbul etməməsi məsələsini irəli sürür. Bu hesab edirəm ki, çox yanlışdır. Digər tərəfdən, Azərbaycan kommunikasiya xətlərinin açılması məsələsini Ermənistanla birlikdə sülh müqaviləsindən kənara çıxarıb və əsas məqsəd sülh müqaviləsini imzalamaqdır. Azərbaycanın digər tələbləri də vardır. Bu tələblər Ermənistan Konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlıdır. Sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də kommunikasiya xətlərinin açılması ilə bağlı məsələlər paralel olaraq müzakirə olunur, müxtəlif görüşlər keçirilir. Amma bu məsələni hazırda qlobal bir problem kimi ortaya atmaq tamamilə yolverilməzdir və digər tərəfdən silahların qarşılıqlı nəzarəti və yoxlanılması mexanizmlərinin yaradılması haqqında fikrin ortaya atılması da erməni xislətindən irəli gələn bir məsələdir. Çünki Ermənistan sürətlə silahlanır və hansısa bir formada kənar geosiyasi mərkəzlərin diqqətinə çatdırmaq üçün bu cür manipulyasiyalardan istifadə edir".
Zeynəb Mustafazadə