Təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb olunması haqq işidir - Rəsmi Bakı

Təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb olunması siyasi manipulyasiya ilə xələl gətirilə bilinməyəcək qədər haqq işidir.

Olaylar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanda erməni məhbusların və müharibə cinayətlərində ittiham olunan şəxslərin məhkəmə prosesi ilə bağlı əsassız bəyanatına dair şərhində deyilir.

"Azərbaycandan fərqli olaraq, Ermənistan nə azərbaycanlı hərbi əsirlərə və həbs edilmiş mülki şəxslərə qarşı ləyaqəti alçaldan rəftar halları ilə bağlı heç bir araşdırma başlatmayıb, nə də itkin düşmüş 4000 azərbaycanlının yeri barədə məlumatların verilməsində əməkdaşlıq edib.

Şahidlərə və çoxsaylı faktlara əsasən, beynəlxalq humanitar hüquq, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları kobud şəkildə pozularaq, bütün azərbaycanlı hərbi əsirlərə işgəncə verilib, onlar pis rəftara məruz qalıb, ləyaqəti alçaldan şəraitdə saxlanılıblar.

Görünən odur ki, Ermənistan tərəfindən belə bir bəyanatın verilməsi, bu ölkənin siyasi rəhbərliyinin bir zamanlar Azərbaycana qarşı təcavüz aktı və siyasətini davam etdirmək naminə bütün vasitələrlə açıq şəkildə dəstəklədikləri şəxslərin hazırda müharibə cinayətləri törətməkdə ittiham olunması ilə əlaqədar davam edən məhkəmə prosesi ilə bağlı nə qədər narahat olduqlarını nümayiş etdirir.

Ermənistanın işğalçı və təcavüzkar ölkə kimi dövlət məsuliyyəti və bir sıra qanunsuz əməlləri danılması mümkün olmayan faktdır. Beləliklə, bu əməllərdə təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb olunması siyasi manipulyasiya ilə xələl gətirilə bilinməyəcək qədər haqq işidir", - o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31