Oxumuruq, amma danışırıq

Dünyanın dəyişən dinamikası, texnologiyanın inkişafı və informasiya bolluğu insanlara bilik əldə etmək üçün saysız-hesabsız imkanlar yaradır. Amma bu imkanların əlçatan olması ilə paralel olaraq, bilik səviyyəsinin yüksələcəyini gözləmək bəzən sadəlövhlük olur. Çünki informasiyaya çıxış oxumaq vərdişini formalaşdırmır. O, sadəcə əldə etmək imkanı yaradır.

Bugünkü cəmiyyətimizin ən böyük paradokslarından biri də məhz budur: Çox danışırıq, amma az oxuyuruq. Hər mövzuya aid fikrimiz var, hər məsələyə reaksiya verməyə hazırıq, hər diskussiyada iştirak etməyə can atırıq. Amma bu diskussiyaların nə qədərinin dərin biliyə, araşdırmaya və ya mənbəyə söykəndiyini soruşanda, adətən cavablar ümumi olur: "Belə eşitmişəm", "Fikrimi bildirirəm", "Hamı belə deyir".

Oxumaq və düşünmək bir xalqın inkişafının əsas şərtlərindən biridir. Tarixə nəzər salsaq, elmi və mədəni yüksəliş dövrləri ilə kitaba, ədəbiyyata, fəlsəfəyə olan marağın artdığı zamanların üst-üstə düşdüyünü görərik. Renessans dövrünü götürək: Avropada incəsənət və elmin intibahı məhz kitablara çıxışın asanlaşması ilə başladı. Maarifçiliyin çiçəkləndiyi dövrlərdə isə oxumaq sadəcə bir məşğuliyyət deyil, düşüncə və azadlığın açarı kimi qəbul edilirdi.

Kitab dükanları hələ də böyük ticarət mərkəzlərinin ən sakit, ən az ziyarət edilən guşələri olaraq qalır. Oxuma vərdişi isə əsasən sosial media paylaşımları ilə məhdudlaşır. Qısa sitatlar, kəsik-küsük fikirlər, kontekstdən qoparılan cümlələr - müasir dövrün "oxumaq" anlayışı bunlarla əvəz olunub.

Təsəvvür edək ki, biri bir fikri ortaya atır. Məsələn, süni intellektin gələcəkdə iş yerlərini əvəzləyəcəyini iddia edir. Cəmiyyətdə bu barədə dərhal müzakirə başlayır. Hərə öz arqumentini gətirir: "Bəli, süni intellekt dünyanı ələ keçirəcək!", "Xeyr, insan beyni əvəzolunmazdır!". Amma bir az dərinə gedəndə, bu fikirlərin hansısa elmi mənbəyə və ya ciddi araşdırmaya əsaslandığını görmək çətindir. Çünki çoxumuz mövzu haqqında oxumamışıq, sadəcə eşitdiklərimizi danışırıq.

İnternet və sosial media dövründə yaşadığımız üçün hər kəsin əlində saysız-hesabsız informasiya var. Amma informasiya ilə bilik eyni şey deyil. Məlumat sadəcə xam faktlardır, bilik isə onların işlənmiş, analiz edilmiş və düşüncə süzgəcindən keçirilmiş formasıdır.

Məsələn, biz hər gün xəbər başlıqları görürük: iqtisadi böhran, iqlim dəyişikliyi, siyasi münaqişələr... Amma bu başlıqları görmək bizə yetərli bilik qazandırmır. Mövzunun dərinliyinə varmaq üçün araşdırmaq, oxumaq, müqayisə etmək lazımdır. Əks halda, biz sadəcə başlıqları danışıb, məzmunu anlamayan insanlara çevrilirik.

Maraqlıdır ki, əksəriyyət oxumağı sevmədiyini açıq şəkildə etiraf edir. Bəs niyə?

İnsanlar ilk olaraq kitab oxumaq üçün vaxtlarının olmadığını iddia edirlər. Halbuki sosial mediada saatlarla zaman keçirmək artıq normaya çevrilib. Həmçinin uşaqlıqdan oxumaq vərdişi aşılanmayıbsa, yetkinlik yaşında bunu özbaşına qazanmaq çətin olur. Nəzərə alaq ki, müasir dövrdə insanlar hər şeyi sürətli əldə etməyə alışıb. Oxumaq isə səbir və diqqət tələb edir. Bunlarla yanaşı hazır fikirləri götürmək, başqalarının dediklərini təkrarlamaq daha asandır. Çünki bu zaman insan öz beynini işə salmadan danışa bilər.

Oxumaq təkcə bilik qazanmaq deyil, həm də düşüncə tərzini inkişaf etdirməkdir. İnsan oxuduqca daha az qərəzli olur, daha çox empatiya hissi inkişaf edir, müxtəlif baxış bucaqlarını anlamağa başlayır. Amma oxumayan cəmiyyətlərdə nə baş verir?

• Manipulyasiyaya açıq oluruq. Çünki bir şeyi araşdırmadan, olduğu kimi qəbul edirik.

• Öz fikrimiz formalaşmır. Çünki başqalarının dediklərini təkrarlamaq daha asan gəlir.

• Müzakirələr səthi olur. Çünki arqumentlər dərin biliyə deyil, eşitdiklərimizə əsaslanır.

• Tənqidi düşüncə zəifləyir. Çünki oxumaq, müqayisə etmək, analiz etmək vərdişimiz olmur.

Niyə danışırıq, amma oxumuruq? Cavab aydındır: Çünki danışmaq daha asandır, daha az enerji tələb edir, sosial təsdiq qazanmaq üçün daha tez nəticə verir. Amma bunun cəmiyyət üçün gətirdiyi nəticələr ağırdır.

Oxumaq sadəcə hobbi deyil. Bu, düşüncə sistemimizi formalaşdıran, bizi daha ağıllı, daha rasional, daha dərin edən bir prosesdir. Oxumağı bir vərdiş halına gətirmək üçün xüsusi bir istedada ehtiyac yoxdur. Sadəcə, başlamaq və davam etdirmək kifayətdir. Çünki oxuyan insan sadəcə danışmır. O, fikirləşir. Və fikirləşən insan heç vaxt manipulyasiya edilə bilən bir kütlənin parçası olmur.

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31