Fevralın 28-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində Dünya Bankının ölkəmizin də daxil olduğu seçki qrupu üzrə yeni təyin olunmuş İcraçı direktoru xanım Beatris Meyzer ilə görüş keçirilib.
Olaylar.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, maliyyə naziri Sahil Babayev ölkəmizin Dünya Bankı ilə əməkdaşlığından məmnunluğunu ifadə edib, Azərbaycan hökumətinin bu əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib.
Uzun illər ərzində Dünya Bankı ilə əməkdaşlıqdan ölkəmizin faydalandığı, müxtəlif sahələr üzrə maliyyələşdirilən layihələrin, göstərilən texniki yardımların ölkəmizin sosial iqtisadi inkişafına böyük töhfə verdiyi qeyd olunub.
Görüş zamanı ölkəmizlə Bank arasında Azərbaycan üçün prioritet sahələr üzrə müəyyən olunmuş istiqamətlərdə mövcud və icrasına başlanılacaq layihələr nəzərdən keçirilib.
S.Babayev xanım Beatris Meyzeri yeni təyinatı münasibətilə təbrik edərək fəaliyyətində ona uğurlar arzulayıb, əvvəlki İcraçı direktorlar kimi Bankla Azərbaycan arasında tərəfdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib.