İşğala görə təzminat: Pul, yoxsa torpaq?– ÖZƏL

"İşğal dövründə Ermənistan tərəfindən ölkəmizə külli miqdarda ziyan vurulduğu faktdır. Bu fakt işğaldan azad olunmuş ərazilərə səfər edən beynəlxaq ekspertlər tərəfindən də təsdiqlənir. Ziyan dedikdə həm dağıdılmış, viran qoyulmuş infrastruktur, yaşayış məskənləri, talan edilmiş təbii sərvətlər, həm də torpaqlarımızın işğal altında qalması səbəbilə sosial, sosial-iqtisadi sahəyə vurulan zərər nəzərdə tutulur. 
Bütün bunlarla bağlı təbii ki, Azərbaycanın Beynəlxaq Məhkəmələrə müraciət etmək və təzminat tələb etmək hüququ var və bu istiqamətdə də müəyyən fəaliyyət də həyata keçirilir".

Bu fikirləri siyasi şərhçi Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:

"Artıq bəzi ərazilərdə beynəlxaq ekspert dəyərləndirilmələri də aparılıb. Beynəlxalq hüquqa görə, təcavüzkar, təcavüzə məruz qalmış dövlətə vurduğu zərərin tam həcmində təzminat ödəməlidir.
Bu gün ilkin hesablamalara görə dəymiş ziyanın dəyəri yüz milyardlarla ölçülür və təbii ki, Ermənistanın belə bir məbləği ödəmək imkanları yoxdur. Ermənistan Mərkəzi Bankının məlumatına görə, ölkənin valyuta ehtiyatları cəmi 3,5 milyard dollardır ki, bu məbləğin də bir hissəsi xarici öhdəliklərə bağlıdır. Odur ki, Azərbaycanın beynəlxaq təcrübəyə uyğun olaraq maddi təzminat yerinə torpaq tələb etmək hüququ var. 
Belə ki, dünya tarixində də baş vermiş müharibələrdən sonra kompensasiya, reparasiya və digər təzminat növləri ilə bağlı müxtəlif təcrübələr olub. Məsələn, İkinci İkinci Dünya Müharibəsindən sonra Almaniya və müttəfiqlərinin üzərinə reparasiya yükü qoyulub. Fransa kömür yataqlarından istifadə etmək niyyəti ilə 1947-1956-cı illərdə Saar protektoratına nəzarəti üzərinə götürüb. Hollandiya 1949-cu ildə təxminən 69 kvadratkilometr alman ərazisini özünə birləşdirib. Həmin torpaqlar yalnız 1960-cı ildə, yəni, Qərbi Almaniyanın Hollandiyaya 280 milyon alman markası ödəməyi qəbul etdikdən sonra torpaqlar geri qaytarılıb. 
Odur ki, Ermənistan da ya müvafiq ziyanı ödəməli ya da İkinci Dünya Müharibəsində Almaniyada olduğu kimi, torpaqlarının bir hissəsini Azərbaycana təzminat formasında verməlidir. Konkret hansı əraziyə gəldikdə isə bu müzakirə edilə bilər. Təbii ki, bizim üçün ən məqbulu tarixi Azərbaycan torpağı sayılan Qərbi Zəngəzurun geri qaytarılması olardı. Bu torpaqların geri qayıtması həm Naxçıvanı Azərbaycanın digər əraziləri ilə birləşdirmək, həm də ümumilikdə Türk dünyasının birliyi baxımından mühüm əhəmiyyət daşıyır".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31