Geosiyasət və təzminat: Trampın siyasəti və Ermənistanın mümkün öhdəlikləri- ÖZƏL
27 Fevral 16:19 SiyasətABŞ Prezidenti Donald Trampın Ukraynaya yardım müqabilində Kiyevdən mineral ehtiyatlarını istəməsi dünya siyasi sistemində daşları tərpədib. Hətta bəzi ekspertlər ABŞ-ın Ukraynadan yardım qarşılığında ərazi tələb etməsinin mümkünlüyü haqda fikir yürüdürlər.
Analoji versiya Azərbaycan-Ermənistan münasibətlərinə də şamil olunur. Belə ki, rəsmi İrəvanın işğal müddətində vurduğu zərərə görə maddi təzminat ödəməli olduğu bildirilir. Təzminat ödəyə bilməyəcəyi təqdirdə bunu ərazi ilə əvəz etməsinə diqqət çəkilir. Mövzu ilə bağlı politoloq Elşad Həsənov Olaylar.az-a açıqlama verib. Politoloq Trampın dünya üzərindəki siyasətinin biznesmen düşüncələri olduğunu qeyd edib.
"Tramp hakimiyyətə gələndən sonra dünya nizamı yenidən qurulmağa yönəlib. Bu yeni bir geostrateji hədəflər vurğulayır. Tramp gələn kimi Kanadanı Amerikaya birləşmək istəyir, Qrellandiyanı Amerikaya birləşdirmək istəyir, Qəzzada fələstinliləri çıxardıb, orda böyük, gözəl binalar tikib istirahət guşəsi yaratmaq istəyir. Bunlar onun biznesmen düşüncəsidir. Ancaq dünyanın beynəlxalq sistemi var, beynəlxalq hüquq var. Bütün bunlara isə beynəlxalq hüquq "yox" deyir. Rusiya- Ukrayna müharibəsində məsələ qaldırıb ki, Amerikanın Ukraynaya göndərdiyi yardımlar qaytarılmalıdır. Bu yardımlar 350 milyard dollar göstərir. Bu siyasət də çox uzun çəkməz. Çünki Trampın apardığı bu siyasəti artıq dünya ictimaiyyəti qəbul eləmir. Eyni zamanda ABŞ-də də ona qarşı ciddi etirazlar var".
Politoloq bildirib ki, o ki qaldı Ermənistana, o Azərbaycana təzminatı qədim torpaqların qaytarılması ilə ödəməlidir.
"Ermənistan Azərbaycan torpaqlarının 20 faizini 30 il işğal altında saxlayıb, darmadağın etdi, evləri, binaları, hər şeyi məhv etdi və təqribən 100 milyard dollardan artıq Azərbaycana ziyan dəyib. Bütün bunlar da sənədləşdirilib. Ermənistan bu təzminatı ödəməlidir. Bu təzminatı təbii ki, Ermənistanın bu saat elə imkanı yoxdur və bunu ancaq Azərbaycanın qədim, əbədi torpaqlarını, yəni azərbaycanlıların yaşadığı torpaqları qaytararaq edə bilərlər. İlk növbədə isə hesab edirəm ki, bu yer Zəngəzur dəhlizi, yəni keçmiş Meğri rayonu, Nüvədi kəndi, yəni o ərazinin hamısı və digər ərazilər hansıki orda qədim azərbaycanlılar yaşayırlar, Sevan gölünün ətrafını Azərbaycan təzminat müqabilində ala bilər. Əgər bu məsələlər davam etsə, hesab edirəm ki, ermənilərin bununla razılaşmaqdan savayı əlacları qalmayacaq. Çünki 100 milyard dollar təzminat ödəmək halında deyillər. Ona görə də biz təbii ki, bu məsələləri diplomatik yolla qaldırmalıyıq. Beləliklə gələcəkdə bizim qaçqın bacı, qardaşlarımız, Ermənistandan köçənlər, Qərbi Azərbaycan icması üzvləri öz torpaqlarına qayıdacaqlar".
Zeynəb Mustafazadə