Efir mədəniyyət(siz)liyi, yoxsa “xalq belə istəyir?”
28 Fevral 19:50 SosialVulqar kəlmələr, gərəksiz səmimiyyət, məğzi boş olan söhbətlər, cəmiyyətə qatqısız qonaqlarla dolub daşan verilişlər - Bu gün Azərbaycan ekranının ən görünən hissəsi.
Sual verirəm, yoldan keçən, jurnalistika, efir və s. ilə heç bir əlaqəsi olmayan şəxsi verilişə aparıcı təyin etmək necə fikirdir? Əgər bu şəxslər jurnalistikanın birbaşa içində olmalarına rəğmən efir mədəniyyətinin nə olduğunu bilmirlərsə, daha nə? Vay o televiziyamızın halına. Söhbət təkcə aparıcıdan getmir. Təbii, çağırılan qonağın göstərdiyi davranış tamamilə onun əxlaqı, mədəniyyəti ilə bağlıdır. Hər hansı bir etik səhvə yol verildiyi zaman aparıcı bu yanlışı düzəltməlidir. Bizdə necədir? Əksər vaxt 2,3-cü şəxslər aparıcını gərəksiz söhbətlərdən yayındırmağa çalışır.
Həqiqətən gərəkli səviyyədə qınamıram, çünki izləyici kütləsi kifayət qədər artıqdır.
Əslində, efir cəmiyyətin aynası olmalıdır. Bizim tariximizi, dəyərlərimizi, düşüncə tərzimizi, estetik anlayışımızı əks etdirməlidir. Bu ayna artıq çoxdan tozlanıb. İndi televizorun düyməsini basanda ya əsəbiləşirsən, ya da başını tutub fikirləşirsən: Bu insanları niyə tanıyıram?
İllər öncə televiziyanın əsas məqsədi maarifləndirmək, tərbiyələndirmək, insanlara dəyərli informasiya vermək idi. İndi isə əsas məqsəd reytinq toplamaqdır. Reytinqin isə keyfiyyətlə heç bir əlaqəsi yoxdur - o, ancaq tamaşaçı sayına baxır. Buna görə də, ekranda yüksək səviyyəli debatlar, sənət, elm və ədəbiyyat yerinə, ən ucuz, ən səs-küylü mövzulara üstünlük verilir.
Tamaşaçının diqqətini saxlamaq üçün ucuz konfliktlər yaradılır, qonaqlar bir-biri ilə söz savaşına girir, hətta bəzən əlbəyaxa olur. Aparıcılar sanki moderator yox, odun üstünə benzin tökən fiqurlardır. Bir verilişin adını dəyiş, qonaqları başqaları ilə əvəz elə - məzmun eyni qalacaq. Çünki məqsəd maarifləndirmək yox, təəccübləndirməkdir. Tamaşaçı keyfiyyətə yox, qalmaqala aludə olur.
Bir zamanlar efir mədəniyyəti vardı - çıxış edənin danışıq tərzi, istifadə etdiyi sözlər, davranışı, hətta geyimi belə müəyyən çərçivədə olmalı idi. Amma indi? Televiziya artıq küçə leksikonunu efirə daşıyıb. Biz isə efir nümunə olmalıdır deyə bilirik. Ucuz sensasiya yaratmaq üçün efirə çağırılan şəxslərin əksəriyyəti nə sənətçidir, nə ziyalı, nə də hər hansı sahədə uğur qazanmış insanlar. Onlar sadəcə "baxımlıdırlar" - yəni insanlar onların qeyri-adi hərəkətlərinə güləcək, əsəbiləşəcək və paylaşacaq. Vəssalam!
Bayağı musiqilər, çeynənmiş şou-biznes qalmaqalları, mənasız həyat hekayələri o qədər normallaşıb ki, artıq bunu problem kimi görənlər azalıb. "Xalq belə istəyir" cümləsi hər dəfə efir mədəniyyətinin tənqidini boğmaq üçün işlədilir.
Hər dəfə bir qisim yerli kanallar tək sualı ortaya qoyur: Niyə efirimiz bu gün bu vəziyyətdədir? Axı bu ölkədə böyük alimlər, sənətkarlar, yazıçılar var. Niyə onların düşüncələrini bölüşdüyü verilişlər üstünlük təşkil etmir? Niyə ədəbiyyatımız, incəsənətimiz, tariximiz ikinci plana atılıb? Niyə sağlam diskussiyalar, maarifləndirici proqramlar azalıb? Yaxud nəyə görə bayağılığa maraq bu dərəcədə artıb?..
Efirə çıxan hər kəsə aparıcı və ya ekspert demək olmaz. Bəziləri nə danışığını bilirlər, nə də efir etikası haqda anlayışları var. İki cümləni ardıcıl və məntiqli qurmaq əvəzinə, ya qeyri-ciddi zarafatlarla verilişi səviyyəsizləşdirirlər, ya da əsəbi şəkildə söz savaşına girib normal müzakirəni davaya çevirirlər. Ölkənin ekranı sanki küçə mədəniyyətini canlı yayıma çıxarıb. Üstəlik, heç bir dəyərli fikir səsləndirə bilməyənlər özlərini "ekspert" adlandırmaqdan çəkinmirlər. Nəticədə, efirdə nə maarifləndirmək qalır, nə də mədəniyyət. Razılaşarsınız ki efirlərə çıxarılan ekspertlərin hansısa mövzulara bildirdiyi fikirlərin peşələri ilə uzaqdan yaxından əlaqəsi yoxdur. Həqiqi peşəkarlara yer ayırmaq əvəzinə, "reytinq gətirən" şəxslər önə çəkilir və televiziya getdikcə bayağı bir səhnəyə çevrilir.
Bu gün efirdə çıxan bəzi "aparıcılar"ın çıxışları sanki intellektual zövqümüzə qarşı açıq-aşkar bir təhqirdir. Özlərini dahi kimi təqdim edib reytinq üçün boş-boş, səthi sözlərlə dolu şoularda iştirak edən bu şəxslər, nə mədəniyyətimizi, nə də əxlaqi dəyərlərimizi əks etdirə bilir. Hər dəfə ekran qarşısında bu tip çıxışları izlədikdə, sanki müasir medianın intellektual zəhəri ilə doymağımız aydın olur - bu, sadəcə, reytinq uğrunda pərdə arxasında qaçan, dərinlik və məsuliyyətdən uzaq bir "aparıcılıq" nümunəsidir.
Azərbaycan televiziyası fərqli olmalıdır. O, sadəcə insanları əyləndirən deyil, düşündürən bir platforma olması ilə fərqlənməlidir. Uğurlu televiziya nümunələri dünyada kifayət qədərdir. İctimai maraqları qoruyan tolk-şoular, intellektual proqramlar, sənədli filmlər, dərin təhlillər aparan diskussiyalar - bunlar bir televiziyanı səviyyəli edən elementlərdir. Televiziya tamaşaçının zövqünü formalaşdırmalıdır, onun bayağılaşmasına xidmət etməməlidir.
Sualın cavabı sadədir: tamaşaçı keyfiyyət tələb etməlidir. Bayağı verilişlərə baxmamaq, sosial şəbəkələrdə keyfiyyətsiz kontenti paylaşmamaq, daha dəyərli proqramları izləyərək onlara dəstək vermək lazımdır. Əks halda, televiziyamız bayağılıq bataqlığında çabalamağa davam edəcək.
İndi qərar bizimdir: efir bizə nə göstərsin? Dərin müzakirələr, intellektual söhbətlər, mədəniyyət və sənət, yoxsa boş-boş danışanların şousu? Cavabınızı sanki eşitdim..
Zeynəb Rzayeva