Qvineya-Bisaunun Azərbaycandan örnək ala biləcəyi şeylər var
16:52 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev fevralın 27-də Qvineya-Bisau Prezidenti Umaru Sisokunu qəbul edib. Liderlər arasında təkbətək görüş baş tutub. Son zamanlar Afrika ölkələrinin dövlət və hökumət başçılarının ölkəyə səfərlərinin sıxlaşması diqqət çəkir. Fevralın 11-də də Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud Azərbaycana rəsmi səfərə gəlmişdi.
Prinsip etibarilə Qvineya-Bisau bizim üçün uzaq, müəyyən mənada məlumatımızın az olduğu ölkədir. Lakin rəsmi Bakı digər Afrika ölkələri kimi Qvineya-Bisau ilə də əməkdaşlıqda maraqlı olduğu mesajını verir.
Hər iki dövləti yaxınlaşdıran bir sıra faktorlar var:
Birincisi, Azərbaycan bir çox Avropa ölkəsindən fərqli olaraq Afrika regionuna geri qalmış ya da əhəmiyyətsiz baxışı sərgiləmir. Əksinə, bütövlükdə qitənin, ayrılıqda isə spesifik Afrika ölkələrinin rolunu, yarada biləcəkləri iqtisadi və siyasi dividentləri dərk edir. Bundan başqa İlham Əliyevin Afrika liderlərinə sərgilədiyi mövqe və ehtiram da digər Avropa və ya inkişaf etmiş ölkə rəhbərlərindən fərqlənmir. Bu da öz növbəsində ölkəmiz üçün yeni dostluqlar və əməkdaşlıqlar qapısını açır.
İkincisi, Azərbaycan siyasi və iqtisadi baxımdan sabit ölkədir. Bu, Qərb üçün birmənalı olmasa da, Afrika ölkələrinə görə ciddi örnəkdir. Əslində Qvineya-Bisaunu da bizə yaxınlaşdıran məqam məhz sabitlik, iqtisadi inkişaf faktorudur. Misal üçün 2022-ci ildə Qvineya-Bisau Respublikasının paytaxtı Bissauda dövlət çevrilişinə cəhd olmuşdu.
Üçüncüsü, Qvineya-Bisaunun Azərbaycandan örnək ala biləcəyi şeylər var. Məsələn, Umaru Sisoku Embalo mətbuata açıqlamasında Azərbaycanın polis və hərbi məktəblərində təlim keçmək üçün ölkəsindən ilk heyətin gələcəyini bildirdi. Bundan başqa o, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi naziri Vüqar Mustafayevlə birlikdə ordumuzun komando hərbi hissələrindən birini ziyarət edib. Digər maraqlı detal isə rəsmi səfər çərçivəsində Umaru Sisoku Embalonun "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olmasıdır. Təkcə bu üç detal belə onu deməyə əsas verir ki, Qvineya-Bisau Azərbaycan təcrübəsindən, uğurlu modellərindən faydalana bilər.
Dördüncüsü, Qvineya-Bisaunun prezidenti mətbuata çıxışı zamanı bildirib ki, Sovet İttifaqı vaxtlarında ölkəsinin bir çox texniki heyət üzvləri Azərbaycanda təhsil alıb. Həqiqətən də ölkəmiz SSRİ dövründə həm cənub-şərqi Asiya, həm Amerika, həm də Afrika regionlarından olan tələbələrin təhsil üçün axın etdiyi başlıca məkan idi. Bunun bərpasına ehtiyac var. Hətta Qarabağ universitetini seçəcək afrikalı tələbələrə daha geniş imkanlar yaradıla bilər.
Beşincisi, Qvineya-Bisaunu Azərbaycana yaxınlaşdıran ən önəmli məsələ son illərdə artan beynəlxalq nüfuzumuzdur. Faktiki olaraq beynəlxalq təzyiqlər və maneələrə baxmayaraq, müharibə yolu ilə də olsa, Qarabağ münaqişəsini həll etdik. Bundan başqa ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrlik və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi də mühüm əhəmiyyət kəsb edir.
Turan Rzayev
Politoloq