Politoloq: "Delimitasiya prosesi yekunlaşdıqdan sonra gərginlik gözlənilmir" – ÖZƏL

"Tavuşda delimitasiya 1978-ci il sərhədi boyunca davam edəcək. 1978-ci il xəritəsində 1976-cı illə müqayisədə Ermənistan SSR bir neçə kvadrat kilometr ərazi itirib."

Bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.

Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib. Politoloq sərhədlərin müəyyənləşdirilməsi prosesində mütləq tarixi xəritələrə baxılmalı olduğunu bildirib:

"Bu məsələ bir müddət ciddi problemə çevrilib. Tərəflər sərhədlərin delimitasiya və demarkasiyasına  1991-ci  il Almatı Bəyannaməsi üzrə razı oldular. Bəzi məqamlar var ki,    Tavuşdakı sərhədlər 1991-ci il sərhədləri ilə təyin edilə bilməz. Çünki orda anklav və eksklav məsələləri də var idi. Ona görə sərhədlər 1976 və 1978-ci il xəritələrinə istinad edildi və o xəritələrə baxıldı. Ümumi prinsip belədir: Sərhəddə Gürcüstandan İrana qədər, 1991-ci il Almatı Bəyannaməsində göstərildiyi kimi   delimitasiya və demarkasiya işləri aparılır. Mübahisəli məsələ yaranarsa, tarixi xəritələrə baxılır və o tarixi xəritələr əsasında məsələ həll edilir. Delimitasiya ilə bağlı qəbul edilmiş razılaşmada bu bənd də var ki, mübahisəli məqamlarda tarixi sənədlərə istinad edilə bilər. Əslində burada təəccüblü bir şey yoxdur, 1991-ci ildəki sərhədləri təyin etmək elə də asan deyil. Nəzərə almaq lazımdır ki, 30 ildir  həmin sərhədlər, ərazilər işğal altında idi və təbii olaraq 30 il ərzində geoloji vəziyyəti dəyişmiş ola bilər və ya Ermənistan əraziləri dağıntılara məruz qoyduğu üçün bütün hallarda relyef dəyişibdir və mütləq tarixi sərhədlərə xəritələrə baxmaq lazımdır. O ki qaldı Ermənistanın ərazi itkisinə, mən bu ifadəni düz hesab etmirəm. Qeyd olunan 5,8 kvadrat kilometr ərazi itirilməyib. Vaxtında Azərbaycandan verilən ərazilərdir, çoxusu da icarə əsaslı, otlaq sahələridir. Ermənistana verilib, indi geri qaytarılır. Burada qeyri-adi bir şey yoxdur. Hər iki ölkə də əslində şifahi də olsa, bir-birinin beynəlxalq hüquqla tanınan ərazilərini tanıdıqlarını bildiriblər. Belə olan təqdirdə biz Ermənistanın  beynəlxalq hüquqda tanınan ərazilərindən pay qoparmış kimi çıxırıq. Bu, doğru ifadə deyil və əsaslandırmaq lazımdır. Mən burada hansısa bir ərazi itkisindən söhbət getdiyini düşünmürəm. Sərhədlər təyin olunduğu xəritələr və lazım gələrsə tarixi xəritələrə istinadən delimitasiya demarkasiya prosesi davam etməkdədir.
Delimitasiya demarkasiyadan sonra gərginliyin delimitasiya ilə bağlı olacağını düşünmürəm. Çünki proses yekunlaşandan sonra yekun sülh müqaviləsində bu məsələ də öz əksini tapacaqdır. Bu prosesi bitirsə  hər iki tərəf də buna razılıq verir və bunu dəyişməz surətdə qəbul edirlər. Əgər bundan sonra hansısa bir gərginlik olarsa və tərəflərdən biri digərinin ərazisinə müdaxilə edərsə, bu, faktiki olaraq işğal faktorudur və bunun  heç bir halda beynəlxalq hüquqda yeri yoxdur. Yəni bu açıq şəkildə qanun pozuntusudur. 
Misal üçün, 1991-ci ildə SSRİ- dən çıxarkən Azərbaycan Ermənistan Almatı Bəyannaməsindəki ərazilərini tanımışdı. Amma, Ermənistan daha sonra Azərbaycan ərazilərini işğal edərək 1991-ci  il Almatı bəyannaməsini pozdu və faktiki olaraq dörd BMT qətnaməsində də işğal faktoru tanındı. Bu proses təkrarlana da bilər. Amma Ermənistanın bundan sonra Azərbaycana qarşı bu və ya başqa formada işğala cəhd etməsi inandırıcı gəlmir. Təxribatlara gəldikdə isə gələcəkdə təxribat nə ola bilər? Məsələn, Zəngəzur dəhlizi açılar. Burada Ermənistan tərəfinin təxribatları ola bilər. Amma bunun xaricində delimitasiya prosesindən sonra hansısa bir təxribatın olacağını düşünmürəm".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31