Bakıda münasib kirayə mənzil tapmaq çətinləşir: Tələbələr üçün çıxış yolu nədir?

Yeni tədris ilinin başlamasına sayılı günlər qalır. Bir tərəfdən universitetə qəbul sevinci yaşayan, digər tərəfdən isə yeni həyat mərhələsinə hazırlaşan minlərlə gənc üçün sentyabr ayı yalnız dərslərin başlanması demək deyil. Xüsusilə bölgələrdən Bakıya təhsil almaq üçün gələn tələbələr üçün universitet seçimi və qəbul prosesi ilə yanaşı, paytaxtda harada və hansı şəraitdə yaşayacaqları məsələsi də ciddi qayğıya çevrilir. Çünki tələbənin Bakıda təhsil alması üçün yalnız universitetə qəbul olması kifayət etmir. Onun qarşısında yol xərclərindən, gündəlik tələbatlardan tutmuş, ən böyük xərc maddələrindən biri olan yaşayış məsələsinə qədər bir sıra əlavə problemlər dayanır. Bu baxımdan hər il olduğu kimi, yeni tədris ili ərəfəsində Bakının kirayə mənzil bazarında da hərəkətlilik artır. Avqustun sonu və sentyabrın əvvəlləri şəhərdə mənzil axtaranların sayının çoxaldığı, xüsusilə universitetlərin yerləşdiyi ərazilərdə kirayə mənzillərə marağın yüksəldiyi dövr kimi diqqət çəkir. Tələbələrin paytaxta axını ilə birlikdə aylarla sakit qalan bəzi elanların daha sürətlə dəyişməsi, mənzil axtaranların seçim imkanlarının daralması və kirayə bazarında rəqabətin artması məsələsi yenidən gündəmə gəlir. Bu dövr bir çox tələbə və onların ailələri üçün sözün əsl mənasında mənzil axtarışının ən gərgin mərhələsinə çevrilir. Məsələ yalnız mənzilin tapılması ilə də bitmir. Tələbə üçün kirayə ev seçərkən bir neçə amil eyni anda nəzərə alınmalıdır. Universitetə yaxınlıq, ictimai nəqliyyata çıxış, ərazinin təhlükəsizliyi, mənzilin yerləşdiyi binanın və ətrafın vəziyyəti, otaqların sayı, evdə yaşayan insanların sayı, kommunal xərclər, mənzilin əşyalarla təmin olunması və ən əsası, aylıq ödənişin ailənin büdcəsinə uyğunluğu seçim prosesini kifayət qədər mürəkkəbləşdirir. Bir tələbənin öz büdcəsi ilə bütün bu tələblərə cavab verən mənzil tapması çətinləşdikcə, bir neçə tələbənin birləşərək eyni mənzildə yaşaması variantı da gündəmə gəlir. Lakin tələbə mənzili axtarışı sıradan kirayəçi axtarışından müəyyən mənada fərqlənir. Burada mənzil sahibinin kirayəçiyə münasibəti, onun tələbə olması, neçə nəfərin birlikdə yaşayacağı, tələbələrin qız və ya oğlan olması kimi məsələlər də seçim prosesinə təsir göstərə bilir. Nəticədə mənzil axtaran gənc üçün uyğun ev tapmaq bəzən sadəcə büdcəyə uyğun elan seçməkdən daha mürəkkəb prosesə çevrilir. Xüsusilə ilk dəfə Bakıya gələn, şəhərin ərazilərinə və kirayə bazarının xüsusiyyətlərinə yaxşı bələd olmayan tələbələr üçün bu proses daha çox vaxt və diqqət tələb edir. Digər tərəfdən, universitetə yaxın ərazidə yaşamaq istəyi də tələbələrin qarşısına əlavə seçim dilemması çıxarır. Tələbə üçün evin universitetə piyada məsafədə olması böyük üstünlük sayılsa da, belə ərazilərdə mənzilə olan marağın yüksək olması seçim imkanlarına təsirsiz ötüşmür. Bir qədər kənar ərazilərdə daha münasib variant tapmaq ehtimalı yaransa da, bu dəfə yol məsafəsi, nəqliyyat xərcləri və gündəlik gediş-gəliş məsələsi ön plana çıxır. Beləliklə, tələbə və ailəsi kirayə ev seçərkən yalnız mənzilin aylıq qiymətini deyil, həmin evdə yaşamağın ümumi aylıq xərcini də hesablamalı olur. Bütün bunların fonunda Bakıda kirayə mənzil məsələsi artıq təkcə əmlak bazarının problemi kimi deyil, həm də təhsil imkanlarına təsir edən sosial məsələlərdən biri kimi diqqət çəkir. Çünki bölgədən Bakıya ali təhsil almağa gələn gənc üçün yaşayış xərcləri ailənin ümumi büdcəsində ciddi yer tuta bilər. Universitetə qəbul olmaq bir ailə üçün böyük uğur olsa da, övladın paytaxtda yaşayışının necə təmin ediləcəyi sualı həmin sevincin ardınca gələn əsas məsələlərdən birinə çevrilir. Xüsusilə bir neçə il ərzində davam edən ali təhsil müddətində kirayə haqqı, kommunal ödənişlər, nəqliyyat və digər gündəlik xərclər ailələrin maliyyə planlamasında nəzərə alınmalı olur. Üstəlik, mənzil bazarında qiymətlərlə bağlı ümumi göstəricilər də şəhərin müxtəlif hissələri arasında fərqlərin olduğunu göstərir. Azərbaycan Qiymətləndiricilər Palatasının 2026-cı ilin iyul ayı üzrə məlumatlarında yeni tikililərdə kirayə qiymətlərinin rayon və mənzil seqmentindən asılı olaraq dəyişdiyi, bazarda müxtəlif qiymət kateqoriyalarının formalaşdığı görünür. Bu da tələbənin qarşısında yalnız "Bakıda ev neçəyədir?" sualının deyil, "harada ev axtarmaq daha məqsədəuyğundur?" sualının da dayandığını göstərir. Yeni tədris ilinin başlanması ilə Bakıda tələbə həyatının daha bir reallığı ön plana çıxır: universitetə qəbul olan gəncin qarşısında yalnız auditoriya və dərslik deyil, həm də yaşayış məsələsi dayanır. Xüsusilə bölgələrdən paytaxta gələn tələbələr üçün kirayə mənzil tapmaq təhsilə hazırlıq prosesinin ayrılmaz hissəsinə çevrilir. Qiymətlər, ərazilər, mənzil şəraiti, bir evdə neçə tələbənin yaşaması, ev sahiblərinin tələbləri və tələbələrin qarşılaşdığı müxtəlif çətinliklər isə bu mövzunu hər yeni tədris ili ərəfəsində yenidən aktuallaşdırır. İndi isə əsas məsələ budur: yeni tədris ili ərəfəsində Bakının kirayə bazarında vəziyyət necə formalaşıb, tələbələrin artan tələbi bazara hansı təsiri göstərə bilər və paytaxtda mənzil axtaran tələbələri qarşıdakı dövrdə hansı mənzərə gözləyir? Xüsusilə də büdcəsi məhdud olan, bir neçə nəfərlə birlikdə yaşamağı planlaşdıran və mənzil seçimində müəyyən məhdudiyyətlərlə qarşılaşan tələbələr üçün mövcud vəziyyət nə vəd edir? 

Mövzu ilə bağlı Olaylar.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, bu problem yeni yaranmış məsələ deyil, uzun illərdir mövcud olan və cəmiyyət üçün aktual olaraq qalan problemlərdən biridir. Bu problem ilbəil daha da dərinləşir və mövcud vəziyyət onu göstərir ki, məsələ öz həllini tapmadığı təqdirdə gələcəkdə daha ciddi xarakter ala bilər. Çünki paytaxt Bakı ilə Abşeron ərazisi arasında şəhərsalma prosesi inkişaf etdikcə, yeni yaşayış və tikinti zonaları genişləndikcə, əhalinin sıxlığı artdıqca və bu istiqamətdə müxtəlif sosial və iqtisadi proseslər davam etdikcə, təbii olaraq kirayə mənzil bazarında da müəyyən dəyişikliklər baş verir. Xüsusilə tələbələr üçün əlçatan olan kirayə mənzillərin sayı və seçim imkanları baxımından vəziyyət getdikcə daha mürəkkəb xarakter alır. Tələbələrin büdcəsinə uyğun, münasib qiymətə və yaşayış üçün əlverişli kirayə mənzillərin təşkili məsələsində imkanlar azalmağa doğru gedir. Bu isə, nəticə etibarilə, həm kirayə bazarında qiymətlərin artmasına səbəb olur, həm də tələbələrin qarşılaşdığı ən ciddi sosial problemlərdən birinə çevrilir. Burada məsələ yalnız mənzil tapmaqdan ibarət deyil. Əsas problem ondan ibarətdir ki, tələbələr üçün əlçatan olan kirayə mənzillərin sayı və alternativ seçim imkanları kifayət qədər olmadıqda, mövcud təklifə tələbat daha da artır. Tələbatın yüksək, təklifin isə məhdud olduğu şəraitdə qiymətlərin artması qaçılmaz olur. Bu da öz növbəsində tələbələrin, xüsusilə başqa rayon və şəhərlərdən Bakıya təhsil almaq üçün gələn şəxslərin yaşayış məsələsini daha da çətinləşdirir. Bu problemin tam şəkildə həll olunması və yaxud heç olmasa mövcud təsirlərinin müəyyən qədər qarşısının alınması, təəssüf ki, yalnız alternativ istiqamət üzrə bazarın inkişaf etdirilməsindən keçir. Yəni, bu istiqamətdə əsas çıxış yolu alternativlərin yaradılması, oxşar təyinatlı kirayə obyektlərin tikilməsi və həmin obyektlərin bazara çıxarılmasıdır. Bazarda təkliflərin sayının artırılması və yeni kirayə imkanlarının yaradılması yolu ilə bu problemi qismən həll etmək mümkündür. Başqa sözlə, mövcud problemin həllini yalnız inzibati və ya məcburedici üsullarda axtarmaq düzgün yanaşma olmaz. Əsas məsələ bazarda alternativlərin artırılmasıdır. Əgər tələbələr və digər kirayə axtaran şəxslər üçün daha çox seçim imkanı yaradılarsa, bu, həm qiymətlərin formalaşmasına təsir göstərə bilər, həm də insanların daha münasib və öz imkanlarına uyğun yaşayış yeri seçməsinə şərait yaradar. Məhz bu baxımdan oxşar kirayə obyektlərin tikilməsi və onların bazara çıxarılması problemin qismən həlli baxımından vacib istiqamətlərdən biri hesab oluna bilər.

Ekspertin sözlərinə görə, yataqxana variantı isə artıq müəyyən mənada Sovet dövründə qalan bir yanaşmadır. Müasir dövrdə hətta yataqxana tipli yaşayış obyektləri inşa olunsa belə, onların fəaliyyətində və təşkilində mütləq şəkildə kommersiya təyinatı olacaq. Yəni, bugünkü reallıqlar nəzərə alındıqda, bu cür yaşayış obyektlərinin də müəyyən iqtisadi və kommersiya əsasları üzərində qurulması qaçılmazdır. Məhz buna görə də müasir şəraitdə oxşar alternativ kommersiya layihələrinin həyata keçirilməsinə ehtiyac var. Tələbələr və digər şəxslər üçün nəzərdə tutulan, kirayə məqsədilə istifadə oluna biləcək müxtəlif yaşayış layihələrinin hazırlanması və həyata keçirilməsi bu problemin həllinə müəyyən töhfə verə bilər. Bu istiqamətdə Türkiyənin və digər qonşu ölkələrin təcrübəsindən istifadə etməklə də mövcud problemi qismən həll etmək mümkündür. Digər ölkələrdə tətbiq olunan və bazarda alternativ yaşayış imkanlarının artırılmasına yönəlmiş təcrübələrin öyrənilməsi, həmin təcrübələrdən yerli şəraitə uyğun şəkildə istifadə olunması faydalı nəticə verə bilər.

"O ki qaldı kirayə mənzillərin verilməsi zamanı mülkiyyətçilərin müəyyən şəxslərə münasibətdə ayrı-seçkilik etməsi məsələsinə, yəni bəzi hallarda oğlanlara ev verilməməsi ilə bağlı mövcud yanaşmaya, bu, daha çox psixoloji faktorlarla bağlı olan bir məsələdir. Burada mülkiyyətçilərin öz şəxsi təcrübəsi, düşüncəsi, ehtiyatları və mənzilə münasibəti müəyyən rol oynayır. Məsələn, biz bəzən rast gəlirik ki, yalnız oğlanlara deyil, körpə uşaqlı ailələrə də kirayə mənzil verilmək istənilmir. Bu zaman təbii olaraq sual yaranır ki, bu yanaşmanın səbəbi nədir və nə üçün bəzi mülkiyyətçilər müəyyən kateqoriyadan olan şəxslərə ev verməkdə tərəddüd edirlər? Bunun da cavabı ondan ibarətdir ki, bəzi mülkiyyətçilərin düşüncəsinə görə, körpə uşaqlı ailələrin yaşadığı mənzillər fiziki baxımdan daha tez aşına, daha tez amortizasiya oluna və müəyyən hallarda daha çox zədələnə bilər. Yəni, mülkiyyətçi bu məsələyə öz şəxsi baxış bucağından yanaşır və müəyyən risklər gördüyünü düşünür. Bu baxımdan, hər bir fikrin, hər bir məntiqin arxasında müəyyən bir həqiqət payı və ya həmin şəxsin öz təcrübəsindən irəli gələn əsaslandırma ola bilər. Eyni yanaşma bəzi hallarda oğlanlara kirayə mənzil verilməməsi məsələsində də özünü göstərə bilər. Bu, daha çox insanların psixoloji yanaşması, formalaşmış düşüncəsi və mülkiyyətlərini qorumaq istəyi ilə əlaqədardır. Mülkiyyətçini hansısa şəxsə mütləq şəkildə ev verməyə məcbur etmək də mümkün deyil. Çünki söhbət şəxsi mülkiyyətdən gedir və mülkiyyətçi öz mənzilini kimə kirayə verəcəyi ilə bağlı müəyyən seçim etmək hüququna malikdir. Buna görə də belə hallarda problemin həllini yalnız mülkiyyətçini məcbur etməkdə axtarmaq düzgün çıxış yolu deyil", - deyə ekspert vurğulayıb.

R. Qasımzadənin fikrincə, burada yeganə və əsas çıxış yolu bazarda bolluq yaratmaqdan, alternativlərin sayını artırmaqdan və təklif imkanlarını genişləndirməkdən keçir. Əgər bazarda kirayə üçün daha çox mənzil və müxtəlif kateqoriyalar üzrə daha çox alternativ olarsa, bu zaman həm kirayə axtaran şəxslərin seçim imkanları genişlənəcək, həm də mülkiyyətçilərin müəyyən qruplara münasibətdə mövcud yanaşmalarının yaratdığı problemlər əvvəlki qədər ciddi xarakter daşımayacaq. Yəni, seçim çox olarsa, təklif çox olarsa, qeyd etdiyimiz problemlərin heç biri bu qədər ciddi şəkildə özünü göstərməyəcək. Kirayə mənzil bazarında bolluğun yaranması və alternativlərin artması nəticəsində hər bir kirayəçi öz imkanlarına, tələbatına və şəraitinə uyğun seçim edə biləcək. Eyni zamanda, mənzilini kirayə vermək istəyən sakin də daha geniş bazar şəraitində oğlana da ev verəcək, körpə uşaqlı ailələrə də, digər şəxslərə də. Çünki seçim imkanlarının və təkliflərin artdığı şəraitdə bazarda mövcud olan məhdudluq aradan qalxmağa başlayır. Məhdud təklif şəraitində yaranan bir sıra problemlər, o cümlədən qiymət artımı, müəyyən kateqoriyalara mənzil verilməməsi və kirayə mənzil tapmaqda çətinlik kimi məsələlər də öz aktuallığını və kəskinliyini müəyyən dərəcədə itirir. Yəni, məsələyə ümumi şəkildə yanaşdıqda, bu problemin əsas çıxış yolu yalnız bundadır: bazarda bolluq yaratmaq, alternativlərin sayını artırmaq, yeni kirayə obyektlərini bazara çıxarmaq və kirayə mənzil təkliflərini genişləndirmək. Problemin həlli də məhz təklifin artırılmasından və insanların daha çox seçim imkanına malik olmasından keçir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31