DAĞLAR QOYNUNDA...

(Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayevin xatirəsinə)

Əzəl beşiyim dağlar,

Evim, eşiyim dağlar,

Yuvalaşdıq, çuğlaşdıq

Çəkir keşiyim dağlar.

(oçerk)

Dağların yaddaşı başqa olur. Dağ insanı sadəcə əhatə etmir, onu böyüdür, xarakterini formalaşdırır, baxışlarına dərinlik, ürəyinə dözüm verir. Dağlarda doğulan və böyüyən insan üçün torpaq da başqa cür müqəddəsdir. O, torpağı yalnız ayağının altında hiss etmir; onu uşaqlığının səsi, bulağının suyu, küləyinin nəfəsi, qayalarının sərtliyi, yollarının xatirəsi kimi yaşadır.

Vüqar Ağayevin ömrü də belə bir coğrafiyada başlamışdı. Qubadlı rayonunun Xanlıq kəndində dünyaya göz açan bu Vətən oğlu sonralar ömrünün ən ağır sınaqlarını yenə dağlar arasında yaşayacaq, doğma yurdunun azadlığı uğrunda canından keçəcəkdi.

1973-cü il martın 4-də Xanlıq kəndində doğulan Vüqar uşaqlığının ən gözəl çağlarını Qubadlının səfalı təbiəti qoynunda keçirmişdi. Atası Əhməd Ağayev hərbçi olduğundan ailənin yaşayış yeri müxtəlif vaxtlarda dəyişsə də, Vüqarın qəlbində Xanlığın və Qubadlının yeri heç vaxt dəyişmədi. Çünki insanın ilk gördüyü mənzərə, ilk addım atdığı torpaq, ilk dəfə adını çağırdığı doğma yurd onun taleyinin görünməz xəritəsini yaradır.

Vüqarın xəritəsində Qubadlı vardı.

Amma zaman onun qarşısına başqa bir xəritə çıxardı - müharibə xəritəsi.

ÖMRÜN İLK DAĞI - MÜHARİBƏ

Vüqar Ağayevin gəncliyi Azərbaycanın tarixinin ən ağır səhifələrindən birinin yazıldığı illərə təsadüf etdi. Qarabağ müharibəsi başlananda o, müddətli həqiqi hərbi xidmətdə idi. Ölkədə daxili çəkişmələr, xaos və böhran hökm sürür, vahid komandanlığın olmaması ordunun imkanlarını məhdudlaşdırırdı. Düşmən isə bu vəziyyətdən istifadə edərək torpaqlarımızı işğal edir, şəhər və kəndlərimizi ələ keçirir, dinc əhalini ata-baba yurdlarından didərgin salırdı.

Gənc əsgər Vüqar Ağayev həmin ağır günlərdə Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin komandiri olduğu taborda döyüşürdü. O illərin acısı onun yaddaşında silinməz iz buraxdı. Döyüşlərin məğlubiyyətlə nəticələnməsi onun Vətən sevgisini azaltmadı, əksinə, daha da möhkəmləndirdi. Vüqar başa düşdü ki, torpağı qorumaq üçün yalnız ürəkdə Vətən sevgisinin olması kifayət deyil. Bunun üçün güclü ordu, peşəkar zabit, yüksək hazırlıq və dəmir intizam lazımdır.

Bəlkə də onun ömür yolunun zabitlik mərhələsi məhz həmin günlərdə başladı.

1993-cü ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil oldu. Döyüşən ordunun Topçu bölməsindən gəldiyinə görə onu məktəbin Tank Artilleriya Fakültəsinə qəbul etmişdilər.  Vüqarı  bu məqsədlə oxumağa göndərmişdilər ki, artilleriyanın sirlərini öyrənib, öz döyüş yoldaşlarının yanına topçu komandir kimi  qayıtsın... Ancaq, deyir, "sən saydığını say, gör fələk nə sayır"... Qısa müddət ərzində torpaqlarımızın  işğal altına düşməsi, məktəbdə təhsilin rus dilində olması Vüqarı çox narahat edirdi. Bir yerdə qərar tuta bilmir, elə hey düşünür, vəziyyətdən çıxış yolu axtarırdı...

Bütün Azərbaycan gənc Respublika olaraq  çox ağır dönəmdən keçirdi. Belə çətin günlərdə Vüqar artıq ikinci kursda oxuyarkən məktəbdə könüllü şəkildə təhsil proqramı sürətləndirilmiş kurslarda zabit rütbəsi alıb hərbi hissələrə komandir kimi yollanmaq imkanı yarandı. Səbri tamam tükənmiş Vüqar da cidd-cəhdlə hazırlaşaraq ard-arda bir neçə imtahan verib, bu kurslara qoşuldu. 1995-ci ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vuraraq kiçik leytenant hərbi rütbəsi alıb, gözü Qubadlı dağlarında Naxçıvana yollandı.

Beləcə, Qubadlıdan Naxçıvana uzanan uzun hərbi yol başladı.

Bu yolun da öz dağları vardı.

NAXÇIVAN DAĞLARINDA

Naxçıvan onun həyatında ayrıca bir səhifədir. Qubadlı ilə başlayan dağlıq coğrafiya Naxçıvanda davam edirdi. Vüqar burada həm hərbçi kimi yetişdi, həm ailə qurdu, həm də ömrünün mühüm illərini yaşadı. Qubadlı dağlarına uzun illər Soyuqdan boylandı. Saatlarla Kotamda kilidlənmiş yollara baxdı...

Azərbaycan ordusunda 1995-ci ildən zabit kimi xidmət edən Vüqar Ağayev iyirmi ildən artıq müddət ərzində qüsursuz hərbi xidmət keçərək  kiçik leytenant rütbəsində tağım komandiri vəzifəsilə çıxdığı yolda polkovnik-leytenant rütbəsinədə briqada komandiri vəzifəsinə qədər yüksəldi...

Xidmət illərində müxtəlif təltiflərə layiq görüldü. "Azərbaycan Silahlı Qüvvələrinin 10, 90, 95 və 100 illiyi" yubiley medalları, "Qüsursuz xidmətə görə" I, II və III dərəcəli medallar, "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medal və "Hərbi xidmətlərə görə" medalı onun uzun və səmərəli xidmət yolunun göstəriciləricisidir.

O, gənc zabitlərin yetişməsinə, əsgərlərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsinə töhfə verirdi. Hərbi peşəni sadəcə bir iş kimi deyil, Vətən qarşısında borc kimi qəbul edirdi. Onun üçün çiyindəki paqon rütbə nişanı olmaqdan daha böyük məna daşıyırdı: o, Vətən etimadının məsuliyyətini ifadə edirdi.

2016-cı ildə hərbi xidmətdən təqaüdə çıxanda qarşısında sakit həyat mərhələsi açılmışdı. Fəqət, Vüqar öz-özlüyündə bu həyatla barışa bilmirdi. Gənclik illərindən başladığı, bütün həyatını, ömrünün ən gözəl çağlarını həsr etdiyi işini sanki yarımçıq, özü də dərənin dibinədə - enişdə qoyub getməyi heç cürə həzm edə bilmirdi... Ömrü dağlarda keçmiş dağlar oğlu dağ yollarının enişli-yoxuşlu olduğunu yaxşı bilirdi. Üzü yoxuşa getməyə adət etmiş Vüqar təqaüdə çıxsa da gözü daim dağlarda - zirvələrdə idi. Bir gün yenə o zirvələri fəth edəcəyini yaxşı bilirdi. Həmin günü gözləyirdi.

HƏSRƏT DAĞI

Qubadlı işğal olunandan sonra Vüqarın həyatında görünməz bir dağ yaranmışdı.

Bu, həsrət dağı idi.

O dağ nə qədər uzaqda olsa da, hər gün onunla idi. Naxçıvanda xidmət etdiyi bütün dövrlərdə də qəlbinin bir tərəfi Xanlıqda qalmışdı. Xidmət zamanı uzaqdan görünən öz dağlarına yaxından baxma bilmək üçün Soyuğa qalxmağı həmişə könüllü seçirdi. Uşaqlığının keçdiyi küçələr, ata ocağı, doğma kəndin torpağı yaddaşında yaşayırdı.

Otuz ilə yaxın müddətdə Qubadlı həsrətilə yaşadı...

Bəzən insanın qarşısındakı ən böyük məsafə kilometrlərlə ölçülmür.

Həsrətlə ölçülür.

Vüqar üçün Qubadlıya gedən yol da belə idi. Bu yol xəritədə qısa görünə bilərdi, amma onun ürəyində otuz illik bir məsafə vardı.

Və sonra tarix dəyişdi.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başladı.

Bu müharibə Azərbaycan xalqının yaddaşında yalnız hərbi əməliyyatlar silsiləsi kimi deyil, illərlə gözlənilən qayıdışın başlanğıcı kimi qaldı.

Vüqar üçün isə bu, daha böyük məna daşıyırdı.

Çünki onun gözlədiyi gün gəlmişdi.

"QUBADLINI OVCUMUN İÇİ KİMİ BİLİRƏM..."

Vüqar Ağayev Azərbaycan ordusunun gücünü və inkişafını yaxşı bilirdi. İllərlə xidmət etdiyi ordunun necə dəyişdiyinin canlı şahidi olmuşdu. 1990-cı illərin ordusu ilə 2020-ci ilin ordusu arasında böyük fərq vardı. O, artıq qarşıda dayanan mübarizənin qalibiyyətlə nəticələnəcəyinə inanırdı.

Lakin inanmaq başqa, döyüşə getmək başqa idi.

"Qubadlını ovcumun içi kimi bilirəm, mən orada olmalıyam", - deyən Vüqar Ağayev anası və övladları ilə sağollaşaraq yola düşdü. 2020-ci ilin oktyabrında könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı Rayon Bölməsinə müraciət etdi və Vətən müharibəsinə qatıldı.

Bu, adi bir könüllülük deyildi.

Bu, otuz illik həsrətin döyüşə çevrilməsi idi. Bu enişdə - dərədə qalmış yolu - səfəri  dağda - zirvədə tamamlamaq istəyi idi....

QUBADLIYA QAYIDIŞ

Qubadlı uğrunda döyüşlər ağır gedirdi. Düşmən yüksəkliklərdə möhkəmlənmiş, Xanlıq qəsəbəsində güclü istehkamlar yaratmışdı. Şəhəri azad etmək üçün əvvəlcə yüksəkliklərə nəzarəti ələ keçirmək lazım idi.

Yenə dağlar...

Yenə yüksəkliklər...

Yenə ağır yollar...

Amma bu dəfə həmin dağların o tayında Vüqarın doğma yurdu vardı. Uzun illər Soyuqdan, Qapıcıqdan,  Ərəfsədən,  Camışöləndən, Üçqardaşdan, Salvartıdan, Dağdağandan, Əyriqardan, Sisqatardan həsrətlə boylandığı dağlar, yurd yerləri indi onu gözləyirdi...

Azərbaycan əsgəri və zabitləri yüksəklikləri bir-birinin ardınca nəzarətə götürdülər. Ətraf kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq və Mahmudlu azad edildi.

Xanlıq azad edildi.

Vüqarın doğulduğu kənd...

Uşaqlığının keçdiyi kənd...

Ata-baba ocağının olduğu kənd...

SONUNCU DAĞ

1 noyabr 2020-ci il.

Qubadlı rayonunun Çardaqlı kəndində gedən döyüşlər...

Vüqar Ağayev həmin döyüşlərdə şəhadətə qovuşdu.

Onun ömrünün son dağı da bu oldu.

Amma bu dağın zirvəsində ölüm yox, Vətən vardı.

Vüqar Birinci Qarabağ müharibəsində əsgər kimi başladığı mübarizəni İkinci Qarabağ müharibəsində zabit kimi başa çatdırdı. Birinci müharibənin yarımçıq qalmış ağrısı onun ömrü boyu içində yaşadı. İkinci müharibədə isə doğma Qubadlının azadlığı uğrunda döyüşərək həmin ağrını Zəfər tarixinin bir hissəsinə çevirdi.

O, II Fəxri xiyabanda dəfn edildi. Şəhid polkovnik-leytenant Vüqar Ağayev ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görüldü. O,  "Vətən uğrunda" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edildi.

DAĞLAR YADDA SAXLAYIR

Bu gün Qubadlı azaddır. Bu azadlığın hər qarışında şəhidlərin qanı, əsgərlərin izi, anaların duası və illərlə çəkilən həsrətin ağrısı var. Vüqar Ağayev də həmin böyük Zəfərin qəhrəmanlarından biridir.

2021-ci ildə Qubadlı rayonunun Xanlıq kənd ümumi orta məktəbinə onun adı verildi. Bakı şəhərində müvəqqəti fəaliyyət göstərən məktəbin onun adını daşıması Vüqarın adının yeni nəslə ötürülməsinin ən mənalı yollarından biridir.

Bir vaxtlar Xanlıqda məktəbə gedən uşaq Vüqarın adı indi həmin məktəbin divarlarında yaşayır.

Bu, həyatın davam etməsidir.

Bu, qəhrəmanlığın davamıdır.

Bu, Vətənin yaddaşıdır.

Və yaddaş olan yerdə ölüm son deyil.

Vüqar Ağayev dağlar qoynunda doğuldu.

Dağlar qədər ağır sınaqlardan keçdi.

Dağlar qədər uca bir məhəbbətlə Vətənini sevdi.

Dağlar qədər möhkəm dayandı.

Dağlar qədər vüqarlı yaşadı...

Əzizim dağlar ağlar,

Daş ağlar, dağlar ağlar,

Bircə anamın səsi

Sinəmi dağlar, ağlar...

Və nəhayət, Vətən - Şəhidlik zirvəsində əbədiyyət. Vüqar öz missiyasını böyük və şanlı Zəfərlə zirvədə başa vurmağı bacardı.  Bu gün o özü əlçatmaz bir zirvədir!

06.09.2026. Bakı.

Zaur Ustac,

"Yazarlar" jurnalının baş redaktoru,

AVMVİB, AJB və AYB-nin üzvü

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31