Mediatorlar üçün təlim keçirilib- ÖZƏL
21:50 Sosial"Sülh Aylığı" çərçivəsində Azərbaycan Respublikasının Mediasiya Şurası və AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə mediatorlar üçün "Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquqlarının təminatı: sülh və sabitliyin hüquqi əsası" mövzusunda distant təlim keçirilib. Mediasiya Şüasından Olaylar-a bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd mediatorların insan hüquq və azadlıqlarının konstitusion təminatı, onların müdafiəsinin hüquqi əsasları, habelə sülh və sabitliyin təmin edilməsində hüququn rolu ilə bağlı biliklərinin artırılması olub.
Təlimi Ədliyyə Akademiyasının Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası kafedrasının baş müəllimi Reyhan Cəfərova aparıb.
Mühazirə zamanı Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqları, onların təminatı və müdafiəsi mexanizmləri, eləcə də hüquq və azadlıqların cəmiyyətin sülh və sabitliyinin qorunmasındakı əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Təlim çərçivəsində insan hüquqlarının aliliyinin təmin olunmasının, hüquqi dövlət və demokratik cəmiyyət prinsiplərinin möhkəmləndirilməsinin sülh mədəniyyətinin formalaşmasında rolu diqqətə çatdırılıb. Mövzu ətrafında fikir mübadiləsi aparılıb və mediatorların sualları cavablandırılıb.
Qeyd edək ki, "Sülh Aylığı" çərçivəsində təşkil olunan maarifləndirici tədbirlər sülh və barışıq mədəniyyətinin təşviqi, hüquqi biliklərin artırılması və mediatorların peşəkar inkişafına dəstək göstərilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.