Əyləncə təhlükəsizliyi: əyləncə məkanlarında nəzarət necə olmalıdır?

Əyləncə və istirahət insanların gündəlik həyatında mühüm yer tutur. Xüsusilə uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirməsi üçün əyləncə mərkəzləri, parklar, attraksionlar, oyun zonaları və müxtəlif istirahət məkanları geniş imkanlar yaradır. İnsanlar bu məkanlara dincəlmək, vaxt keçirmək və gündəlik qayğılardan uzaqlaşmaq üçün üz tuturlar. Lakin əyləncə məqsədi daşıyan hər bir məkanın əsas şərtlərindən biri də təhlükəsizlik olmalıdır. Çünki bir neçə dəqiqəlik əyləncə zamanı baş verə biləcək texniki nasazlıq, nəzarətsizlik və ya təhlükəsizlik qaydalarının pozulması ciddi nəticələrə səbəb ola bilər.

Əyləncə mərkəzlərində təhlükəsizlik məsələsi son hadisədən sonra yenidən diqqət mərkəzinə gəlib. Belə hadisələr bir daha göstərir ki, attraksion və digər əyləncə qurğularından istifadə zamanı yalnız istifadəçinin diqqətli olması kifayət etmir. Burada həm obyekt sahibinin, həm əməkdaşların, həm texniki xidmət göstərən şəxslərin, həm də nəzarət mexanizmlərinin üzərinə ciddi məsuliyyət düşür. Əyləncə məkanı insan üçün təhlükəsiz şərait yaratmalı, qurğuların texniki vəziyyətini daim nəzarətdə saxlamalı və hər hansı risk yarandıqda həmin avadanlığın istifadəsini dərhal dayandırmalıdır.

Əslində, təhlükəsizlik anlayışı əyləncə mərkəzinə daxil olduğumuz andan başlayır. Məkanın giriş-çıxışlarının vəziyyəti, insanların hərəkəti üçün ayrılan sahələr, elektrik və yanğın təhlükəsizliyi, təxliyə yolları, ilkin tibbi yardım imkanları, attraksionların yerləşdirilməsi və istifadə qaydalarının görünən şəkildə göstərilməsi bu sistemin tərkib hissəsidir.  Düşünürəm ki, attraksionlar isə bu baxımdan ayrıca diqqət tələb edən sahədir. İnsanların hərəkətdə olan qurğulara minməsi, müəyyən hündürlükdə və sürətdə hərəkət etməsi, mexaniki sistemlərdən istifadə etməsi potensial riskləri artırır. Buna görə də hər bir attraksion istifadəyə verilməzdən əvvəl texniki baxışdan keçirilməli, onun əsas mexanizmlərinin işlək vəziyyətdə olub-olmadığı yoxlanılmalıdır. Oturacaqlar, təhlükəsizlik kəmərləri, qoruyucu sistemlər, əyləc və digər mexaniki hissələrdə hər hansı problem varsa, qurğunun istifadəsinə icazə verilməməlidir.

Əyləncə mərkəzlərində, xüsusilə attraksionlarda təhlükəsizliyin təmin edilməsi üçün hansı əsas standart və tələblərə əməl olunmalıdır və hazırda bu tələblərin icrasına nə dərəcədə nəzarət edilir? Attraksionların texniki baxışı və təhlükəsizlik yoxlamaları hansı intervallarla aparılmalıdır, bu yoxlamaların formal xarakter daşımaması üçün hansı mexanizmlər tətbiq edilməlidir?

Mövzu ilə bağlı daha ətraflı təhlükəsizlik eksperti Samir Nəbiyev Olaylar.az-a açıqlama verib:

" Ümumiyyətlə, yerli qanunvericilik bu istiqamətdə mövcud deyil. Yəni, düzdür, mexanikləşdirilmiş, avtomatlaşdırılmış attraksionlar və sərnişin və yükaçma kanat yolları  yollar var, onlara da aidiyyəti qurumlar tərəfindən nəzarət edilir. Amma bu zipline-lar bu siyahıda öz əksini tapmadığına görə nəzarət mexanizmi yoxdur. Burada beynəlxalq standartlara, yəni attraksionlar üzrə EN 13814, kəndir parkları və zipline sistemləri üzrə isə EN 15567 standartlarına istinad edib müvafiq təhlükəsizlik tədbirlərini həyata keçirmək olar.

İkinci sual yoxlamalar hansı səviyyədə aparılmalı və formal yanaşma nəzərdən necə qaldırılmalıdır? Burada gündəlik baxış və dövri texniki müayinə olmalıdır. İşə başlamazdan öncə nəzərdə tutulan gündəlik yoxlamalar aparılmalıdır. Təhlükəsizliyə təsir edən təmir vəsaitlərindən sonra əlavə müayinə ehtiyacı qiymətləndirmək lazımdır. O cümlədən, formal yanaşmanın qarşısını almaq üçün nəticələr, ölçmələr, sınaqlar və qüsurların aradan qaldırılmasını təsdiq edən qeydlərə əsaslanmalıdır. Dövri müayinələr səriştəli və peşəkar mütəxəssislər tərəfindən aparılmalıdır. Yəni, sadəcə bir imza yox, mövcud müayinənin nəticəsi sənədləşdirilməlidir.

Əsas risklər hansılardır və sahibkarlar nə etməlidir? Burada əsas diqqət yetirilməli risklər düşmə, toqquşma, daşıyıcı elementlərin sıradan çıxması və düzgün bərkidilməməsidir. Eyni zamanda əlverişsiz hava şəraiti də nəzərə alınmalıdır. Operatorun hazırlığı və xilasetmə imkanlarının zəifliyi nəticələri ağırlaşdıra bilər.

Ona görə operatorlar və yaxud istismarçı tərəfindən həmin zipline-lara təyin edilmiş məsul şəxslər müvafiq təlim, tədris və sertifikasiya proqramlarından keçib müvafiq sənəd aldıqdan sonra prosesləri idarə edə bilərlər. Sonra sahibkar məsul şəxsləri müəyyənləşdirməli, texniki xidmət və mütəxəssislərin hazırlığını təşkil etməlidir. İşçilər istifadə məhdudiyyətlərinə əməl etməli, qoruyucu sistemləri gündəlik işdən öncə yoxlamalı və təhlükəli nasazlıq aşkarlandıqda fəaliyyəti dayandırmalıdır. Nəzarət sistemində hansı dəyişikliklərə ehtiyac var? Burada Nazirlər Kabinetinin əlaqələndirməsi ilə Fövqəladə Hallar Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi və müstəqil texniki mütəxəssislərin birgə qiymətləndirilməsi təklif edilir. Yüksək riskli əyləncə sistemlərinin təsnifatı və nəzarət aidiyyəti dəqiqləşdirilməlidir. Açıq qalan normativ-hüquqi boşluqlar aradan qaldırılmalıdır. İstismara buraxılma, yoxlama, operator hazırlığı, xilasetmə və təhlükəli fəaliyyətin dayandırılması üzrə məsuliyyət birmənalı göstərilməlidir.

Və mövcud reyestrlərlə əlaqələndirilməlidir, müayinənin nəticəsini və istismar statusunu göstərən məlumat sistemi yaradılmalıdır. Yəni, təhlükə potensiallı  obyektlərin siyasi yenilənib keçən il, 2025-ci ildə, may ayında səhv eləmirəmsə, həmin siyahıda bu zipline sistemləri və yaxud da bizim yadımızdan çıxan hər hansı bir əyləncə prosesi varsa, təhlükə potensiallı obyektlərin siyahısına əlavə edilməlidir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31