Paşinyanın Konstitusiya planı: Strateji dəyişiklik, yoxsa siyasi hesab? – ÖZƏL
24 Fevral 2025 12:16 SiyasətErmənistanın baş naziri Nikol Paşinyan öz ideoloji canlı yayımında yeni Konstitusiyanın referendum yolu ilə qəbul edilməsinin "Real Ermənistan" ideologiyası üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
"Real Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən tanınan, 29,743 kvadrat kilometr ərazini əhatə edən Ermənistandır. Bu sistem üçün yeni Konstitusiyanın ümumxalq referendumu ilə qəbul edilməsi vacibdir, çünki bundan əvvəl keçirilmiş bütün konstitusiya referendumları ciddi legitimlik çatışmazlığına malik olub. Yeni Konstitusiyanın qəbulunun strateji məqsədi dövlətçiliyi olmayan bir millətin qalıq fəaliyyət modelindən dövlət qurucu xalqın fəaliyyət modelinə keçidini təmin etməkdir", - deyə Paşinyan vurğulayıb.
Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a danışıb. O bildirib ki, Nikol Paşinyan "Real Ermənistan" ideologiyası çərçivəsində Konstitusiya dəyişikliklərini strateji hədəf kimi təqdim edir, lakin bu proses müxalifətin ciddi təzyiqi və regional faktorlarla bağlı iddialarla müşayiət olunur:
"Nikol Paşinyanın "Real Ermənistan" ideologiyası və Konstitusiyanın qəbulunu strateji məqsəd kimi təqdim etməsi bu ölkədəki strateji dəyişikliyinin bir hissəsidir. Baş nazir dövlət və ictimai həyatın bütün sahələrində öz təsirini artırmaq üçün islahatlar həyata keçirir, öz adamlarını daha vacib vəzifələrə gətirir.
Konstitusiyanın referendum yolu ilə qəbul edilməsi məsələsini son illərdə də gündəmə gətirən N.Paşinyan müxalifətin təzyiqi ilə üzləşib. Belə ki, müxalifətin iddiasına görə, təklif olunan konstitusiya dəyişiklikləri Azərbaycan və Türkiyənin təzyiqi altında baş verir".
Elmir Səftərov qeyd edib ki, Paşinyanın 2020-ci ildə də konstitusiya dəyişikliklərindən bəhs etməsinə baxmayaraq, sonrakı müharibələr və sülh müzakirələri fonunda Ermənistanın ərazi iddiaları məsələsi danışıqları çətinləşdirdi.
"Halbuki Nikol Paşinyan 2020-ci ilin fevralında da konstitusiyaya dəyişiklik edilməsi zərurəti barədə danışmışdı. Amma həmin dövrdə regional vəziyyət tamamilə fərqli idi və Qarabağ Ermənistanın işğalı altında idi. İkinci Qarabağ müharibəsindən və 2023-cü il antiterror tədbirlərindən sonra isə Azərbaycan-Ermənistan arasında aparılan sülh müzakirələri genişləndi, tərəflər öz təkliflərini irəli sürməyə başladılar.
Azərbaycan də haqlı olaraq Ermənistanın Müstəqillik Bəyannaməsindən ölkəmizə qarşı yer alan ərazi iddialarını çıxarmasını tələb etdi. Bu ölkənin Konstitusiya Məhkəməsinin isə Ermənistan Konstitusiyasının preambulasının dəyişməz olduğu barədə qərarı sülh üzrə aparılan müzakirələri mürəkkəbləşdirdi və dondurdu".
Siyasi şərhçi əlavə edib ki, Paşinyanın konstitusiya dəyişiklikləri ya daxili siyasi mövqeyini gücləndirməyə, ya da regiondakı maraqları nəzərə alaraq qonşularla sülhə və əməkdaşlığa yol açmağa xidmət edə bilər.
"Görünən odur ki, Paşinyanın Ermənistanın hazırkı konstitusiyasının dəyişdirilməsinin lazım olduğunu deməsi gedişatdan asılı olaraq fərqli mənzərəni ortaya qoya bilər.
Birinci versiya, Ermənistan öz konstitusiyasında yalnız daxili zərurətə cavab olaraq dəyişiklik edəcək. O, Ermənistanı illərdir idarə edənlərin hakimiyyətini pisləməklə, özünü xilaskar, islahatçı rolunda xalqa inanmağa çalışır. Belə vəziyyət uzunmüddətli sabitliyə təhdid yaradaraq, normallaşma prosesini pozacaq. Gələcək üçün qarşıdurma ehtimallarını yenidən gündəmə gətirəcək.
İkinci versiya isə Ermənistanın regiondakı ölkələrin maraqlarını nəzərə almaqla qonşulara qarşı ərazi iddialarını normativ-hüquqi sənədlərindən çıxaracaq. Bu da qarşılıqlı faydalı əməkdaşlığa töhfə verməklə, düşmənçiliyi sülhlə əvəz edə bilər".
Səidə Ramazanova