Yeni Konstitusiya layihəsi Ermənistana nə vəd edir?

Ermənistan yenə də yol ayrıcında qaldı. Bir ayağı ABŞ-da, digəri Fransada olan  Baş nazir  Nikol Paşinyan Rusiyanın mövqeyinin güclənməsindən təşvişə düşüb. Qərb koalisiyasının və Avropanın nəzarətində olan institutların vədlərinin puça çıxdığını görən Paşinyan nəhayət ki, məhşur Azərbaycan məsəli olan "Yetimə gəl-gəl deyən çox olar, çörək verən az"  deyiminin  mahiyyətini dərk edib. ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin telefon danışığında müzakirə olunan məsələlər Paşinyanı hərəkətə keçməyə vadar edib. İki fövləqdövlətin liderlərinin ümumi razılaşması sözün əsil mənasında Paşinyanın "kürkünə birə salıb". Heç şübhəsiz ki, Paşinyan anlayıb ki, dünyanın yeni siyasi düzənində yeri və mövqeyi olmayacaq  Ermənistanın yeni hami axtarmaq məqamı yetişib. Şübhəsiz ki, bu hami başda  Azərbaycan və Türkiyə olmaqla region dövlətlərlə münasibətlərin normallaşdırılmasıdır. Baş nazir anlayır ki, ortada Ukrayna prezidenti, Gürcüstan hadisələri var. ABŞ və Rusiya artıq Ukrayna prezidenti Zelenskinin hakimiyyətdən uzaqlaşdırılması planını elan ediblər və istəklərinə nail olmaqdan ötrü Ukraynaya qarşı ağır şərtlər irəi sürüblər. Rusiyanın ərazi, ABŞ-ın isə təbii sərvətlərin tən bölüşdürlməsi şərti altında isə heç bir təhlükəsizlik təminatı belə verilmir. Avropa koalisiyası isə sözügedən məsələdə ortaq məxrəcə gələ bilmir. Üstəlik Ukraynaya görə Rusiya və ABŞ-la qarşı-qarşıya gəlməkdə tərəddüd edirlər. Belə bir şəraitdə Ukrayna təhlükəsizlik zəmanətini Türkiyədə alacağını düşünərək sözügedən ölkəyə səfər etdi. Proseslərin hansı məcrada inkişaf edəcəyi hələ ki, sual altındadır. Məlum olan odur ki, nə Ər-Riyad, nə də Yelisey görüşündə müzakirə olunan məsələlərin Ukraynaya heş bir xeyri olmayacaq. İtirən alət kimi istifadə olunan Ukrayna, qazanan isə Rusiya və ABŞ olacaq.  

Belə bir şəraitdə Paşinyan hakimiyyətini qoruyub saxlamaqdan ötrü yeni siyasi gediş edib. Anlayıb ki, əks halda özü kreslosunu itirə, Erməistan da bir dövlət olaraq yer üzündən silinə bilər. Hakimiyyətini riskə getsə belə Paşinyan xalqa müraciətində "Həqiqi Ermənistan" ideologiyasının layihəsini təqdim edib. Bu 14 maddədən ibarət olan  ideologiya layihəsində yeni Konstitusiyanın xalq referendumu vasitəsilə qəbul edilməsini gündəmə gətirib. Bildirib ki,  yeni Konstitusiyanın xalq referendumu vasitəsilə qəbul edilməsi mühüm əhəmiyyət daşıyır. Çünki əvvəlki Konstitusiya referendumu cəmiyyətin baxışında ciddi legitimlik problemi ilə üzləşmişdi. Yeri gəlmişkən xatırladaq ki, bir mddət öncə Ermənistanın ədliyyə naziri yeni Konstitusiyanın mətninin parlament seçkilərinə qədər hazırlanacağını bildirmişdi. Məlumat üçün qeyd edək ki, Erməistan Konstitusiyasında dəyişiklik edilməsi məsələsi rəsmi İrəvanın gündəliyinə  Azərbaycanın tələbindən sonra daxil olub. Bakı Ermənistanın Ali  Qanununda dəyişiklik edilməsində israr edir. Bu israrı onunla əsaslandırır ki,  Ermənistan Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinad edilməsi problem yaradır. Bu bəyannamədə "Artsaxın Ermənistanla birləşməsi" ideyası yer alır.

Hökumət başçısının təqdim etdiyi layihədə əks olunan maddələrindən biri müstəqillik konsepsiyası ilə bağlıdır. Sənəddə bildirilir ki, müstəqillik tam suverenlik deyil, az sayda dövlətdən asılılığın daha çox dövlətlərdən asılılıqla əvəz edilməsidir: "Dövlət xalqın öz taleyini müəyyən etməsi üçün ən yaxşı vasitədir. Lakin bu məqsədə daha səmərəli xidmət etmək üçün o, maksimum müstəqil olmalıdır. Bu səbəbdən müstəqillik strategiyası az sayda asılılıqdan çoxsaylı asılılığa keçid strategiyasıdır. Əgər dövlət artıq çoxsaylı tərəfdaşlardan asılıdırsa, onun əsas məqsədi bu tərəfdaşların sayını daha da artırmaq olmalıdır. Balanslaşdırılmış xarici siyasətin məqsədi isə hətta geniş asılılıq şəraitində də disproporsiyalara yol verməməkdir". Layihədə, həmçinin, sülh məsələsinə toxunulur. Sənəddə qeyd edilir ki: "Sülh, qonşuların arasında kənar dəstək olmadan yaşamaq bacarığıdır". Bundan əlavə, sənəddə vurğulanır ki, sülh xarici siyasətin əsas məqsədidir: "Sülh bərqərar olduqdan sonra, o, xarici siyasətin əsas məqsədi olaraq qalır və iqtisadi, siyasi və mədəni əməkdaşlıq çərçivəsində ifadə olunur".

Qeyd edək ki, Ermənistanda Paşinyanın sözügedən layihəsini dəstəkləyən və bundan ona qarşı istifarə etmək istəyən qüvvələr var. Məsələn, ölkənin ədliyyə naziri israr edir ki, yeni Konstitusiyanın qəbul edilməsinin əsas məqsədi hüquqi sistemin təkmilləşdirilməsidir, bu proses təcili deyil və Azərbaycanın tələbi ilə bağlı deyil. Revanşist qüvvələrin önündə gedən Ermənistanın keçmiş prezidenti Robert Köçəryan isə tələsik mətbuat konfransı keçirərək aktiv siyasi fəaliyyətə keçdiyini bəyan edib. Sözsüz ki, Köçəryan Rusiyanın istəyi və diktəsi ilə siyasətə qayıtdığını elan edib. Əslində bunu Paşinyana qarşı təsir vasitəsi kimi də qəbul etmək olar. Şübhəsiz ki, Paşinyanın yeni Konstitusiya layihəsi kifayət qədər müqavimətlə qarşılanacaq. Ancaq Paşinyan xalqı inandırmalıdır ki, ermənilərn və dövlətin nicat yolu Azərbaycanın tələblərinin qəbul edilməsindən keçir. Belə ki, Zəngəzur dəhlizinin Azərbaycanın tələblərinə uyğun açılması ilə bağlı Ermənistanın razılığı barədə məlumatların ardınca baş nazirin ölkə konstitusiyasına dəyişikliklər edilməsinin zəruriliyi haqqında açıqlaması Ermənistan -Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində vacib dönüş ola bilər. Düzdür, Paşinyan ölkə Konstitusiyasına planlaşdırılan dəyişikliklərlərin konkret müddəa və aspektlərini qeyd etməsə də, dəyişiliklərin məhz  Azərbaycanın Ermənistanla sülh müqaviləsinin şərtləri və tələbləri ilə bağlı olduğu sezilir. Ermənistan müxalifəti də bunun yeganə çıxış yolu olduğunu nə qədər tez anlasa, ölkənin təhlükəsizliyinin qarantı artmış olar. 

Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31