Müsavat və AXCP-nin Cəmil Həsənli sevgisinin sirri

Özünü cəmiyyətin aparıcı siyasi qüvvəsi hesab edən Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavatın bəxti bu seçkilərdə də gətirmədi. İyirmi ildən artıqdır ki, hakimiyyətə gəlmək arzusu ilə yaşayan və bu məqsədlə özlərini oda-közə vuran  AXCP və Müsavat Partiyası rəhbərliyinin 2013-cü  ilə bəslənən ümidləri də puça çıxdı. Seçki ilinin əvvəlindən prezident seçkilərində namizəd olacağını bəyan edən həm Müsavat başqanı İsa Qəmbərin, həm də AXCP sədri Əli Kərimlinin sonradan kinorejissor Rüstəm İbrahimbəyovun oyununa gedərək prezidentliyə namizədlikdən imtina etmələri keçmiş cəbhəçilərin nə qədər zəif oyunçu olduqlarını bir daha təsdiqlədi. Özlərini cəmiyyətə radikallar kimi tanıtmış həmin siyasilər gec də olsa başa düşdülər ki, əslində kinorejissor Rüstəm İbrahimbəyov Milli Şura adı altında onlarla gözəl bir oyun oynayıb. Artıq Rüstəm İbrahimbəyovun Milli Şura adından danışmağa həvəsli görünməməsi də deyilənlərdən xəbər verir.

Prezident seçkilərində namizəd kimi iştirak etməmələrinə baxmayaraq bu seçkilərdən ən  böyük zərbəni alan AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbər hazırda növbəti mərhələdə atacağı addımları müəyyənləşdirirlər. Daha doğrusu hər iki siyasətçi birgə əməkdaşlıq deyil, şəxsi və partiya maraqlarından çıxış edərək mövcud mat vəziyyətindən minimum qazanc əldə etməyə cəhd göstərir. Belə bir vəziyyətdə Əli Kərimli və İsa Qəmbər üçün gəlir mənbəyi Milli Şuranın prezident seçkilərindəki vahid namizədi Cəmil Həsənli hesab olunur. Hazırda heç bir partiya mənsubiyyəti olmayan Cəmil Həsənliyə sahib çıxmaq üçün həm Əli Kərimli, həm də İsa Qəmbər dəridən-qabıqdan çıxır. Ona görə yox ki, AXCP və Müsavat Partiyası liderləri Cəmil Həsənlini bir ziyalı kimi öz yanında görmək istəyir. Burada başlıca məqsəd 2015-ci ilin parlament seçkilərində Cəmil Həsənlinin imkanlarından yararlanmaqdır. Etiraf etmək lazımdır ki, heç bir siyasi mənsubiyyəti olmayan Cəmil Həsənli prezidentliyə namizəd kimi mübarizə apardığı qısa vaxt ərzində xarici dairələr tərəfindən müəyyən mənada diqqət obyektinə çevrildi. Hansı ki, həmin dairələr uzun illərdir ki, Azərbaycandakı əlaltıları vasitəsilə burada öz maraqlarının təmin olunması uğrunda çalışırlar. Son illərə qədər sözügedən dairələrin Azərbaycandakı tərəfdaşlarına-əsas etibarilə AXCP və Müsavat Partiyasına- inam itdiyindən onlar yeni bir siyasi qüvvə axtarışında idilər. Buna səbəb olan digər amil cəbhəçilər və müsavatçıların cəmiyyət tərəfindən də artıq dəstəklənməməsidir. Belə bir məqamda Milli Şura adlı yeni qurumun yaranması və Cəmil Həsənlinin timsalında yeni siyasi simanın ortaya çıxması antiAzərbaycan qüvvələri üçün səmərəli sayıla bilərdi. Düzdür, xarici dairələrin bu dəfəki niyyəti də baş tutmadı. Ancaq istər-istəməz Cəmil Həsənli müəyyən mənada ilgi gördü. Seçkidən dərhal sonra onun Avropaya dəvət edilməsini buna sübut kimi göstərmək olar. Burada bir məqamı qeyd etmək yerinə düşər ki,  20 ilə yaxın hakimiyyətə gəlmək və prezident olmaq istəyən Müsavat Partiyasının başqanı İsa Qəmbərə hətta seçkiyə qatıldğı dönəmlərdə "əməkdaşlıq" etdiyi xarici dairələr tərəfindən bu qədər ilgi göstərilməyib. Eyni şeyi AXCP və onun sədri Əli Kərmliyə də şamil etmək olar. Ona görə də hazırkı situasiyada həm İsa Qəmbər, həm də Əli Kərimli Cəmil Həsənliyə sahib olmaq uğrunda mübarizə aparır. Düzdür, hələlik bu mübarizə özünü açıq şəkildə büruzə verməsə də, yaxınlarda bu tendensiyanın çılpaqlığı ilə müşahidə ediləcəyi şübhəsizdir.

Yuxarıda qeyd etdiyimiz kimi Cəmil Həsənli uğrunda aparılan mübarizə ona bir ziyalı kimi hörmətdən irəli gəlmir. Əgər AXCP sədri Əli Kərimli Cəmil Həsənliyə bir ziyalı kimi hörmət etsəydi 2005-ci ilin parlament seçkilərindən sonra onun qarşısında "ya partiya, ya da parlament" seçimi qoymazdı. Sadəcə burada yeganə məqsəd 2015-ci ilin parlament seçkiləri zamanı Cəmil Həsənlinin hesabına xarici dairələrin dəstəyini qazanmaqdır. Əli Kərimli gözəl bilir ki, indiki məqamda Cəmil Həsənlini partiyaya gətirmək xaricdəki müəyyən dairələrin yenidən AXCP-yə diqqət ayırmasına şərait yaradacaq. Bu da cəbhəçilərin düşüncəsinə görə, parlamentdə bir neçə deputat yeri əldə edilməsinə yol açacaq. Eyni ilə Müsavat Partiyasının başqanı İsa Qəmbərin də oxşar plan üzərində işlədiyi bildirilir. İsa Qəmbər də hesab edir ki, Cəmil Həsənlinin partiyaya cəlb edilməsi rəhbərlik etdiyi partiyanın itirilmiş nüfuzunun azacıq da olsa bərpasına yol açar. Bununla Avropadakı müəyyən dairələrlə sıx ilişgiyə girən Müsavat 2005-ci ildə oynadığı oyunu təkrarlayaraq parlamentdə yer qazanmış olar.

Göründüyü kimi, suda boğulan saman çöpündən yapışan kimi AXCP və Müsavat Partiyası da ayaqda qalmaq üçün Cəmil Həsənlidən bərk-bərk yapışıb. Milli Şura namizədinin hansı seçim edəcəyi bu partiyalardan birinin tamamilə iflasına gətirib çıxaracaq desək yanılmarıq.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00