“Rusiyanın Qarabağa ordu yeritməsinə cəsarəti çatmaz” - AÇIQLAMA

Akif Nağı: “Bu yalnız Azərbaycanla razılaşmadan sonra mümkün ola bilər”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rəhbəri Nikolay Bordyuja erməni mətbuatına açıqlamasında dolayı yolla bildirib ki, KTMT işğal altında olan Dağlıq Qarabağ ərazisinə sülhməramlı qoşun yeridə bilər. Bordyuja belə bir təcrübənin Rusiya tərəfindən Dnestryanı ərazilərdə də həyata keçirildiyini bildirib. Məsələyə münasibət bildirən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı hesab edir ki, Dnestryanı ərazilərə sülhməramlı qoşunların yeridilməsi Moldova ilə Rusiya arasında əldə edilən razılaşmadan sonra baş tutub. İşğal altında olan Gürcüstan ərazilərində də rusların sülhməramlı ordusu var. A.Nağı qeyd etdi ki, KTMT-nin isə hər hansısa ərazilərə qoşun yeritməsi bu günədək baş verməyib: "Bordyuja açıq-aşkar ermənipərəst adamdır. Ona görə də KTMT sədri Ermənistanın mövqeyinə uyğun olan açıqlamalar verir. Təşkilat hüquqi cəhətdən də bu işi həyata keçirə bilməz. Çünki Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Bu yalnız Azərbaycanla razılaşmadan sonra mümkün ola bilər. Azərbaycan KTMT-nin üzvü deyil. Rusiya da özündə cəsarət tapıb belə bir qərar qəbul edə bilməz. Nə də ki, Rusiyanın Azərbaycanla təzyiq dilində danışması mümkün deyil. Bu sadəcə Bordyujanın ermənilərə xoşgörü üçün etdiyi jestdir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00