Daşqın Gülməmmədov: “Azər Süleymanovun deputat mandatını ləğv etdirəcəyik”
22 Oktyabr 2013 15:54 SiyasətGürcüstan Parlamentinin Marneuli rayonundan olan majoritar deputatı Azər Süleymanovun mandatını ləğv etdirəcəyik. Bu barədə "OLAYLAR"a, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Sədri, Gürcüstan Türkləri Konfederasiyası (GTK) Rəyasət Heyətinin üzvü Daşqın Gülməmmədov bildirib.
Daşqın Gülməmmədov qeyd edib ki, namizədliyi 2012-ci il parlament seçkilərində Gürcüstan Vahid Milli Hərakatı tərəfindən irəli sürülmüş Azər Süleymanov seçkinin total saxtalaşdırılması nəticəsində Gürcüstan Parlamentinin Marneuli rayonundan majoritar deputatı seçilib. Azər Süleymanovun seçilməsi üçün seçkinin saxtalaşdırılmasına Prezident Mixal Saakaşvili və Parlamentin o vaxtki Spikeri David Bakradze gizli göstəriş verib. Nəticədə Marneuli rayonunun seçki mətəqələrində total saxtalaşdırma həyata keçirilib. Azər Süleymanov legitim deputat deyil. Bu adam heç gürcü dilində danışa bilmir.
Daşqın Gülməmmədov bildirib ki, ona görə də artıq mən Gürcüstan Konstitusiyasina və Seçki Məcəlləsinə uyğun olaraq Azər Süleymanovun Parlamentdən geri çağrılması üçün imza toplanmasına göstəriş vermişəm. Artıq İşçi qrup formalaşdırılıb və 2 mindən çox imza toplanılıb.
Daşqın Gülməmmədovun sözlərinə görə, konstitusion prosedur qaydası belədir ki, 5 mindən çox imza Gürcüstan Konstitusiya Məhkəməsinə təqdim edilsə Azər Süleymanovun mandatı ləğv ediləcək və Marneuli rayonunda yeni seçki təyin olunacaq.
Daşqın Gülməmmədov: "Biz Marneuli rayonundan Gürcüstan Parlamentinə legitim deputat seçilməsini istəyirik və bu məqsədə yaxın zamanlarda nail olacağıq"("OLAYLAR" İA).