“Rusiya 3-4 ilə çökəcək” - ŞƏRH
Vəfa Quluzadə: “Bu gün Rusiyada yaşayan rusların əksəriyyətinin işi yoxdur, pis vəziyyətdə yaşayırlar, gəlirləri yaşamağa güclə çatır, çoxu da yoluxucu xəstəliklərdən əziyyət çəkir”
22 Oktyabr 2013 15:10 Siyasət"Rusiyanın SSRİ-nin çöküşündən sonra da "xalqlar həbsxanası" kimi qalması, yaxın qonşu ölkələrə və millətlərə münasibətdə yuxarıdan aşağı baxmaqda, imperiya ambisiyaları ilə yaşamaqda davam eləməsi Biryulevo olaylarından bir daha öz təsdiqini tapdı. Rusiyanın gələcəyi SSRİ-nin gələcəyindən fərqlənməyəcək" - rus politoloq Konstantin Borovoy "Moskvanın səsi" qəzetinə müsahibəsində belə deyib. "OLAYLAR"a açıqlama verən politoloq Vəfa Quluzadə Borovoyun fikirlərini bu cür şərh etdi:
- Rusiya dağılacaq, artıq həmin istiqamətə yeriməyə başlayıb. 6 il bundan qabaq Rusiyanın parçalanacağını proqnozunu verəndən sonra rus politoloqları da etiraf edirlər ki, federasiya SSRİ-nin taleyini yaşayacaq. Tanınmış rus iqtisadiyyatçıları da bildirirlər ki, Rusiya çökəcək. Həmin proses 3, ya, 4 ilə ola bilər. SSRİ həqiqətən də "xalqlar həbsxanası" idi, lakin imperiyanın çökməsinə baxmayaraq Rusiya demokratik dövlət ola bilmədi, olma ehtimalı bu gün də aşağıdır. Borovoyun dediyi kimi Rusiya da SSRİ kimi xalqlar üçün böyük həbsxanadır. Çünki, Rusiya Federasiyası imperiyadır. Bu gün Rusiya ərazisində yaşayan xalqların torpaqları ruslar tərəfindən işğal edilib, etniklərin hamısı zor gücünə Moskvaya tabe ediliblər. Onların sərvətləri istismar edilib. SSRİ çökəndən sonra Azərbaycan dilənçi vəziyyətində idi. Moskva 71 il ərzində Azərbaycandan 1 milyard 500 milyon ton neft götürdü. Yəni ki, Rusiya SSRİ dönəmində məqsədli şəkildə Azərbaycanı əritməyə çalışırdı. Rusiya həmişə başqa millətlərdən qarət etdiklərini göyə sovurub. İngiltərə də vaxtilə dünyanın ən güclü imperiyası olub, lakin ingilislərin müstəmləkəçilik siyasəti həmin imperiyanı parçaladı. Lakin bunun müqabilində ingilislər güclü dövlət yaratdılar. Amma Rusiya İngiltərə nümunəsini həyata keçirə bilmir. Buna Rusiyanın coğrafiyası imkan vermir. Məsələn Qafqaz regionu təsir dairəsindən çıxandan sonra Rusiya hiss ediləcək dərəcədə zəiflədi. Kreml bu gün Şimali Qafqaz və Tatarıstanda stabil vəziyyət yarada bilmir. Moskva isə həmin xalqlara demokratik haqlar tanımaq istəmir. Çünki federasiyaya demokratiya ayaq açan kimi daxildəki etniklərin müstəqillik mübarizəsi qızışacaq. Orxan Zeynalov məsələsi də bu istiqamətdə yuxarıdan təşkil edilmiş provakasiyadır. Rusiya bu gün təlatüm içərisindədir. Çünki Rusiyada doğumun sayı az olduğu halda, kənardan bura axışan millətlərin sayı milyonlarladır. Bir neçə ildən sonra federasiyada rus olmayacaq, onlar bu ölkədə ikinci millət statusunu daşıyacaqlar. Ona görə də ruslar Zeynalov təxribatına əl atdılar ki, Rusiyada yaşayan bütün miqrantları ölkədən çıxarsınlar. Məhz məqsədli şəkildə Orxan Zeynalov məsələsi Daxili İşlər və Xarici İşlər Nazirliyi səviyyəsinə qaldırıldı. Əslində bu çox xırda məsələ idi. O gün Volqaqradda baş verən hadisə də şübhəlidir, guya bu şəhərdə Dağıstandan olan bir qadın avtobus partladıb. Rus telekanalları da bildirirlər ki, bu çox şübhəli hadisədir. Yəni, necə olur ki, bu qadın özünü partladır, amma ona aid olan sənədlərə heç nə olmur? Bu da təşkil edilmiş təxribata oxşayır. Hakimiyyət daxilində baş verən böhranı diqqətdən kənar etmək üçün Kreml bu cür yollara əl atır. Bu isə başqa millətlərin Rusiyadan çıxmasına şərait yaradacaq, bundan sonra isə federasiyanın çökməsi sürətlənəcək. Çünki Rusiyada ən çox işləyən millətlər miqrantlardır. Bu gün Rusiyada yaşayan rusların əksəriyyətinin işi yoxdur, pis vəziyyətdə yaşayırlar, gəlirləri yaşamağa güclə çatır, çoxsu da yolxucu xəstəliklərdən əziyyət çəkir. Görək bu cür dəhşətli xəstəliklərlə dövlət necə sağalacaq". ("OLAYLAR" İA)