Düşünülmüş iqtisadi siyasət öz bəhrəsini verməkdədir
İlham Əliyev: “İqtisadi inkişaf templərinə görə Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır”
21 Oktyabr 2013 18:04 Siyasət
Son on ildə ölkədə uğurla həyata keçirilən iqtisadi siyasət nəticəsində əhalinin rifah halının yüksəlməsi, layiqli həyat şəraitinin yaradılması təmin olunub. Şaxələndirilmiş iqtisadi siyasət nəticəsində regionların davamlı inkişafına, yeni istehsal müəssisələrinin açılmasına nail olunub ki, bu səbədən də işsizlik probleminin aradan qaldırılmasına, o cümlədən əhalinin sosial rifahının yaxşılaşdırılmasına nail olunub. Sirr deyil ki, Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasi kursun mərkəzində insan amili, əhalinin sosial problemlərinin həlli, vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi məsələləri dayanır. İqtisadi potensialın gücləndirilməsi, müasir sosial infrastrukturun yaradılması, minlərlə istehsal müəssisəsinin, nəhəng zavod və fabriklərin, yeni iş yerlərinin açılması, əmək haqlarının, pensiyaların, müavinətlərin ardıcıl şəkildə artırılması əhalinin sosial durumunun əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olmuşdur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev inaqurasiya mərasimində bəyan edib ki, iqtisadi inkişaf templərinə görə son 10 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Etiraf edək ki, dövlət başçısı bu fikri təsadüfi deyil, rəsmi statistik məlumatlara əsasən səsləndirib. Söhbət o statistik rəqəmlərdən gedir ki, həmin rəqəmlər beynəlxalq təşkilatların hesabatlarında əksini tapıb. Məsələn, dövlət başçısı bildirib ki, Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artmışdır. Əgər ilk illərdə bu artım daha çox neft amili sayəsində olmuşdusa, hazırda qeyri-neft sektorunun inkişafı bu artımı təmin edir. Məlumat üçün qeyd edək ki, təkcə 2013-cü ilin yanvar-sentyabr ayları ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə 5.4 faiz çox və ya faktiki qiymətlərlə 42.7 milyard manatlıq Ümumi Daxili Məhsul istehsal olunub. Adambaşına ÜDM istehsalı 4606.7 manat (5871.4 ABŞ dolları) təşkil edib. Bu dövrdə sənaye sahələrində 19.9 milyard manatlıq, yaxud ÜDM-in 46.5 faizi qədər, kənd təsərrüfatında 2.5 milyard manatlıq, tikinti kompleksində 4.8, nəqliyyatda 2.4, ticarət və pullu xidmətdə 4.0 milyard, rabitədə 725.1 milyon, digər sahələrdə 5.7 milyard manatlıq və ya ÜDM-in 13.3 faizi qədər əlavə dəyər yaranıb. Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 10.4 faiz artmış, neft sektorunda isə keçən ilin səviyyəsində qalıb. Həyata keçirilmiş uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycanda 1 milyon 200 min yeni iş yeri açılıb ki, onlardan 900 mini daimi iş yerləridir. Yeni açılmış iş yerlərinin hesabına ölkədə işsizliyin səviyyəsi 5 faizə enib. Ölkə iqtisadiyyatının dinamik inkişafı regionların da abadlaşdırılmasına şərait yaradıb. Azərbaycan hökumətinin məqsədli iqtisadi siyasəti nəticəsində regionların inkişafı ilə bağlı iki beşillik proqram icra edilib. Nəticədə bölgələrin abadlaşmasına nail olunub. Artıq fəxrlə demək mümkündür ki, bölgələrlə paytaxt arasındakı fərq minimuma endirilib. Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət xarici investorların da diqqətindən kənarda qalmayıb. Belə ki, ölkə iqtisadiyyatına yatırılan 150 milyard dollarlıq sərmayənin təxminən yarısı zarici sərmayədarların payına düşüb. Bu, həm də Azərbaycanda siyasi və iqtisadi sabitliyin göstəricisidir ki, xarici sərmayədarlar sərbəst şəkildə ölkəmizdə investisiya yatıra bilirlər. Başqa sözlə, Azərbaycanda gözəl investisiya iqlimi olduğundan xarici investorlar üçün cəlbedici ölkə olaraq qalır.
O da sirr deyil ki, Azərbaycan hökuməti iqtisadi uğurları geniş sosial proqramlara yönəltməkdən çəkinmir. Yəni güclü iqtisadi islahatlar düşünülmüş sosial siyasətlə tamamlanır. Artıq sosial dövlət imici qazanmış Azərbaycanda əhalinin rifah halı yüksəlməkdə davam edir. Fikrimizi son on ildə ölkədə yoxsulluq səviyyəsinin 10 dəfə azalaraq 49 faizdən 5,5 faizə enməsi faktı bir daha təsdiq edir. Eyni zamanda, son 10 il ərzində ölkədə orta əmək haqqı 5,6 dəfə, orta pensiya 9,2 dəfə artıb. Respublikada 2700 məktəb, 500-ə yaxın xəstəxana, 35 olimpiya mərkəzi tikilib, tarixi abidələrimiz bərpa edilib. Təkcə bu faktlar deməyə əsas verir ki, Azərbaycan sosial dövlət kimi artıq öz sözünü deyib. Parlamentə təqdim edilmiş gələn ilin dövlət büdcəsinin göstəriciləri deməyə əsas verir ki, Azərbaycanda sosial siyasət bundan sonrakı illərdə də prioritet olaraq qalacaq. Onu da qeyd edək ki, Azərbaycanın iqtisadi inkişafı xarici dövlətlərdən asılılığını tamamilə aradan qaldırıb. Təsadüfi deyil ki, Azərbaycanın xarici dövlət borcu ümumi daxili məhsulun 7-8 faizini təşkil edir ki, bu da dünya miqyasında ən yaxşı göstəricilərdən hesab olunur. Hazırda Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollara yaxındır. Artıq Azərbaycan kosmik dövlətlərin sırasına daxil edilib, sahibkarlığın inkişafı ilə bağlı böyük addımlar atılıb. Ötən on ildə sahibkarlara bir milyard manat dəyərində güzəştli kreditlər verilib. Təkcə bu fakta nəzər yetirmək kifayətdir ki, Azərbaycanın dövlət büdcəsi Ermənistandan 10 dəfə çoxdur. Gürcüstanın dövlət büdcəsi isə cəmi 4.8 milyard dollar təşkil edir. Bu isə ondan xəbər verir ki, Azərbaycanın dövlət büdcəsi Ermənistan və Gürcüstanın birgə dövlət büdcəsindən 4 dəfə çox olacaq ki, bu da region iqtisadiyyatının 80 faizinin Azərbaycan iqtisadiyyatının payına düşməsindən xəbər verir.
Dövlət başçısı çıxışında qeyd edib ki, Azərbaycanın iqtisadi sahədəki uğurlarına düşünülmüş siyasi və iqtisadi siyasətin nəticəsində nail olub. İqtisadi naliyyətlərin səbəbləri sırasında müstəqil xarici siyasət də öz rolunu oynayır. Məhz bu siyasətin nəticəsidir ki, hazırda Azərbaycan 150-yə yaxın ölkə ilə ticarət mübadiləsi aparır, xarici ölkələrlə müstəqil şəkildə iqtisadi əlaqələrini genişləndirir. Hansı ölkəyə hansı məhsulun hansı qiymətə ixrac edilməsi barədə müstəqil qərar qəbul edir. Artıq bütün aparıcı beynəlxalq qurumlar iqtisadi inkişafla bağlı Azərbaycanı nümunəvi ölkə kimi qiymətləndirir. Bir müddət öncə Davos Dünya İqtisadi Forumu rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 39-cu yerə layiq görüb. Dövlət başçısının qeyd etdiyi kimi " Biz müstəqil siyasət aparırıq. Azərbaycan heç kimdən heç nə xahiş etməmişdir, etmir və etməyəcəkdir. İqtisadi müstəqillik, güclü ordu potensialı, cəsarətli, birmənalı siyasət, milli maraqlarımızın qorunması - bu amillər bizi problemlərdən qoruya bildi".
Alim