Qırğızıstandakı diaspor təşkilatından Rusiyaya etiraz
21 Oktyabr 2013 17:34 SiyasətQırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu adam öldürməkdə şübhəli bilinən Orxan Zeynalovunn həbs olunması və ona qarşı tətbiq edilən qeyri-insanı hərəkətlərlə bağlı bəyanat yayıb. Bu barədə "OLAYLAR"-a məlumat verən fondun prezidenti Nüsrət Məmmədov deyib ki, bəyanat Rusiya Federasiyasının ombudsmanı və bu ölkənin kütləvi informasiya vasitələrinə göndərilib. Bəyanatda həmyerlimiz Orxan Zeynalova qarşı edilən qeyri-insani hərəkətlər qətiyyətlə pislənilir və Rusiya hakimiyyətinə insan hüquq və azadlıqları ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etmək tövsiyyə olunur. Bildirilir ki, Orxan Zeynalov şübhəli bilinən cinayəti törətmiş olsa belə, o qanun qarşısında cavab verməli və müəyyən edilmiş cəzasını çəkməlidir. Ancaq onun olduqca təhlükəli bir cinayətkar kimi həbs edilib vertolyotla Moskvaya gətirilməsi və daxili işlər nazirinin otağına əli-qolu bağlı halda salınması doğru deyil. Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu onu da vurğulayıb ki, baş vermiş cinayət hadisəsindən bəzi qüvvələr şou düzəltmək istəyirlər.