Etnik münaqişələr Rusiyanı parçalaya bilər
Kreml təcili ölçü götürməli, skinhedlərin ipini yığmalıdır
21 Oktyabr 2013 16:47 SiyasətMoskvanın Qərbi Biryulevo rayonunda baş vermiş qətl hadisəsi ən yeni tarixin başlanğıc nöqtəsi ola bilər. 31 yaşlı Azərbaycan vətəndaşı Orxan Zeynalova qarşı dövlət səviyyəsində edilmiş naqis hərəkətlər ciddi narazılıq doğurub. Hətta nüfuzlu rus ziyalıları da buna etiraz ediblər. Xatırladaq ki, Orxan 25 yaşlı rusiyalı Yeqor Şerbakovu öldürməkdə suçlandırılır. İnsanları hiddətləndirən nədir? Orxanı xüsusi vertolyotla Moskvanın Petrovka-38 ünvanında yerləşən istintaq təcridxanasına aparıblar. O.Zeynalov Moskva ətrafındakı Kolomna şəhərində yaxalanıb, onun tutulmasında SOBR xüsusi təyinatlı qüvvələri iştirak edib. Orxanı əl-qolu bağlı halda və təhqiramiz formada Rusiya daxili işlər nazirinin qəbuluna gətiriblər. Və bütün bunlar televiziya ilə canlı yayınlandı. Rusiyalı ziyalılar belə bu biabırçı kadrlara ironiya ilə "sanki Bin Ladeni ələ keçiriblər" deyə yanaşdılar. Aşkar görünürdü ki, Kreml kimlərəsə barmaq silkələyir. Dİ naziri obrazında Kreml, diz çökdürülmüş Zeynalov obrazında isə Rus ayısı hansısa ipə-sapa yatmayan MDB dövlətini görür. Putin prezident seçiləndən sonra Kremlin imperiya ambisiyaları artıb. Rusiya açıq-aşkar, zorbalıqla MDB dövlətlərinə Avrasiya İttifaqı və Vahid Gömrük İttifaqına üzv olmaları üçün təzyiq edir. Rusiyanın təzyiqləri o yerə çatıb ki, rəsmi Vaşinqton narahatlığını ifadə edib, "Kremlin ikinci SSRİ yaratmasına imkan verməyəcəyik" mesajını verib. Bütün bunlar Moskvada baş verənlərin, millətçi rus faşistlərinin fəallaşmasının Kremlin siyasi oyunları ilə bağlı olduğu qənaətini yaradır. Amma başqa versiyalar da var. Bu hadisələrin ertəsi günü azərbaycanlı gəncin öldürülməsi, ardınca Rusiyanın ikinci paytaxtı sayılan Sankt-Peterburqda millətçilərin icazəli mitinqi, Nevski prospektində miqrantlara qarşı yürüş başqa mülahizələri də gündəliyə çıxarır.
Hesab olunur ki, karbohidrogen ehtiyatları ilə zəngin Rusiyanın güclənməsi, yenidən imperiya ambisiyalarına düşməsi Qərbi "b" planına vadar edib. Bu da Rusiyanın vaxtından qabaq parçalanmasına start verməkdir. ABŞ və onun Qərbdəki müttəfiqləri rus imperiyasını parçalamağın yolunu yaxşı bilirlər. Etnik münaqişələrin imperiyanı parçalayacaq virus olduğunu hər kəs bilir. 1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində SSRİ məhz etnik münaşilərlə dağıldı. Yusoslaviya milli zəmində qarşıdurmaların güdazına getdi. Rusiya da çoxmillətli dövlətdir. Qərb texnoloqları yaxşı bilirlər ki, Rusiyada etnik münaqişə alovlansa, bunun fəsadları çox ağır olacaq. Rusların qafqazlılarla münaqişəsi bəribaşdan fəlakət vəd edir. Qafqazlılar orta asiyalılardan fərqli olaraq passionardı, emosionaldı, davakardı. Rusiya hüquq-mühafizə orqanları tərəfindən dəstəklənən, himayə olunan başıqrxıq millətçilərin özlərini belə cəzalandırmaqdan, öldürməkdən çəkinməyən qafqazlılar Rusiya üçün böyük təhlükədir. Rus faşistlərinə güvənmək, onların əli ilə gəlmələri cəzalandırmaq bumeranq effekti verə, Rusiya üçün ağır nəticələrə səbəb ola bilər. Kreml başbilənləri rus Silahlı Qüvvələrinin, hüquq-mühafizə orqanlarının əhəmiyyətli hissəsinin müsəlman, qafqazlı, türk olduğunu unutmamalıdır. İndiki halda gəlmələrə qarşı aqressiya Rusiyanın qanlı yolla dağılmasına gətirib çıxaracaq. İmperiya onsuz da dağılacaq. Amma zamanı indi deyil. Gec-tez Rusiya Uraldan Şərqdəki torpaqlarından imtina etmək zorunda qalacaq. Rus dövləti Soljenitsının dediyi kimi Moskva ətrafı ilə (Mərkəzi Rusiya) ilə kifayətlənməlidir. Bu proses təkamüllə getməlidir. Təbii təkamül prosesinin pozulması qanlı hadisələrlə sonuclanacaq. Prseslərin qanlı münaqişə halına keçməsi isə rus dövlətinin parçalanmasını labüd edəcək.
Ərhun Abbas