“Rusiya KİV erməni lobbisinin əlindədir” - Aytən Mustafayeva

“Bir cinayətin ətrafında böyük siyasi polemika yaratmaq gözlənilməz siyasi nəticələrə gətirib çıxara bilər”

AMEA-nin İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva Moskvada rus vətəndaşını öldürməkdə ittiham olunan Orxan Zeynalov barədə fikirlərini "OLAYLAR"a bildirib.

Aytən Mustafayeva hesab edir ki, bu hadisə onu göstərir ki, son zamanlar Azərbaycan - Rusiya münasibətlərinin istiləşməsi hansısa qüvvələri narahat edir və belə hərəkətlər etməyə vadar edir:

"Bunu yalnız belə adlandıra bilərəm ona görə ki, Moskva kimi böyük bir şəhərdə gün ərzində yüzlərlə hadisə baş verir. Moskva böyük bir şəhərdir, orada miqrantların sayı demək olar ki, milyonlarladır. Təbii ki belə bir qarışıq şəhərdə meqapolisdə kriminal vəziyyət də həmişə gərgin olur. Bu gərginlik şəraitində hansısa bir cinayəti sadəcə olaraq bir cinayət kimi qiymətləndirmək lazımdır. Bu cinayəti bu qədər əsassız olaraq şişirtmək doğurdan da insanlığa zidd olan bir hadisədir. Hansısa bir cinayəti götürüb milli qarşıdurma mövzusuna keçirtmək bunu  yalnız düşünülmüş bir addım kimi qiymətləndirmək olar".

Millət vəkili qeyd edir ki, bu cür cinayətlər bütün ölkələrdə baş verir və heç kim onu qabartmır ki, hansı millətin nümayəndəsi hansı millətin nümayəndəsini öldürüb. Cinayətkar hər yerdə cinayətkardır.  

Aytən Mustafayevanın sözlərinə görə, bu cinayəti millətlərarası münasibətlərə keçirtmək artıq siyasətdir. Bir cinayətin ətrafında böyük siyasi polemika yaratmaq gözlənilməz siyasi nəticələrə gətirib çıxara bilər.

Millət vəkili ümid edir ki, bu hadisə heç bir halda millətlərarası qarşıdurma kimi qiymətləndirilə bilməz və bunun da heç bir əsası yoxdur. Aytən Mustafayeva həmçinin paralel olaraq qeyd edir ki, son illər Rusiya ictimaiyyəti, Rusiya hökuməti tərəfindən qeyd olunur ki, başqa millətlərə qarşı adi deyil, faşizm ideologiyasını daşıyan hərəkətlər mövcuddur. Rusiyanın həm böyük, həm kiçik şəhərlərində başqa millətlərin nümayəndələrinə qarşı olan cinayətlərə nəzər sala bilərik. O cinayətlər artıq ideoloji bir əsas daşıyır. Təbii ki, onda da Azərbaycan hökuməti, nə də ki Azərbaycan vətəndaşları demirdilər ki, Azərbaycan - Rusiya münasibətləri mütləq dəyişilməlidir, bu münasibərtlərə yenidən baxılmalıdır. "Azərbaycan tolerant ölkədir, həmişə çoxmillətli olub və Azərbaycanda belə problemlər olmayıb. Mən əminəm ki, Orxan Zeynalovun törətdiyi sadəcə bir cinayətdir. Mən əminəm ki, nə Azərbaycan tərəfi, nə Rusiya tərəfi bu provakasiyalara uymayacaq" deyə Aytən Mustafayeva bildirib.

Millət vəkili Aytən Mustafayeva bu hadisədə erməni amilinin olmasını da istisna etmir: "Azərbaycan - Rusiya münasibətlərinə xələl gətirmək istəyənlərdən ən birincisi əlbəttə ki erməni lobbisi və erməni nümayəndələridir. Təbii ki, Rusiya tərəfi də, Azərbaycan tərəfi də gözləyəcək ki, Azərbaycan - Rusiya münasibətlərinə heç bir xələl gəlməsin. Demək olar ki, Rusiya KİV-i erməni lobbisinin əlindədir. Rusiya hakimiyyəti bunu düşünməli və bu barədə narahat olmalıdır. Həm dövlət, həm ictimai təşkilatlarda, həm KİV-də ermənilər olduqca çoxalıb. Bu artıq Rusiyanın siyasəti deyil. O ölkədə artıq Rusiya adı ilə erməni siyasətini həyata keçirmək təhlükəsi var".

Millət vəkili AMEA-nin İnsan Hüquqları İnstitutunun direktoru Orxan Zeynalova qarşı edilən hərəkətləri insan hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirib: "Rusiyanın Daxili İşlər Nazirliyinin nümayəndələrinin Orxan Zeynalova qarşı qeyri-insani davranışı insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Əgər cinayət varsa və sübuta yetirilibsə cinayətkar cəzasını çəkməlidir. Hələ ki Orxan Zeynalovun cinayəti törətməsi sübuta yetirilməyib. Cinayət hələ sübut olunmamış geniş şəkildə müzakirəyə səbəb olması etik normalara ziddir. Təbii ki bu insan hüquqlarının pozulmasının göstəricisidir".

Sevda Qurbanqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00