“Sanki Ben Laden həbs edilib...” - POLITOLOQ

Elman Nəsirov: “Hadisənin bu dərəcədə qabardılması Rusiyanın özü üçün başağrısına səbəb ola bilər”

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov Moskvada rus vətəndaşını qətlə yetirməkdə şübhəli bilinən azərbaycanlı Orxan Zeynalova qarşı edilən qeyri-insani hərəkətlərə öz münasibətini "OLAYLAR" vasitəsilə bildirib.

Gənc professor hesab edir ki, bu hadisə, yəni azərbaycanlı Orxan Zeynalovun cinayət törətməkdə ittiham olunması və ona qarşı tətbiq edilən qeyri-insani davranış tərzi heç bir halda Rusiyanın imicinə müsbət bir şey vəd etmir. Eyni zamanda Rusiyanın qoşulduğu müvafiq konvensiyaların prinsipləri ilə daban-dabana ziddir. Elman Nəsirovun sözlərinə görə, ona münasibətdə bu addımlar daha çox milli, dini, irqi dözümsüzlük təəssüratı bağışlayır. Elman Nəsirov həmçinin Orxan Zeynalovun nə tərcüməçi, nə də ki vəkillə təmin edilməməsini hüquq pozuntusu kimi qiymətləndirib: "Bunlar hamısı var və həqiqətdir. Sanki Ben Laden həbs edilib, Orxanın daxili işlər nazirinin otağına gətirilməsi absurddur. Bu hadisədə şübhəsiz ki, reallığın, daha dəqiq desək aysberqin görünən hissəsidir. Burda bir sıra gizli məqamlar var".

Elman Nəsirov hesab edir ki, bu hadisədə Rusiya KİV-nin bir "şou" düzəltməsi özü bir siyasi sifarişin tərkib hissəsidir. Heç şübhəsiz ki, burada bir neçə amil rol oynayır. Politoloqun sözlərinə görə, bu gün Rusiya cəmiyyətində, Rusiya ictimaiyyətində hakimiyyətin atdığı addımlardan narazı qüvvələr var və müxalifət də bu narazılıqdan maksimum istifadə edir. Hakimiyyət əleyhinə müxtəlif mitinqlər, tədbirlər keçirir. Belə olan vəziyyətdə onlar "günahkar keçi" axtarışına çıxırlar. Rusiyada iqtisadi, sosial problemlərin kökündə hansı məsələ dayanır? Bu suala cavab axtararkən ilk növbədə yadlarına miqrantlar düşür və onları Rusiyada bütün kriminal vəziyyətin gərginləşməsində günahkar hesab edirlər. Rusiyada sosial-iqtisadi vəziyyətin gərginləşməsində günahkar kimdir? Günahkar miqrantlardır. Hazır bir cavab mövcuddur. Buna görə də belə tədbirlər keçirməklə daxili vəziyyəti sakitləşdirmək istəyirlər.

Elman Nəsirov bu hadisədə erməni "barmağı"nın olmasını da istisna etmir: "Bilirsiniz ki, bir neçə ay öncə erməni sürücüyə münasibətdə belə bir addım atılmışdır. Rusiya KİV-də onun da cinayəti xüsusi qabardılmışdır. Mənə elə gəlir ki, indiki halda burada bir erməni "əli" də var. Məsələ ondadır ki, erməni lobbisi və diasporası o zaman çox narazı qalmışdır ki, niyə məhz erməni bu qədər çox hallandırıldı? Məhkəmə zalında qadın xalatında əyləşdirildi. Sanki bu məsələdə də balans olsun deyə mütləq bir azərbaycanlı cinayətkar obrazı yaratmaq lazımdır. Və o da ermənilərin başına gətirilən hadisəyə oxşar bir hadisə olmalıdır. Hesab edirəm ki, buna nail olmaq üçün erməni lobbi və diasporası bu istiqamətdə çalışıblar. Bu nöqteyi-nəzərdən də bu hadisədə erməni "barmağı"nın olması ehtimalı da kifayət qədər böyükdür.

Politoloq baş verən hadisəni Azərbaycan - Rusiya münasibətlərinin strateji ruhuna uyğun gəlmədiyini bildirib: "Bu hadisə heç şübhəsiz ki Azərbaycan-Rusiya münasibətlərinin strateji ruhuna uyğun gəlməyən bir yanaşmadır. Məsələ ondadır ki, cinayət varsa, bu cəzasız qalmamalıdır. Cinayət törədilirsə, onu törədən şəxsin cinayəti sübuta yetirilməlidir, hüquqi arqumentlər təsdiqini tapmalıdır. Yox əgər cinayət sübuta yetirilməyibsə şəxsin özünümüdafiə hüququ var".

Elman Nəsirov bildirir ki, Rusiya tərəfi həm də onun fərqində olmalıdır ki, Azərbaycan bu gün dünya üçün dini baxımdan, irqi baxımdan, mədəni baxımdan tolerantlıq nümayiş etdirir.

"Azərbaycan bu gün mədəniyyətlərarası dialoqun məkanına çevrilib. Bununla dünyaya nümunə göstərir. Belə bir vəziyyətdə Azərbaycana qarşı bu cür davranış tərzi Azərbaycan cəmiyyətində də haqlı narazılıqlara səbəb olur. Çünki Azərbaycanda da rus mənşəli vətəndaşlar cinayət törədirlər. Azərbaycan da buna cinayətkar kimi qiymət verir. Burada dini, irqi, milli mənsubiyyət məsələləri axtarılmır. Cinayətkar dinindən, irqindən, milliyətindən asılı olmayaraq cinayətkardır. Amma Rusiyanın azərbaycanlı Orxan Zeynalova münasibətində bunun tam əksini müşayiət etdik" deyə gənc professor bildirib.

Elman Nəsirov hesab edir ki, Rusiyanın hüquq - mühafizə orqanları bu məsələnin törədəcəyi siyasi fəsadları düşünməli, bundan nəticə çıxarmalıdırlar. Bu istiqanətdə yeri gəlmişkən Azərbaycan tərəfi də məsələ ilə bağlı müvafiq addımlar atmağa başlayıb.

Politoloq təəssüf doğuran hal olaraq qeyd edir ki, Rusiyada gün ərzində yüzlərlə cinayət hadisəsi baş verir. Amma heç bir halda dini, etnik, milli mənsubiyyət məsələlərinə baxılmırdı. Amma son zamanlar bu məsələlər xeyli aktuallaşıb. Elman Nəsirovun sözlərinə görə, xüsusilə də məhz azərbaycanlı olduğu üçün məsələnin bu şəkildə qabardılması Rusiyanın özü üçün ciddi başağrılarına səbəb ola bilər, çünki belə hallar xoşagəlməz ssenarilərin işə düşməsinə rəvac verə bilər.

Sevda Qurbanqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00