“Rusiya Gürcüstanda gizli əməliyyatlara başlayıb” - Qabil Hüseynli
“İvanişvilinin adamının seçkidə qələbə qazanaraq hakimiyyət başına keçməsi Rusiyanın layihəsinin həyata keçməsi demək olacaq”
21 Oktyabr 2013 16:27 Siyasət"Gürcüstanda seçkiqabağı vəziyyət mürəkkəbləşib" - politoloq Qabil Hüseynli "OLAYLAR"a açıqlamasında belə deyib. Q.Hüseynli qeyd etdi ki, qonşu ölkədə baş verən gərginliyin əsas səbəbi Rusiyanın yenə də "Gürcüstan arzusu" koalisiyasına dəstək verməsidir. Rusların Gürcüstan vətəndaşlarının İvanişvilinin namizədinə səs vermələri üçün lazımi işlərin apardığını deyən politoloqun sözlərinə görə, Gürcüstanda yaşayan azərbaycanlıların böyük əksəriyyəti də təsir altına düşərək, parlament seçkisində olduğu kimi prezident seçkilərində də "Gürcüstan arzusu" koalisiyasının namizədinə səs verəcəklərini bildirirlər: "İvanişvilinin adamının seçkidə qələbə qazanaraq hakimiyyət başına keçməsi Rusiyanın layihəsinin həyata keçməsi demək olacaq. Amma Saakaşvilinin namizədi vaxtilə baş nazir postunda çalışıb. Onun da şansları yüksək qiymətləndirilir. Mümkündür ki, birinci mərhələdə seçkinin qalibi müəyyənləşməsin, ikinci mərhələ seçkilər keçirilsin. İkinci mərhələ baş tutsa, Saakaşvilinin namizədi qələbə qazanacaq. Əgər nəticələr birinci mərhələ ilə müəyyənləşsə, İvanişvilinin komandası hakimiyyəti tamamilə ələ keçirəcək. Əgər Saakaşvilinin komandası hakimiyyətdəki mövqeyini qoruyub saxlasa, Rusiya Gürcüstanı yenidən qarışdıracaq. Burada da müəyyən köhnə partiya nomenklaturası - Eduard Şevardnadzenin, Nina Burcanadzeni qarşıdurmaların yaradılmasında maraqlı ola bilərlər. Ona görə də Saakaşvili variantı Qərb tərəfindən dəstəklənsə də, Rusiya tərəfindən güclü müqavimətlə qarşılaşır. Bunlar da Gürcüstanda müəyyən qarşıdurmalara gətirib çıxara bilər". ("OLAYLAR" İA)