İnaqurasiya mərasimi hər bir dövlətin özünün sərbəst seçimidir

Andiçmə mərasimlərinin keçirilməsi üçün dünyada vahid qəlibə salınaraq kristallaşmış protokollar yoxdur

Azərbaycanda keçirilən prezident seçkiləri başa çatdı və rəsmi nəticələrə görə, prezident İlham Əliyev ən çox səs toplayaraq yenidən dövlət başçısı postuna seçildi. Elə bu münasibətlə dünyanın əksər ölkələrinin rəhbərləri bu seçkinin nəticələrini qeyd-şərtsiz tanıdılar və hətta İ.Əliyevi təbrik də etdilər. Təəssüf ki, məğlubiyyəti ilə barışmaq istəməyən radikal müxalifət hələ də öz iddiasından əl çəkmir, atılan hər bir addıma ləkə yaxmağa çalışır. Məlumat üçün qeyd edək ki, artıq Konstitusiya Məhkəməsi 9 oktyabrda Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələrini təsdiq edib, bununla da prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib. Baxmayaraq ki, inaqurasiya mərasimi tam ölkə qanunvericiliyinə, xüsusən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun keçirilib, ancaq radikal müxalifət bu mərasimə də kölgə salmağa cəhd edir. Qısası,  müxalifət düşərgəsi öz məğlubiyyətinə don geyindirmək üçün qələbəyə kölgə salmağa çalışır.
Millət vəkili Eldar İbrahimov bildirib ki, radikal, qeyri-konstruktiv müxalifətin və onların nəzarəti altında olan mətbuatın ölkə Prezidentinin andiçmə mərasiminə kölgə salmaq cəhdləri qərəzlilikdən, riyakarlıqdan və gözügötürməzlikdən başqa bir şey deyil. Azərbaycan xalqının mütləq əksəriyyətinin etimadını və səsini qazanan ölkə Prezidenti cənab İlham Əliyev inaqurasiya mərasimini parlamentdə keçirməklə bir daha sadələyini, səmimiliyini nümayiş etdirdi. Millət vəkilinin dediyinə görə, radikal cinah əslində özünə əlac qılmağa çalışsa, daha yaxşı olar:
" Radikalları, Milli Şuranı növbəti seçki fiaskosundan sonra da eks deputatlar Rəsul Quliyev və Zəminə Dünyamalıyevanın timsalında istefa dalğası başına götürüb və indi onlar bunu ört-basdır etmək, cəmiyyətin diqqətini yayındırmaq üçün məlum inaqurasiya mərasimi ətrafında süni ajiotaj, hay-küy yaratmağa ucuz, səmərəsiz cəhd göstərirlər. Radikallar öz günlərinə ağlasalar, bu biabırçı vəziyyətlərindən çıxmağa çalışsalar, daha məqsədəuyğun olar. Çünki bundan əvvəlki seçkilərdə olduğu kimi, builki seçkilərdə də növbəti uğursuzluq, məğlubiyyət acısı yaşadılar. Bunun da əsas səbəbi onların son dərəcə yarıtmaz, səriştəsiz, Azərbaycanın milli maraq və mənafelərinə uyğun olmayan "siyasət" yeritmələrində, "fəaliyyət" sərgiləmələrindədir. Azərbaycan cəmiyyəti artıq onların bu "siyasətindən", qeyri-ciddi fəaliyyətindən bezib və budəfəki seçkilərdə də onlara, onların namizədinə səs verməməklə bir daha həmin qüvvələrə olan münasibətini açıq-aşkar ifadə edib. İndi bunlar öz səhvlərini etiraf etmək, Azərbaycan cəmiyyətindən üzr istəmək və üzüsulu siyasət meydanını tərk etmək əvəzinə, özlərini sanki heç nə olmamış kimi aparmağa, cəmiyyəti, öz ətraflarında olan məhdud saylı insanları yenidən aldatmağa, Azərbaycan hakimiyyəti barədə növbəti dezinformasiya yaymağa cəhd göstərməkdədirlər. Amma yenə alınmayacaq, necə ki, əvvəllər də alınmayıb. Azərbaycan cəmiyyəti hələ 1993-cü ildən ağı-qaradan, yaxşını-pisdən seçməyi bacarır. O bilir ki, kimə və hansı qüvvəyə inanmaq, etimad göstərmək və etibar etmək lazımdır. Azərbaycan cəmiyyətinin seçimi 1993-cü ildən bəllidir və bu seçimində də israrlıdır. Heç bir qüvvə də onu öz seçimindən geri çəkindirə bilməz və çəkindirmək gücündə də deyil. Bu, birmənalıdır".
Prezidentliyə sabiq namizəd, millət vəkili Zahid Oruc qeyd edib ki, burada qeyri-adi heç nə yoxdur, əksinə, məhz bu cür unaqurasiyanı xalqa, seçiciyə hörmətin əlaməti kimi qəbul etmək lazımdır. Z.Oruc bu yeniliyin prezidentin gələcək addımlarında da öz əksini tapacağı qənaətində olduğunu bildirib:
"Şənbə günü ölkə başçısı parlamentdə millətinə və xalqına sədaqət andı içdi. Bununla bir daha sübut etdi ki, idarəçilikdə təmsil olunan hər bir şəxsin və hökumət yetkililərinin davranışlarında sadəliyi istəyən lider özü bunu yaxşı bir nümunə kimi simvolizə edərək ortaya qoyur". Onun sözlərinə görə, andiçmə mərasimlərinin keçirilməsi üçün dünyada vahid qəlibə salınaraq kristallaşmış protokollar yoxdur: "Bu hər bir ölkənin, hər bir dövlətin özünün sərbəst seçimidir. Başqa ölkələrdə, xüsusən də ABŞ-da inaqurasiya mərasimlərinə sərf olunan milyonlara da həmin cəmiyyətlərdən çox ciddi təpkilər və reaksiyalar olur. Ona görə də hesab edirəm ki, məhz parlamentdə - hakimiyyətin mühüm bir qolunda andiçmə mərasimini keçirməklə ölkə başçısı sübuta yetirdi ki, öz sadəliyi ilə xalqın səsini, seçimini əsas götürür. Bu cür inaqurasiyaları əlamətdar və mötəbər eləyən çox bahalı salonlar və ya titullu qonaqlar deyil. Ən əsası xalqla birgə döyünən ürəkdir və liderliyi millətin maraqları çərçivəsində reallaşdırmaqdır. Ölkə rəhbəri bunu da etdi və bir daha sübut etdi ki, bundan sonrakı dönəmdə də dövlətin siyasi kursuna bu cür yenilikçi, islahatçı mövqedən yanaşmaqda davam edəcək".
Millət vəkili Aydın Mirzəzadə isə qeyd edib ki, Azərbaycan qanunvericiliyində seçkidən sonraya qədər bütün prosedurlar göstərilib. MSK seçkiyə yekun vurduqdan sonra sənədləri Konstitusiya Məhkəməsinə göndərir. O, 4 gün ərzində yekun qərar verməlidir və bundan sonra 3 gün ərzində inauqurasiya keçirilməlidir. Seçkilərdə şikayətin olmaması səbəbindən bəzi prosedurlar vaxtından tez başa çatıb: "Seçkilərdə şikayətlər həddindən artıq az olduğuna görə və seçkinin legitimliyi heç bir şübhə doğurmadığına görə, MSK işinə vaxtından tez yekun vurdu. Konstitusiya Məhkəməsinin nəticələrinin təsdiqləməsindən sonra mərasimin uzadılmasının heç bir lüzum yox idi. Qanunvericiliyə uyğun bütün prosedurlar keçirildikdən sonra inauqurasiya mərasimi təşkil olundu. Bununla bağlı iddiaları əsassız sayırıq, andiçmə mərasiminin qanunda göstərilən müddətdə keçirildiyini bəyan edirik". YAP-çı deputat Azərbaycan müxalifətini andiçmə prosesi ətrafında şayiə yaymaqda ittiham edib. "Azərbaycanın radikal müxalifəti siyasətin məğzini bilmədiyi kimi, dövlətin idarəolunma prinsiplərini də bilmir. Müxalifətin inauqurasiya məsələlərinə münasibət bildirməsi onların dövlətçilik təfəkkürünün zəif olması ilə bağlıdır".
 

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00