Almaniyada müstəqillik günü qeyd edilib
21 Oktyabr 2013 13:50 SiyasətAlmaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr edilmiş axşam təşkil edilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbir Azərbaycanın inkişafını, ənənə və müasirliyini göstərən sənədli filmin nümayişi ilə başlayıb. Daha sonra tədbirin rəsmi hissəsini AAKM-nin icraçı direktoru Samira Patzer-İsmailova giriş sözü ilə açaraq, qonaqları hər bir xalqın tarixində önəmli gün olan müstəqillik bayramı münasibətilə təbrik edib və Azərbaycanın artıq 22 ildir ki, müstəqillik yolunda inamla və şərəflə addımladığını, əldə etdiyi nailiyyətləri qeyd edib. Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin müşaviri Rizvan Nəbiyev Azərbaycanın tarixinə və müasir dövrdəki inkişafına dair çıxış edərək, Azərbaycan dövlət quruculuğu işində iqtisadi və sosial dəyişikliklərin həyata keçirilməsindən, beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsindən, digər uğurlarından bəhs edib. Tədbirin bədii hissəsində Azərbaycanın tarixindən bəhs edən "Cavad xan" bədii filmi nümayiş etdirilib.