COP29 Azərbaycanın sülhsevər siyasətinin dünyaya nümayişi üçün bir fürsətdir- ÖZƏL
5 Noyabr 2024 13:32 Siyasət"Builki 8 Noyabr - Zəfər günü Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirildiyi ərəfəyə təsadüf edir. Bu qərar ölkəmizin dünyadakı nüfuzunun göstəricisi və beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəsinə yüksək etimadın göstəricisidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: "Dünyanın 200-dək ölkəsini təmsil edən 80 minədək nümayəndənin qatılacağı gözlənilən bu tədbir həm də tarixi Zəfərə imza atmış Azərbaycanın misli görünməmiş inkişafının və sülhsevər siyasətinin dünyaya nümayişi üçün bir fürsətdir.
Beləliklə, hər bir tarixi gün onun mahiyyətinin açıqlanmasında, bu günümüz və gələcəyimiz üçün önəminin düzgün dəyərləndirilməsində ən zəngin mənbədir. Bu baxımdan, illər keçdikcə Zəfər Gününün əhəmiyyəti daha aydın görünəcək. Şübhə yoxdur ki, müasir tariximizə qızıl hərflərlə yazılan bu misilsiz nailiyyət haqqında hələ yüz illər sonra da iftixarla danışılacaq və gələcək nəsillərə ən dəyərli vətənpərvərlik nümunəsi kimi ötürüləcək".