Sülhə doğru atılan addımlar onu yaxınlaşdıracaqmı?
2 İyun 2023 10:55 SiyasətAzərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, iki ölkə arasında sülh müqaviləsinin imzalanması istiqamətində diplomatik səylər davam edir. Vaşinqton, Brüssel və Moskvanın ardınca bu dəfə Azərbaycan və Ermənistan liderləri Moldova paytaxtında bur araya gəlirlər. Hər dəfə bu tipli görüşlər keçirilən ərəfədə tezliklə Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanacağı kimi fikirlər səslənsə də, lakin nəticə heç də arzuedilən kimi olmur. Bəs, yaxın perspektivdə Azərbaycan və Ermənistan arasında sülh mümkün görünürmü?
Məsələ ilə bağlı münasibətini bildirən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib ki, "Sülh müqaviləsi" anlayışının Azərbaycan və Ermənistan arasında münasibətlərə gətirə biləcəyi dəyişiklik mahiyyəti etibarilə məntiqə ziddir:
"Hər kəs qəbul edir ki, iki ölkə uzun illər müharibə vəziyyətində olub və hələlik də, bu reallıq dəyişməyib. Amma tərəflərdən biri, bu durumda Ermənistan tərəfi müharibədə məğlub olub, işğal etdiyi ərazilərdən çıxarılıb və məğlubiyyət aktı hesab olunacaq bəyanata imza atıb. Dünya birliyi də bu prosesi qəbul edib. Yeni reallıqlar yaranıb. Azərbaycan imzalanan bəyannamənin şərtlərinin tam yerinə yetirilməsini gözləyir və tələb edir. Bu bəyannamə prosesin başa çatmasını idarə etmək üçün əsas sənəd olmaqla yanaşı, eyni zamanda, gələcək addımlar atmaq üçün də yetərli sənəddir".
Politoloqun sözlərinə görə, sülh müqaviləsi olmasa belə məğlub tərəfin de-yure Azərbaycanın ərazi bütövlüyünü qəbul etdiyi və iki ölkə arasında kommunikasiyaların açılmasını ehtiva edən bəndin olması səbəbindən yetərli sənəddir ki, regionda əlaqələr bərpa olunsun, eyni zamanda, Azərbaycanın Naxçıvanla əlaqəsi daha səmərəli və məqbul şərtlərlə həyata keçirilsin:
"Bu bəyannamə, eyni zamanda, Azərbaycan üçün sülh müqaviləsindən də əhəmiyyətli sənəddir, çünki burda Azərbaycan şərtləri diktə edən tərəf rolundadır. Ermənistan hazırda bu bəyannaməyə əsasən Azərbaycanın hesab etdiyi ərazilərdən geri çəkilibsə, deməli, o, Azərbaycanın ərazi bütövlüyünü, ən əsası isə sərhədlərini tanıyıb. Sərhədlərin delimitasiyası və demorkasiyası isə texniki məsələlərdir və bunun üçün sülh müqaviləsi lazım deyil. Çox uzağa getmədən görürük ki, məsələn, Azərbaycanın Gürcüstanla da sərhəd problemi var və bu problemi həll etmək üçün sülh müqaviləsi tələb olunmur. Bunun üçün iki ölkənin razılaşması tələb olunur. Amma razılaşma olmasa da, tərəflər bəzi əraziləri mübahisəli şəkildə saxlamaqla heç bir şey itirmirlər. Təbii ki, məsələ həll olunmalıdır, amma bu, iki ölkənin qarşılıqlı əlaqələrinə təsir etmir. Aydındır ki, bu presidentdə Azərbaycan və Gürcüstan arasında müharibə anlayışı olmayıb, amma Azərbaycan və Ermənistan arasında bu termin vardır. Odur ki, sülh müqaviləsi termininin gündəmdə olması normal haldır. Amma bir şərtlə ki, Azərbaycanın qalib tərəf kimi şərtləri ilk öncə gəlsin".
Azər Qasımov deyib ki, Ermənistan "sülh müqaviləsi" anlayışını qalib-məğlub anlayışlarını heçə endirmək üçün istifadə edir: "İmzaladığı bəyanatda Ermənistan məğlub tərəfdirsə, imzalayacağı ehtimal edilən sülh müqaviləsində Ermənistan bərabərhüquqlu tərəfdir. Əslində, məğlub-qalib anlayışlarının əks olunduğu sülh müqaviləsi ola bilməz və bu sülhün məntiqinə ziddir. Bu baxımdan, imzalanması gözlənilən sülh müqaviləsi daha çox Ermənistana sərf edir, nəinki Azərbaycana. "Sülh müqaviləsinin şərtləri" anlayışının özü belə artıq Azərbaycanı Ermənistanla bir sıraya qoyur. Hər kəsə bəllidir ki, ölkələr Azərbaycanın sülh üçün təklif etdiyi beynəlxalq hüququn beş prinsipinə əsasən bir-biri ilə münasibət saxlayır. Odur ki, eyni şərtlərin əks olunduğu sülh müqaviləsi mətni əslində məntiqi baxımdan yersiz və mənasız hal alır, çünki zatən ölkələr arasında əlaqələr bu prinsiplərlə qurulur. Buna görə hansısa sülh müqaviləsinin imzalanmasına ehtiyac yoxdur. Amma, yenə də demək istəyirəm ki, sülh olması labüddürsə, çox yaxşı, olsun. Tərəflər bunun üçün beynəlxalq hüququn şərtlərinə əməl etsinlər. Bir-birilərinin ərazi bütövlüyünü tanısınlar, hansıki bunu bəyan edirlər. Sərhədlərinin müəyyən edilməsini texniki məsələ kimi tədricən həll etsinlər. Qaçqınların hər iki ölkə ərazisində yaşayış yerlərinə qayıtmasına şərait yaratsınlar və s. Əslində, bu, iki sülh istəyən dövlətin əsas təməl prinsiplərindən biri olmalıdır. Yəni bunu yenidən sülh müqaviləsi adı altında təkrarlamağa ehtiyac yoxdur. Qarşı tərəf əgər sülh istəyirsə, bu şərtlərə zatən əməl etməlidir. Yox, istəmirsə, bunu məcburi şəkildə olsa belə ona etdirməyin də heç bir məntiqi yoxdur. Onsuz da alınmayacaq. Əgər alınsa belə, Azərbaycanın əleyhinə olacaq. Azərbaycan da Ermənistanın şərtlərini qəbul etmiş olacaq, çünki bu, tək Ermənistanın yox, beynəlxalq hüququn əsas prinsipləri olacaq".
Azər Qasımov hesab edir ki, indiki durumda isə Azərbaycan Ermənistanın kapitulyasiya aktı hesab edilən 10 noyabr 2020-ci il bəyannaməsinə əsasən tək tərəfli tələblər irəli sürməyi əlində saxlayan tərəfdir:
"Azərbaycan ancaq qeyd edilən bəyannamənin şərtlərinin həyata keçirilməsində maraqlı olmalıdır. Bu sənəd Azərbaycan üçün bütün sənədlərdən ən öndə dayanan sənəd olmalıdır. Bəzən Rusiya tərəfinin bu istiqamətdə verdiyi bəyanatları ciddi qəbul etmirik. Rusiya da həmişə bu bəyannamənin bütün prosesdə istiqamətverici sənəd olduğunu qeyd edir. Hesab etmək olar ki, əslində, bu, doğru yanaşmadır və ola bilsin ki, Rusiya bunda hansısa öz maraqlarını güdür, amma Azərbaycan üçün problemin həlli bu sənədin şərtlərini həyata keçirməkdən keçir. Xüsusən də, Rusiyanın vaxt tamam olanda Qarabağdan çıxmasını açıq şəkildə bildirdiyi bir halda".
Bu ərəfədə baş tutan Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşü barədə fikirlərini bildirən politoloq deyib ki. Moldovada Almaniya və Fransa dövlət rəhbərlərinin də iştirakı ilə baş tutacaq görüşün nəticəsi barədə proqnoz vermək asandır: "Çünki nəticəsiz olacağı aşkardır. Amma məsələnin başqa tərəfinə diqqət çəkmək istəyirəm. Məsələ ondadır ki, Azərbaycan öz prinsiplərindən çıxış edərək sülh müqaviləsi anlayışını ortaya atıb və bunun həyata keçməsi üçün bəzən təzyiq, bəzən konstruktiv mövqe nümayiş etdirməklə prosesdə irəliləyişə nail olmaq, nəhayətdə isə Ermənistanla sülh müqaviləsi imzalamaqla problemi nöqtələmək istəyir. Amma bir nüans hər zaman Azərbaycanın əleyhinə işləyir. Bu da Ermənistanın sülh bağlamaq adı altında prosesdən öz mənafeyi üçün istifadə etməsidir. Ermənistan nə qədər sülh müqaviləsi adı altında beynəlxalq arenada təmsil olunursa, bir o qədər beynəlxalq arenada həm diqqət mərkəzində olur, həm də məğlubiyyətdən sonra onlarda yaranmış əzilmişlik sindromundan azad olurlar, özlərini yenidən dirçəlmiş kimi hiss edirlər. Ona görə də hər dəfə şərtlərini ciddiləşdirirlər. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ya Qarabağın Azərbaycan ərazisi olduğunu bildirməsində yeni bir şey yoxdur. Bu, zatən de-yure həmişə belə olub, indi de-fakto da belədir. Ermənistan bunu təsdiqləsə nə olasıdır, təsdiqləməsə nə olasıdır? Amma Ermənistana bu barədə fikir bildirmək üçün arena verilməsi onu söz sahibi edir. Ermənistanın fikrinə ehtiyac olduğu görüntüsü yaradır. Əslində əsas mövzu Ermənistan ərazisinin Azərbaycan olduğu gerçəyinin danışıqlar predmeti olması ehtimalına tez-tez vurğu edilməli, Ermənistanı hər an gərginlikdə saxlamaq lazımdır. Azərbaycanın ərazi bütövlüyünün danışıq predmeti edilməsinin özü belə yersizdir, mənasızdır. Bu məsələ həll edilmiş məsələdir və hər hansı sülh müqaviləsi ilə bunun təsdiqinə ehtiyac yoxdur. Azərbaycan sülh müqaviləsini hansısa bir işə yarasın deyə bağlamaq istəmir. Bu müqavilə Azərbaycan üçün adi sənəddən o tərəfə getməyəcək və Azərbaycanın inkişafına, fəaliyyətinə heç bir dəxli yoxdur. Hesab edirəm ki, sülh Azərbacana sadəcə regionun stabilliyi üçün lazımdır, amma stabillik tək Azərbaycandanmı asılıdır və ya Azərbaycanamı lazımdır? Təbii ki, yox. Əgər bu sülh tək Azərbaycana yox, region ölkələrinə də lazımdırsa, amma onlar bunda maraqlı görünmürlərsə, onda Azərbaycanın bu sülh çağırışları behudə deyilmi?!"
Azər Qasımov deyib ki, Azərbaycan üçün tək vacib məsələ Zəngəzur dəhlizinin açılmasıdır hər hansı adda və şəkildə: "Bunu da 10 noyabr bəyannaməsi təmin edir. Əgər Azərbaycan üçün dövlət maraqları öndə gəlirsə, hansıki bu belədir, onda sülh müqaviləsi anlayışını bir kənara atıb, öz maraqlarını həyata keçirməlidir. Ermənistanın taleyinə bizim töhfəmiz ancaq "dəmir yumruq"la ola bilər. Başqa yol Ermənistan üçün qazanc olacaq".
Politoloq deyib ki, beynəlxalq vasitəçiliyi öz üzərlərinə götürmüş ölkələrin hamısı Ermənistanın varlığı üçün çalışırlar: "Onlar Azərbaycanın maraqlarından çıxış etdikdə belə Ermənistan üçün addım atmaq istəyirlər. Bunu isə Ermənistan yaxşı başa düşür. Daha da şıltaqlaşır. Beynəlxalq güclər Azərbaycanın gücünü bilirlər, Ermənistan da bunu bilir. Amma onlar bu gücü Ermənistanın mənafeyi üçün istifadə etmək istəyirlər. Ermənistana Azərbaycandan yaxşı kimsə onu məqbul sala biləcək təhlükəsizlik qarantiyası verə bilməz. Bu güclər sülh müqaviləsi ilə beynəlxalq zəmanət adı altında Azərbaycandan tək Qarabağ ermənilərinə yox, Ermənistanın tamamına rəsmi şəkildə təhlükəsizlik təminatı almaq istəyirlər. Təbii ki, dolayısı ilə Türkiyədən. Azərbaycanın bu təminatı verməsi mümkün kimi görünsə də, söhbət ermənidən gedirsə, bu, nə qədər ciddi məsələ ola bilər, o maraqlı və ritorik sualdır. Sülh, Azərbaycan və Ermənistan arasında olmayıb, olmayacaq da. Azərbaycana Ermənistanla sülh də lazım deyil. Daha da çox sülh çağırışları edib, Ermənistanın olmayan özgüvənini yerlərdə sürünməkdən qurtarmaq lazım deyildir. Ermənistan Azərbaycan adı gəldikdə sürünməyə məhkum edilməlidir. Sürünmək ermənilərin taleyi olmalıdır. Erməni toplumu hələ bu vəziyyətləri ilə özlərini Azərbaycandan üstün hesab edirlər. Onlar tək demokratik cəmiyyət qurmaqları ilə Azərbaycana üstdən aşağı baxırlar. Avropa və Qərbin onları sivil dünya adlandırdıqları cəmiyyətlərdən hesab etdikləri ilə Azərbaycana acıq verirlər. Onların bizim yanımızda işlərinin olmadığını bildirirlər, çünki onlara görə, bizlər, onların "səviyyəsindən" aşağı xalqıq. Çünki Amerikanın təşkil etdiyi demokratiya sammitinə bizlər yox, ermənilər dəvət alır, onlar həmin sammitdə iştirak edirlər. Bu baxımdan da, Azərbaycanın onların arqumentlərini məhv edəcək addımlar atmağa ehtiyacı vardır. Ona görə yox ki, ermənidən öndə olaq, ona görə ki, öndə olmaq Azərbaycanın taleyidir. Biz bunu isbat edirik, burda da isbat etməliyik".
Süleyman İsmayılbəyli