"Fransa Qarabağda söz haqqını itirdi"- ÖZƏL

"Son zamanlar Fransanın Cənubi Qafqazda aktiv rol almaq istədiyini görürük. Fransa tərəfi xüsusilə "Vətən müharibəsi"ndən sonra Qafqaza yönəlik aktiv siyasət aparır. 
ATƏT-in Minsk qrupunun qüvvədə olduğu və 30 illik fəaliyyətsiz "fəaliyyəti" zamanında rəsmi Paris az-çox bölgənin siyasi həyatına müdaxilə edə bilirdi. Amma Qarabağda işğalın sona çatması və Ermənistan Ordusunun darmadağın edilməsi ilə öz əhəmiyyətini itirən Minsk qrupu, dolayı yolla Fransanın da Qafqaza təsir imkanlarını sıfıra endirdi. 
Məhz bundan sonra Fransa müxtəlif bəhanələr gətirərək yenidən bölgədə siyasi aktor olmağa çalışır. Parisdə yaxşı bilirlər ki, Azərbaycan dövlətinin xarici siyasət xətti bütün kənar dövlətlərin Cənubi Qafqaza müdaxiləsinə qarşıdır. Azərbaycan üzərindən Qafqaza müdaxilə edə bilməyəcəyini anlayan fransızlar yenidən 200 illik "erməni planı"na geri dönməyə məcbur qalırlar".

Bu sözləri Olaylar.az-a siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı deyib. 

"Əvvəlcə sərhəddə monitorinqləri bəhanə edərək bölgəyə nüfuz etmək istəyən Parisin bu planları baş tutmadı. İndi isə beynəlxalq təşkilatları oyuna daxil edən Fransa insan hüquqları kimi köhnəlmiş vasitələrlə yenidən Qafqazın siyasi həyatına müdaxilə edəcəyini düşünür. Amma bu niyyətlər də özünü doğrultmaq iqtidarında deyil. 
Birincisi, beynəlxalq hüquq və təşkilatlar tək erməni hüquqları üçün nəzərdə tutulmayıb. Azərbaycan xalqının tapdalanan hüquqlarını geri vermək ilkin şərtdir. 
İkincisi, Azərbaycan öz suveren ərazilərini bərpa edir, bu ərazilərdəki erməni vətəndaşlarının hüquqlarını tanıyır və onları da Azərbaycan vətəndaşları üçün nəzərdə tutulan hüquq və qanunların nəzdində görür. Əlavə imtiyazlar vermək kimi məcburiyyəti yoxdur. 
Üçüncüsü, elə beynəlxalq təşkilatlar özü də Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. 
Dolayısıyla, Fransa hər nə etsə də, heç vaxt Cənubi Qafqazda söz sahibi olmayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31