Volkovun səssizliyi fonunda Azərbaycan ekoloji terrora son deyir

Şuşaya çatdığımda cərəyan edən proseslər mənə müstəqilliyin ilk illərində yaşadığımız sərhəd hərəkatını xatırlatdı. Düzdür, sərhəd hərəkatının iştirakçısı olmasam da, ancaq həmin ildə, yəni 1991-ci ilin  dekbarında baş verən o hadisələr 15 yaşlı bir yeniyetmənin xatirində qalacaq qədər böyük rezonans doğurmuşdu. Təkcə Azərbaycanda deyil, həm də bütün dünyada. O vaxt Azərbaycan xalqı İranla sərhəddə tikanlı məftilləri qırıb o tayda yaşayan bacı və qardaşları ilə birlik və bərabərliyə nail olurdusa, bu dəfə xalq Rusiya sülhməramlılarının yerləşdiyi ərazidə yol verdikləri qeyri-qanuni hərəkətlərə göz yummayaraq öz ərazilərimizdə çəkilmiş tikanlı məftilləri dəf edib öz səsini həm onların bağlı olduğu ölkənin rəhbərliyi, həm də dünyaya çatdırırdı.

Məkan və qarşıya qoyulan məqsəd prinsip etibarilə bir qədər fərqli olsa da, lakin zaman oxşar idi. Sərhəd hərəkatı da 1991-ci ilin dekabrında baş vermişdi, Şuşada cərəyan edən proseslər, Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələrinin dinc etirazı dekabr ayında reallaşır.

Hər şey ondan başladı ki, həm Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlıları, həm də Qarabağ erməniləri, daha dəqiq desək separatçılar əndazəni aşdı. Öz missiyalarını tamamilə unudub erməni separatçılarına açıqca dəstək nümayiş etdirdilər, onların qanunsuz olaraq silahlanmasına, bu məqsədlə Xankəndi-Laçın yolu ilə separatçılara silah-sursat daşınmasına, eyni zamanda Qarabağa Ermənistanın iti, İranın küçüyü, fransızın ləçərinin gəlib-getməsinə göz yumdular. Nəzarət zonalarından keçən Azərbaycan maşınlarının hər künc-bucağını axtarıdlqaır halda, erməniu maşınlarının Xankəndi-Laçın yolu ilə nə daşıdıqlarının belə fərqinə varmaq iatəmədilər. Ən son Azərbaycanın hökumət nümayəndələrinin ermənilərin Qarabağda həyata keçirdikləri ekoloji terrorun qarşısını almaq məqsədilə ərazidə monitorinq aparılması cəhdinin qarşısı sülhməramlar tərəfindən alındı ki, bu da səbr kasamızın daşmasına, nəticə etibarilə Xankəndi-Laçın yolunun qapadılaraq vətəndaş cəmiyyəti nümayəndələrimizin dinc aksiya keçirməsinə zərurət yaratdı. Qeyd edək ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Artıq bir neçə gündür ki, Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri, ictimai fəalları, könüllü gənclər sülhməramlıların müvəqqəti nəzarəti altında olan Şuşadakı Xankəndi-Laçın yolunda dinc aksiya keçirərək Qarabağ ərazisində ekoloji monitorinqin keçirilməsi tələbini irəli sürüblər. Bu tələb eyni zamanda Rusiya sülhməramlıların komandanlığından edilir. Çünki məhz sülhməramlılar erməni separatçılarının təkidi ilə Azərbaycan hökumət nümayəndələrinin monitorinqinə mane olur. Təbii ki, keçirilən dinc aksiya nəticə etibarilə Xankəndi-Laçın yolunun da bağlanmasına səbəb olub ki, bu da separatçıların Ermənistanla əlaqələrinin kəsilməsinə gətirib çıxarıb. Bu o demək deyil ki, yolun bağlanması sırf Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin dinc etiraz aksiyası keçirməsi ilə əlaqədardır. Əslində sözügedən yolun bağlanması Rusiya sülhməramlılarının fəaliyyətsizliyi, eyni zamanda onların aksiya keçirilən ərazinin yaxınlığına əlavə texnika, yük konteynerləri gətirməsi ilə bağlıdır. Belə ki, sülhməramlıların ərazini əlavə texnikalarla qapatması Xankəndi-Laçın yolunun bağlanması ilə nəticələnib. Göründüyü kimi, Rusiya sülhməramlıları əslində problemin həllində, yolun açılmasında maraqlı deyillər. Əgər buna maraqlı olsaydılar ən azı üzərilərinə düşən iki vəzifəni icra edərdilər. Birincisi, Azərbaycanın hökumət nümayəndələrinin öz ərazilərimizdə monitorinq aparmasına şərait yaradar, ikincisi fəaliyyətlərində bir tənzimlənmə mexanizmi təşkil edərək doğurdan da sülhə, təhlükəsizliyə xidmət edərdilər.

Ancaq biz sülhməramlılarda bu iki sadaladığımız amilin heç birini görmürük. Əksinə hər ötən gün onlar daha da öz missiyalarından kənar addımlar atır, fəaliyyətləri ilə uzlaşmayan hərəkətlər ortaya qoyurlar. Əslində onların bu addımı üçtərəfli bəyanata imza atan prezidentləri Vladimir Putinə hörmətsizlik, ona olan saymamazlıqdır. Əgər sülhməramlılar və onların komandanı olan Volkov Rusiya Federasiyasının prezidenti Vladimir Putinin imzasına hörmət edib Kreml rəhbərinə qarşı saymamazlıq erməsəydi, indi nə Xankəndi-Laçın yolunun bağlanmasına, nə də Qarabağ ermənilərinin Ermənistanla əlaqələrinin kəsilməsinə rəvac verən proseslər yaşanmazdı.

Qarabağ ermənilərinin Ermənistanla əlaqələrinə gəlincə, Azərbaycan bu məsələdə də hər zaman olduğu kimi humanistlik nümayiş etdirir. Belə ki, Xankəndindən Ermənistana tibbi müayinəyə gedən Qarabağdakı ermənilərə bu məqsədlər üçün yoldan keçidə icazə verilir. Hətta tibbi müayinə və əməliyyat üçün Ermənistana keçmək istəyən Qarabağ ermənilərinə elə Şuşanın özündə, eyni zamanda ətraf rayonlardakı ən müasir səhiyyə mərkəzlərində tibbi xidmətin göstərilməsinin mümkünlüyü açıq şəkildə bəyan edilib. Lakin separatçı Vardanyan-Arutunyan ikilisi Qarabağ ermənilərini bu imkanlardan məhrum edib. Hətta aksiya yerində olduğumuz günlərdə Ermənistana məxsus təcili tibbi yardım maşınının Xankəndi-Laçın yolundan keçidinə Azərbaycan tərəfinin icazə verdiyi açıq şəkildə sülhməramlılara bildirildi. Bir şərtlə ki, keçid məntəqəsinə daxil olmadan azərbaycanlı hərbiçilərin də iştirakı ilə təcili tibbi yardım maşınında yoxlama aparılacaq. Azərbaycan tərəfinin  bu haqlı tələbinin separatçılar tərəfindən geri çevrilməsi bir daha onu sübut etdi ki, Qarabağdakı qeyri-qanuni erməni hərbi birləşmələri hətta humanist məqsədlərdən də öz məkirli planlarını həyata keçirmək niyyətindədirlər və təcili-tibbi yardım maşını ilə qarşı tərəfə qeyri-qanuni daşıma həyata keçirməyi nəzərdə tutubmuş.

Qarabağdakı erməni separatçılarının inadkarlığı, Rusiya sülhməramlılarının fəaliyyətsizliyi davam etdikcə isə Xankəndi-Laçın yolu haqlı olaraq azərbaycanlı aktivisitlər, vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən dinc etiraz aksiyası keçirilməklə bağlı saxlanılır. Qeyd etdiyim kimi, Azərbaycan humanist məqsədlər üçün yoldan erməni vətəndaşların keçidinin təmin edilməsinin mümkün olduğunu desə də, lakin separatçı Vardan-Arutunyan ikilisinin Qarabağ ermənilərini bu imkanlardan məhrum etməsi Xankəndində vəziyyəti hər ötən gün daha da ağırlaşdırır. Separatçıların inadkarlığı Xankəndi ermənilərini ərzaq qıtlığı ilə üzləşdirib. Eyni zamanda yanacaq çatışmamazlığı da yaşanmaqdadır.  Separatçılar dünyaya haray-həşir salıb Azərbaycanın onları blokadaya aldığını, həyasızcasına soyqırım həyata keçirdiyini bəyan etsələr də, lakin hay tör-töküntülərinin səsinə ciddi şəkildə səs verən yoxdur. Çünki Azərbaycanın hər zaman olduğu kimi bu məsələdə də tam haqlı olduğu ortadadır. Sən Azərbaycan ərazisində yaşadığın halda Azərbaycanın rəsmi qurumlarının orada fəaliyyətinə, ekoloji monitorinq həyata keçirməsinə maneçilik yarat, sonra da dünyada kömək istə. Dünya da açıq şəkildə görür ki, sən separatizmlə məşğulsan, ona görə də separatizmə dəstək verilmir.

Şuşada keçirilən dinc aksiyaya isə ölkənin hər bir guşəsindən, bölgəsindən dəstək gəlir. Yaranmış vəziyyətdən təşvişə düşən sülhməramlıların ərazidə cəmləşdirdikləri əlavə canlı və hərbi texnikadan qat-qat artıq Azərbaycan vətəndaşı hər gün Şuşaya gələrək ekoloji terrora son deyir, öz tələbini səsləndirir, sülhməramlıların komandanlığına doğru-düzgün fəaliyyət göstərməyi tövsiyə edir. Baxmayaraq ki, aksiyanın artıq 4-cü günüdür, hələ də sülhməramlıların komandanı Volkov əraziyə gələrək etirazçıların tələbini dinləməyib, nə istədiklərini öyrənməyib. Bu faktın özü də Rusiya sülhməramlılarının və onların komandanlığının fəaliyyətlərinə nə dərəcədə məsuliyyətsiz yanaşdıqlarını bir daha təsdiqləyir.

Qeyd etdiyimiz kimi sülhməramlıların komandanlığının səssizliyi fonunda ekoloji terrora etiraz əlaməti olaraq başlanan aksiya getdikcə öz əhatə dairəsini genişləndirir. İndi təkcə vətəndaş cəmiyyəti nümayəndələri deyil, bütün Azərbaycan ekoloji terrora son deyir. Aksiyanın ilk günü iştirakçılar ancaq paytaxtda fəaliyyət göstərən vətəndaş cəmiyyəti nümayəndələri idisə, indi artıq regionlardan olan QHT təmsilçiləri, eyni zamanda könüllülər, tələbələr Azərbaycanın haqlı mübarizəsinə qoşulub. İndi demək olar ki, 44 günlük Vətən müharibəsində olduğu kimi hər bir Azərbaycan vətəndaşının ürəyi Şuşada döyünür.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31