Sülhməramlılar üçün RAHAT HƏYAT BİTDİ - Kremldə bu gecə işıqlar sönmədi

İctimai fəallarımızın, fədailərimizin, ekoloq və mədənçilərimizin, jurnalistlərimizin, QHT təmsilçilərimizin Şuşa-Xankəndi yolunda keçirdikləri dinc aksiya hələ də davam edir. Artıq aksiyanın başlamasından düz bir sutka keçməsinə baxmayaraq onlar hələ də orada ayaqdadırlar. 24 saatdır ki, fəallarımızın, fədailərimizin separatçılara və "sülhməramlı"lara qarşı etiraz aksiyası davam edir.

Sülhməramlılar isə Azərbaycanın haqq səsini sivil etirazla bildirən aksiya iştirakçılarının Xankəndinə yol alacağından ehtiyyat edərək gecə saatlarında həmin istiqamətdə yolu dəmir arakəsmələrlə bağladı. Əslində isə onların bu addımı elə rəsmi Bakının planlaşdırdığı ssenariyə tamamilə uyğundur. 

Azərbaycan da Laçın dəhlizindən təyinatı üzrə istifadə edilmədiyi üçün və Zəngəzur dəhlizinin açılmayacağı təqdirdə Laçın dəhlizini bağlayacağı ilə bağlı dəfələrlə qarşı tərəf(lər)ə xəbərdarlığını etmişdi. Lakin Bakıdan adekvat addımı istər Rusiya tərəfi, istərsə də erməni separatçıları və hakimiyyəti Komando, Xüsusi Təyinatlı Qüvvələrin iştirakı ilə gözlədiyi halda, Azərbaycan bunu heç kimin gözləmədiyi tərzdə həyata keçirdi.

Sivil insanların iştirakı ilə yollarda çadır quruldu, etirazlara qoşulan hər bir vətəndaşımız Şuşa-Xankəndi yoluna kəfənini əyninə geyinib ağır texnika ilə silahlanmış sülhməramlıların qarşısına çıxdı və onları hansı hadisələrin gözlədiyini düşünmədən belə kontingent qarşısında bir sutkadan artıqdır öz tələblərini irəli sürməyə davam edirlər. Rus sülhməramlılarının komandanı general-mayor Andrey Volkov əraziyə gəlmədiyi üçün etirazçılar gecəni burada keçirməyə qərar veriblər. 

Ən maraqlısı isə odur ki, bu etirazlarda iştirak etmək istəyən on minlərlə vətəndaş müxtəlif formalarda dövlətə müraciətlər ünvanlayıblar. Əldə olunan son görüntülər və məlumatlara əsasən demək olar ki, etirazçıların sayı artır. Sosial şəbəkələrdə aktivistlər Xankəndiyə getmək üçün xüsusi heşteq kampaniyası yaradıblar. Hazırda da Xankəndi yolu bağlıdır. 

Bəlkə də dünəndən başlayan etirazlardan bəri 44 günlük Vətən müharibəsindən sonra ilk dəfə idi ki, Xankəndində erməni separatçıları rahat yata bilmir. Sözügedən aksiya deməyə əsas verir ki, tarixi torpağımızda Azərbaycan bayrağı dalğalanana qədər heç bir erməniyə və himayədarlarına rahatlıq yoxdur və olmayacaq da. Qarabağda ekoloji terrora, qızıl mədənlərinin qanunsuz istismarına son qoyulmayınca, rəsmi Bakının tələbləri yerinə yetirilməyənə qədər aksiyanın davam edəcəyi də artıq istisna edilmir.

Bu qarlı-şaxtalı havada rus əsgərinin qarşısında sədd çəkən, onlardan haqqını tələb edən, Xankəndinə, Xocalıya qayıdışın ilk cığırını açan, bu məqsəd uğrunda çadırda gecələyən Azərbaycan insanı bir daha Ermənistrana və onun havadarlarına nə qədər böyük və güclü xalq olduğunu növbəti dəfə nümayiş etdirdi. Ona da şübhə edilmir ki, ötən gecə 10 noyabr üçtərəfli bəyanatı ilə Qarabağa yerləşdirilən "sülh"məramlıların bölgədə keçirdiyi ən uzun və narahat gecəsi oldu.

Görünür azərbaycanlı dinc aksiya iştirakçılarının haqlı tələbləri xunta rejimi qədər Rusiya tərəfini də ciddi narahat etməyə başlayıb. Belə olmasaydı azərbaycanlı aktivistlərin, QHT nümayəndələrinin, ekoloqların və bir qrup könüllülərin sivil qaydada etiraz əlaməti olaraq Şuşa-Xankəndi yolunu bağlamasından sonra Kreml rəhbəri Vladimir Putin İlham Əliyevə zəng edib, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr, həmçinin bu il 31 oktyabr tarixli razılaşmalarının reallaşdırılmasının bəzi praktiki aspektləri, o cümlədən Cənubi Qafqazda iqtisadi və logistik əlaqələrin bərpası planları ilə bağlı müzakirə aparmazdı. Moskva hiss edir ki, bölgədə vəziyyət qəlizdir. Putin elə buna görə İlham Əliyevə zəng etdi.

Xoruz yox idi, səhər açılmırdı?

Bu faktın özü bir daha deməyə əsas yaradır ki, bizə mane olan Kremldir. Rəsmi Moskva Azərbaycanın Qarabağda suverenliyinin bərpasından ən çox narahat olan tərəfdir. General Volkov və dünən onun Azərbaycan nümayəndələrinin qarşısına çıxardığı sərxoş polkovniki kimilər isə sadəcə əmr quludur. 

 

 

İstisna edilmir ki, Volkov hazırda hələ də telefonun başında oturub Moskvadan son təlimatları gözləyir. Moskva üçün isə qərar vermək olduqca çətinləşdi. Çünki etirazın miqyası böyüyür, aksiyaya qoşulanların sayı artır. Rəsmi Bakını bu addımı atmaq məcburiyyətində qoyan da elə Moskva oldu. Verdiyi vədlərə əməl etmək əvəzinə Azərbaycan sərvətlərinin talanmasına şərait yaratdı, Laçın dəhlizi vasitəsilə təyinatının əksinə olaraq qanunsuz səfərlər, silah daşımaları faktları bir-birini əvəz etdi. 

Dəhlizdən keçid yalnız mülki əhalinin kommunikasiyası üçün idi. Oradan silahların keçirilməsi, qanunsuz erməni hərbi birləşmələrinin yanına təlimçilərin göndərilməsi, xarici vətəndaşların səfərləri yolverilməz idi. Bunu heç bir nankor etməzdi ki, rus "sülh"məramlısı etdi.

Sülhə zərbə vuran Ermənistanın məsuliyyətsiz addımları qarşısında aidiyyatı beynəlxalq aktorlar həmişəki kimi yenə susmağı seçirlər. Beləcə, başqa vaxt beynəlxalq hüquq, insan haqlarından dəm vuran həmin aktorlar baş verəcəklərin məsuliyyətini bölüşmüş olurlar. 

Bitməmiş və ya "dondurulmuş" müharibə təxirə salınmış müharibədir. İki il əvvəl artıq baş verdi və hər iki tərəf minlərlə gəncini itirdi. Bu gün bu "ölüm konveyerini" dayandırmaq üçün Üçüncü Qarabağ müharibəsi ehtimalının qarşısı alınmalıdır. Bu mövzu artıq birdəfəlik qapanmalıdır. Rəsmi Bakının məhz məqsədi yeni reallığı qarşı tərəfə nəhayət qəbul etdirməsidir. Təslimçilik aktına imza atan da Ermənistan, yeni revanşist bəyanatlardan əl çəkməyən də...

Amma Praqa görüşündə Nikol Paşinyanın böyük ümidlərlə Azərbaycanla sərhəddi boyunca mülki missya adı altında Avropa İttifaqının müşahidə missiyasının fəaliyyəti da hayların gözləntilərini alt-üst etdi, onları xəyal qırıqlığına uğratdı. Belə ki, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borel bildirdi ki, Brüssel Ermənistanda gələn həftə başa çatacaq müşahidə missiyasının mandatını uzatmayacaq. Beləcə, bu missiyaya da bir quş.

Ermənistanın isə indiki məqamda Rusiyanın ətəyinə sığınıb, Kremldən gələn təlimata bəh-bəhlə razılıq verməkdən başqa yolu qalır. Azərbaycanın tələb və təkliflərinə konstruktivlik nümayiş etidirib daha çox zaman itirmədən sülhə imza atmaq...

Rusiya dövlət başçısı da çox yaxşı anlayır ki, bir neçə saat içində sülhməramlıların müvəqqəti nəzarət zonasında vəziyyət birdən Bakının xeyrinə dəyişdi. Moskva bəlkə də son 2 ildə ilk dəfə Şuşa-Xənakəndi yolundakı aksiyadan sonra bu qədər çox hiss edir ki, daş qayaya rast gəlib. Qarabağ onlar üçün Krım, Donbas, Dnestryanı, Abxaziya, Osetia deyil, bura türkün əzəli və əbədi yurdudur. Proseslər isə deməyə əsas verir ki, Rusiya "sülh"məramlı kontingenti və erməni separatçılar üçün iki illik rahat həyat bitdi. Azərbaycan xalqı Qarabağda siyasi mənzərəni dəyişdirir. 

Çətini türk çadırını qurunca idi...

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31