Molla rejimi bundan sonra sağlam düşüncə ilə hərəkət edə bilər - MÜSAHİBƏ - ÖZƏL
9 Dekabr 2022 11:21 SiyasətPərviz Mirizadə: "Çünki atacağı yalnış addımın nələrə səbəb olacağını dərk edəcək"
Həftənin ən əlamətdar hadisələrindən biri, Azərbaycanın və qardaş Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdə birgə icra etdiyi hərbi təlimlər oldu. Hərbi plana uyğun olaraq ordumuzun Hərbi Hava Qüvvələri, Quru Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis, Raket və Artilleriya Qoşunlarının və Türkiyə Silahlı Qüvvələrinin Komando hərbi birləşmələrinin iştirakı ilə müxtəlif döyüş tapşırıqları yerinə yetirildi.
Sözügedən hərbi təlimlər təkcə iki qardaş ölkədə deyil, eləcə də bizim qonşularımızda diqqətlə müşahidə edildi. Xüsusilə, İranda. Çünki "Qardaş yumruğu" adlı təlimlər bir müddət əvvəl Tehranın cənub sərhədlərimizə yaxın ərazilərdə hərbi təlimlər keçməsi, Azərbaycanı təhdid etməsinə bir cavab idi. Təsadüfi deyil ki, bu cavab da İran üçün yetərincə oldu və Azərbaycan-Türkiyə hərbi təlimləri İranda ciddi narahatçılıq yaratdı. Biz də həm sözügedən təlimlər, həm onun region ölkələrinə nə dərəcədə xəbərdarlıq mesajı təşkil etdiyinə nəzər yetirmək üçün Ana Vətən Partiyasının sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə ilə söhbətləşdik.
-Pərviz bəy, bu günlərdə ölkə ərazisində baş tutan Azərbaycan-Türkiyə birgə hərbi təlimlərini necə dəyərləndirirsiniz və bu təlimlər kimlərə mesaj idi?
-Əvvəla onu qeyd etmək istərdim ki, iki qardaş ölkə olan Azərbaycan və Türkiyə münasibətləri 2021- ci ildə bağlanmış Şuşa Bəyannaməsi ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bəyannamənin müddəaları arasında hərbi əlaqələrin daha da inkişaf etdirilməsi, tərəflərin suverenliyinə və ərazi bütövlüyünə qarşı yarana biləcək hər hansı bir təhlükəyə birgə müdafiəni nəzərdə tutan şərtlər böyük əhəmiyyətə malikdir. Cərəyan edən son proseslərdən sonra, xüsusilə cənub qonşumuz İranın hərbi təhdidlərindən dolayı təlimlərin keçirilməsi xüsusi əhəmiyyət kəsb etdi. Bilindiyi üzrə Tehran rejimi ikinci Qarabağ müharibəsindən sonra qələbəmizi və ölkəmizin yaratdığı yeni geosiyasi reallıqları həzm edə bilmir. Müharibəyə qədər öz niyyətini gizli tutmağa çalışan fars rejimi, əldə etdiyimiz şanlı qələbədən sonra özünün düşmən mövqeyini açıq-aşkar bəyan etdi. Ermənistanın təhlükəsizliyi bizim qırmızı çizgimizdir deyərək Azərbaycanı açıq şəkildə təhdid etməyə başladı. Mütəmadi olaraq sərhəddə hərbi təlimlər keçirərək ölkəmizə qarşı güc nümayiş etdirdi. İran bununla nəyəsə nail olacağını zənn etdi. Lakin rejimə qarşı daim xoş münasibət bəsləyən Azərbaycanı özünə düşmən seçmək tamamilə yalnış bir siyasi gediş idi və fars rejimi bu səhvi etmiş oldu. Nəticədə rəsmi Tehran Azərbaycanla yanaşı qardaş Türkiyəni də qarşısına aldı.
-Hərbi baxımından iki ölkənin imkanlarını necə xarakterizə edərdiniz?
-Azərbaycan ordusu say tərkibini çıxmaq şərti ilə bütün parametrlərdə İran ordusunu üstələyir. İstər döyüş hazırlığı, istər mənəvi psixoloji hazırlıq, istərsə də hərbi texniki təchizat baxımından. Türkiyə ordusu isə bütün istiqamətlərdə İran ordusunu əzici şəkildə üstələyir. Məhz ordularımız keçirdiyi hərbi təlimlərlə İrana lazımi mesajlar unvanlamış oldu. Hesab edirəm ki, molla rejimi bundan sonra sağlam düşüncə ilə hərəkət edərək atacağı yalnış addımın nələrə səbəb olacağını dərk edəcək.
-Hərbi təlimləri həm də Ermənistana bir xəbərdarlıq mesajı kimi də dəyərləndirmək olarmı?
-Qeyd etmək istərdim ki, Ermənistan 10 Noyabr bəyanatı ilə üzərinə götürdüyü öhdəliklərdən hər vəchlə yayınmaq istəyir. Bu səbəbdən gah bəyannamənin müddəalarını təhrif edir, gah da əsasız və gerçəkləşməsi imkansız layihələr təqdim etməklə məsələni uzatmağa çalışır. Ancaq cənab Prezident İlham Əliyev hər dəfə bizim də səbirimizin bir həddi var deməklə Paşiniyan hökumətini reallığa uyğun hərəkət etməyə çağırır Lakin görünən odur ki, rəsmi İrəvan mütəmadi olaraq qoşunların təmas xəttində atəşkəsi pozmaqla, müxtəlif vaxtlarda hərbi təxribatlar etməklə, qarşılıqlı olaraq münasibətlərin normallaşması, kommunikasiya xətlərinin açılması və yekun sülh müqaviləsinin bağlanmasında maraqlı tərəf olmadığını nümayiş etdirir.
-Bəs, Ermənistanı bu cür təxribatlara sövq edən nədir?
-Ermənistanın bu cür mövqe sərgiləməsini şərtləndirən bir sıra faktor mövcuddur. Regionda və regiondan kənar qüvvələrin İrəvanı açıq şəkildə dəstəkləməsi Paşiniyan hökumətinin qeyri-konstruktiv mövqeydən çıxış etməsinin əsas səbəblərindəndir. Region dövləti olan İran İslam Respublikası ölkəmizə qarşı Ermənistanı açıq şəkildə dəstəkləyir və bunu nümayişkəranə şəkildə icra edir. Tarixi Azərbaycan torpağı olan Qərbi Zəngəzurun Qafan şəhərində konsulluq açmaqla Ermənistan ərazisində öz varlığını artırmaq istəyir, Ermənistanı silahlandırmaqla revanşist meyllərin artmasına zəmin yaradır.
-Bəs, regiondan kənardakı faktorlar hansılardır?
-Regiondan kənar faktor isə birmənalı olaraq Fransa dövlətidir. Fransa Senatı və Nümayəndələr palatası ölkəmizə qarşı qərəzli və heç bir hüquqi əsası olmayan qətnamələr qəbul etməklə öz düşmən mövqeyini nümayiş etdirmiş oldu. Əslində rəsmi Parisin özü özünü inkar edən bu addımları bir başa olaraq onların nüfuzuna xələl gətirən bir nüansdır. Uzun illər Azərbaycan-Ermənistan arasında Qarabağ münaqişəsini nizamlamaq üçün fəaliyyət göstərən keçmiş Minsk qrupunun daimi üzvü olmuş Fransa Ermənistanı dəstəkləməklə beynəlxalq hüququn və sülhü necə heçə saydığını sübut etmiş oldu. İrəvanı dəstəkləyən digər bir ölkə isə Hindistandır. Hindistan və Ermənistan arasında ard-arda böyük məbləğlərdə silah-sursat müqavilələri imzalandı. Hər iki tərəfin bu əməkdaşlıqda xüsusi maraqları mövcuddur. Özünün silah satışından əldə etdiyi gəlirləri artırmaq və əzəli düşməni Pakistanın müttəfiqi Azərbaycana qarşı Ermənistanı dəstəkləmək Dehlinin maraqlarına cavab verir. Ermənistan isə analoqları ilə müqayisədə nisbətən ucuz olan Hindistan silahlarını almaqla həm ordunu təmin etmək istəyir, həm də özünə yeni müttəfiq edinmək məqsədi güdür. Bütün bu sadaladığım faktorlar Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləməsini şərtləndirən amillərdir. Ancaq rəsmi İrəvanın bunlardan ruhlanıb yeni müharibə və təxribatlar törətmək niyyətinə düşməsi onların dövlət olaraq varlığını sual altına almış olar. Ermənistan heç bir halda Azərbaycanla müharibə etmək iqtidarında deyil.
Süleyman İsmayılbəyli