Azərbaycan - Türkiyə birgə hərbi təlimləri region ölkələrinə ciddi mesajdır

 Azərbaycana qarşı təxribat törətmək niyyətində olanlar qarşılarında həm də Türkiyəni görəcəklər

Sirr deyil ki, Azərbaycan müstəqillik qazandıqdan sonra qardaş Türkiyə Silahlı Qüvvələrin formalaşmasına yüksək səviyyədə yardım göstərib. Məlum olduğu kimi müstəqilliyin ilk illərində orduda kadr çatışmazlığı var idi. Türkiyə Respublikası milli hrbi kadrların hazırlanmasında ölkəmizə yardımçı oldu,  sonrakı dövrdə də iki ölkə arasında hərbi-texniki əməkdaşlıq inkişaf etdi. Türkiyə Azərbaycanda kadrların hazırlanması, hərbi məktəblərin proqramlarının formalaşmasında böyük rol oynayıb. "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında" 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Saziş bu gün də qüvvədədir. Həmçinin  Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyət idi. Belə ki, ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. Məlum olduğu kimi ikinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan Türkiyə Prezidenti Azərbaycana birmənalı, dəqiq bə açıq dəstək ifadə edib. Müharibənin ilk saatlarından Türkiyə Prezidenti bildirdi ki, Azərbaycan tək deyil. Türkiyənin bu mesajı müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev qeyd edib ki, Azərbaycanla Terkiyənin birgə təlim keçirməsi bir ənənədir: "Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlim keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür".

Xatirladaq ki, iki ölkə arasında hərbi əməkdaşlığın bugünkü vəziyyətini 3 vacib məsələ müəyyənləşdirir: Birincisi, NATO ilə əməkdaşlıq sənədləri. Bu çərçivədə NATO-nun aparıcı ölkələrindən olan Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə kömək göstərir. İkincisi, Azərbaycanın təhlükəsizlik sənədləri və iki ölkə arasında imzalanmış strateji müqavilələr. Üçüncüsü, Türkiyənin milli regional maraqları və həmçinin, qardaş ölkənin milli təhlükəsizlik sənədləri ilə bağlıdır. İki ölkə arasında hərbi əməkdaşlıq baxımından perspektiv planlar da mövcuddur. Buraya hərbi kadrların hazırlanması, maddi-texniki təchizat məsələlərindən tutmuş, müdafiə sənayesi sahəsində yeni birgə əməkdaşlığa qədər məsələlər daxildir. Perspektivdə iki ölkə arasında hərtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni imkanlar mövcuddur. Türkiyə Azərbaycana taktiki və strateji dövrdə hərbi dəstəyini davam etdirməkdə qərarlıdır. Ermənistanın işğalı nəticəsində nəzarətdən kənar qalmış Azərbaycan sərhədlərindən qeyri-qanuni məqsədlərlə istifadə məsələsi Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı üçün mühüm istiqamətlərdən hesab olunur. İki ölkə terrorizmdən əziyyət çəkməklə bu istiqamətdə ayrı-ayrılıqda və birgə mübarizənin bu günü və perspektivlərini həmişə diqqət mərkəzində saxlayır.

Artıq hər il Azərbaycan və Türkiyə silahlı qüvvələri ənənə halını almış birgə hərbi təlimlər keçirirlər. Bu dəfə də Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə birgə təlimi keçirilib. Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edib. Türkiyə milli müdafiə naziri Hulusi Akar və Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov "Qardaş yumruğu" təliminin "Yüksək səviyyəli müşahidəçi günü"ndə iştirak ediblər.Təlimdə nazirlərlə yanaşı, iki ordunun komandanları təlimləri izləmək üçün poliqona gəliblər. Soyuq və qarlı havada keçirilən "Qardaş yumruğu" təlimində Türkiyə və Azərbaycan ordusunun hərbçiləri tərəfindən hədəflər dəqiqliklə vurulub. Beləliklə Azərbaycan-Türkiyə birgə təlimində müvəffəqiyyət göstərən iki ölkənin hərbçilərinə milli müdafiə naziri Hulusi Akar və müdafiə naziri general-leytenant Zakir Həsənov tərəfindən mükafatlar təqdim edilib. Ölkə ictimaiyyəti sözügedən hərbi təlimi yüksək qiymətləndirir, belə təlimlərin hər iki ölkə üçün əhəmiyyətli olduğunu vurəulayırlar. Millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycanın Türkiyə ilə birgə təlimlər keçirməsi bir neçə aspektdən xüsusi əhəmiyyət daşıyır. Bu gün Azərbaycan Türkiyə ilə bir çox sahələrdə əməkdaşlıq edir. Hərbi sahədə əməkdaşlıq iki ölkənin birgə döyüşlər keçirmək təcrübəsini artırır. Belə təlimlərin keçirilməsi Azərbaycan ordusunun döyüş qabiliyyətinin və təcrübəsinin artmasına da ciddi töhfə verir: "Məlum olduğu kimi bir müddət bundan əvvəl İran Azərbaycanla sərhəddə təlim keçirərək Azərbaycana güc nümayiş etdirməyə çalışmışdı. Düzdür, bu təlimlər bir sıra qeyri-peşəkar əməliyyatlarla yadda qalsa da Azərbaycan tərəfindən birmənalı qarşılanmamışdı. Hər dəfə riyakarcasına Azərbaycan bizim üçün dost və qardaş ölkədir deyən İran bu dəfə Azərbaycanla hədə dilində danışmağa cəhd etdi. Bir müddət sonra Azərbaycanın xüsusi təyinatları İranla sərhəddə peşəkar təlimlər keçirdilər və bununla İrana növbəti ciddi mesaj verildi. Növbəti təlimi Türkiyə ilə keçirən Azərbaycan ordusu İrana bir daha hərbi təlimlər necə keçirilir mesajını verdi.  Münasibətlərlə bağlı məsələyə gəldikdə Azərbaycan hər zaman münasibətlərin inkişafında maraqlı oldu. İrana isə hər zaman Azərbaycana yuxarıdan baxmağa, bizimlə hədə dilində danışmağa çalışdı, Azərbaycan əleyhinə Ermənistanla əməkdaşlığını daha da gücləndirdi. Odur ki, indiki halda İranın küsəcəyi bir ölkə varsa o da özüdür. İran Azərbaycana qarşı addımların nəticəsini ciddi düşünməli idi. Azərbaycana və Türkiyəyə qarşı təxribatlara son qoymalı, Azərbaycanın bölgədə yaratdığı reallıqla barışmalı idi. Azərbaycan Türkiyə birgə hərbi təlimləri digər region ölkələrinə də ciddi mesajdır. Azərbaycana qarşı təxribat törətmək niyyətində olanlar qarşılarında həm də Türkiyəni görəcəklər. Azərbaycan Türkiyə dostluğu və qardaşlığı sarsılmaz və əbədidir". Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirl bildirib ki,  ikinci Qarabağ savaşından sonra Rusiyanın çox konfirurasiyalı oyunları, sulhyaratma imitasiyası, İranın məkrli gedişləri və özlərinin can qardaşları olan ermənilərə havadarlıq etməsi gərginliyi daha da artırıb. Məhz belə məqamda regionda təhlükəsizliyi və davamlı sülhü bərqərar etmək üçün güc faktoru zəruridir: "Bu baxımdan Azərbaycan  və Türkiyə hərbi əməkdaşlığının dərinləşməsi, qrafikdən kənar çox effektli təlimlərin keçirilməsi maraqlı tərəflərə mesajdır:  "Bu güc faktoru ondan ibarətdir ki,  sülhə, sabitliyə  və iqtisadi əməkdaşlığa əngəl olmaq  istəyənlər Türkiyə və Azərbaycanın, həmçinin digər tərəfdaşların timsalında formalaşmış  yeni güc platforması ilə üzləşəcəklər. Zamanın tələbinə görə, bu, güc platformasının və iqtisadi əməkdaşlığın əhatə dairəsinin genişlənməsi ehtimalı çox böyükdür. Bir sözlə   Azərbaycan və Türkiyə hərbi əməkdaşlığı regiona sabitlik, sülh və rifah gətirmək gücündə olacaq addımdır. Əgər bütün tərəflər bu güc faktorundan zamanında lazımı nəticələr çıxarıb təxribatçı əməllərindən çəksələr, Rusiya sülh imitasiyasından vaz keçib, nəhayət, Cənubi Qafqaz regionunda ədalətli sülh prosesinin yaranmasına əngəl olmasa, o zaman proseslər normal davam edəcək. Yəni silaha əl atmadan proses başa çatacaq. Əks təqdirdə güc faktorundan istifadə qaçılmazdır. Azərbaycan daha uzun illər gözləyib Rusiyanın, İranın və digər məkrli qüvvələrin məkrli planlarına tab gətirə bilməz. Regionda və dünyada gedən prosesləri təhlil edəndə bu qənaətə gəlmək olar ki, Rusiya Ukrayna cəbhəsində məğlubiyyətə uğrasa da, Cənubi Qafqazdan əl çəkənə oxşamır. Lakin bir vacib məqam ondan ibarətdir ki, gücdən düşmüş, divara qısılmış bu ölkənin gələcəyini proqnozlaşdırmaq çətin məsələdir. O baxımdan regionun yeni siyasi-iqtisadi arxitekturası formalaşmaqdadır. Proseslərə ayıq gözlə baxıb adekvat cavab vermək məqamı yetişməkdədir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31