İşğaldan azad edilən ərazilərin yenidən qurulmasında yeni mərhələ başlayacaq
18 Noyabr 2022 16:28 SiyasətAzərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının hazırlanması və qəbul edilməsi azad edilən ərazilərimizə yeni nəfəs gətirəcək. Mən deyərdim ki, bundan sonra işğaldan azad edilən ərazilərin yenidən qurulması, abadlaşdırılması prosesində yeni bir mərhələ başlayacaq. "OLAYLAR" xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. Onun sözlərinə görə, Dövlət Proqramının uğurlu icrası işğaldan azad edilən ərazilərə Böyük Qayıdışı da tezləşdirəcək: "Dövlət Proqramında hər bir sahə üzrə nəzərdə tutulan tədbirlər, görüləcək işlər əksini tapıb. Təhsil, səhiyyə, obyektlərinin tikintisi, yol infrastukturunun yenidən qurulması, yaşayış binaları və digər məişət obyektlərinin inşası ümumilikdə işğaldan azad edilən ərazilərin simasını dəyişəcək, bu bölgəni dünyanın maraq dairəsinə çevirəcək. Bir sözlə işğaldan azad edilən ərazilərimiz geniş tikinti meydançasına çevriləcək".
Arzuman Muradlı əmin olduğunu bildirib ki, indiyə qədər icra olunan Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları kimi, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı da uğurla icra ediləcək və qarşıya qoyulan hədəflərə vaxtından əvvəl nail olunacaq: "Çünki Azərbaycan bütün bunları həyata keçirmək potensialındadır".