Fransa separatizm və işğalçılığı dəstəkləyir - ÖZƏL
18 Noyabr 2022 14:21 Siyasət"Hər zaman ermənipərəsət mövqeyi ilə seçilən Fransa heç bir halda Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunmasına, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına maraqlı görünmür. Elə Fransa Senatının Azərbaycanın əleyhinə qəbul etmiş olduğu son qətnamə də belə deməyə əsas verir". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, Senatın qəbul etdiyi məlum qətnamə beynəlxalq hüquq və normalara, sərhədlərin toxunulmazlığı prinsipinə ziddiyyət təşkil etməklə yanaşı, həm də separatizm və işğalçılığa dəstək mahiyyəti daşıyır: "Erməni lobbisinin oyuncağına çevrilmiş Fransa Senatının qəbul etdiyi qətnamədə absurd olaraq Azərbaycandan Laçın dəhlizindən, eləcə də Qarabağdan çəkilmək tələb olunur. Bu Parisin kobud şəkildə BMT-nin qəbul etdiyi ölkələrin sərhədlərin toxunulmazlığı prinsipinə qarşı yönəlmiş addımdır. Artıq Fransa dövləti beynəlxalq hüquqa zidd hərəkət edərək onu ayaqlar altına atdığı üçün elə dünya birliyi, nüfuzlu beynəlxalq təşkilatlar bu ölkəyə qarşı sərt tədbirlər görməlidir. Əks halda sabah Fransa Senatı bir başqa ölkədən nəyisə tələb edə bilər".
Arzuman Muradlı qeyd edib ki, hər kəsə, bütün dünyaya Qarabağda separatçı və işğalçı erməni ünsürlərinin qeyri-qanuni silahlı birləşmələrinin olması bəllidir: "Deməli Fransa Senatı məlum bədnam qətnamə ilə separatçılara açıq şəkildə dəstək nümayiş etdirir".