Albaniya Azərbaycan tərəfinin ölkənin enerji infrastrukturunda aktiv iştirakında maraqlıdır - ÖZƏL
18 Noyabr 2022 12:09 SiyasətAvropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycan mühüm əhəmiyyətə malik ölkə olduğundan rəsmi Bakıya qoca qitədə diqqət və maraq hər ötən gün daha da artır. Bu marağı artıranb başlıca amillərdən biri də bəzi Avropa ölkələrinin Azərbaycanla bərabər eyni qlobal enerji layihələrində iştirak etməsidir. Bu ölkələrdən biri də Albaniyadır.
"OLAYLAR"-ın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə baş tutan Albaniya səfərinin əhəmiyyətindən danışan iqtisad elmləri doktoru, professor Qənimət Səfərov deyib ki, Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir. Onun sözlərinə görə, Albaniya Azərbaycan tərəfinin ölkənin enerji infrastrukturunda aktiv iştirakında maraqlıdır: "Albaniyanın yüksək səviyyəli rəsmiləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bütün iclaslarında iştirak edib və layihənin icrasına töhfə veriblər. Albaniya TAP vasitəsilə Cənub Qaz Dəhlizinin iştirakçısıdır. TAP layihəsi üzrə Hökumətlərarası Saziş 2013-cü ilin fevral ayında Albaniya, İtaliya və Yunanıstan dövlətləri arasında imzalanıb və 2016-cı ilin mart ayından tikinti işləri başlanılıb". İqtisadçı qeyd edib ki, 2020-ci ilin dekabrın 31-də TAP boru kəməri vasitəsilə kommersiya qazının nəqlinə başlanılmışdı: "Hər iki dövlət Cənub Qaz Dəhlizinin icrasında müstəsna rol oynayıblar. "Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak ediblər".