Misirdə, Ərəb dünyasında Azərbaycana rəğbət günü-gündən artmaqdadır - MÜSAHİBƏ

Seymur Nəsirov: "Misirlə Azərbaycan arasında əlaqələr tarixən yüksək səviyyədə olub"

Dünya Azərbaycanlılarının qurultaylarında ümummilli lider Heydər Əliyevin, eləcə də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin xaricdə yaşayan soydaşlarımızın öz ana dillərini mükəmməl bilmələri, ayrı-ayrı ölkələrdə dilimizin qorunub-saxlanılması, onun inkişaf etdirilməsi ilə bağlı tövsiyələri dünyanın bir sıra dövlətlərində ən yüksək səviyyədə icra olunur. Hətta təkcə bu və ya digər ölkələrdə yaşayan azərbaycanlı ailələr, onların övladları deyil, həmçinin həmin ölkələrin öz sakinləri, eləcə də ora ayrı-ayrı dövlətlərdən təhsil almağa gələn gənclərə də Azərbaycan dili öyrədilir, tədris olunur. Bu sırada Misir Ərəb Respublikası ön sıradadır desək yanılmarıq.  Artıq 20 ildən çoxdur ki, bu ölkədə yaşayan tədqiqatçı alim, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Seymur Nəsirov Misirdə könüllü olaraq Azərbaycan dilini tədris edir. Bu günə qədər mindən artıq gənc Seymur Nəsirovun sayəsində Azərbaycan dilini öyrənib ki, onların da arasında əksəriyyəti misirlilər və bu ölkəyə təhsil almağa gələn ayrı-ayrı ölkələrin gəncləridir. Bəs, görəsən azərbaycanlı alim misirli gənclərə Azərbaycan dilini necə sevdirə bilib? Bununla əlaqədar olaraq Misir Azərbaycan Dostluq Cəmiyyətinin sədri Seymur Nəsirovla söhbətləşdik.

-Seymur müəllim, Misirdən baxanda Azərbaycan necə görünür? Xüsusilə, 44 günlük müharibədən sonra bu ölkədə Azərbaycana olan maraq nə dərəcədə artıb?

-Misirlə Azərbaycan arasında əlaqələr tarixən yüksək səviyyədə olub. Bu gün də bu əlaqələr günü-gündən inkişaf edir. İki ölkə arasında bütün istiqamətlərdə əməkdaşlıq mövcuddur, müxtəlif sahələri əhatə edən müqavilələr imzalanıb. Bundan başqa Misir-Azərbaycan hökumətlərarası qrup da mövcuddur. Misir həmçinin, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Sualınızın əsas hissəsinə gəlincə,  44 günlük Vətən  müharibəsindən sonra Misirdə artıq Azərbaycan qalib bir xalq olaraq tanınır. Düzdür, bundan əvvəl də qeyd etdiyim kimi Azərbaycanla münasibətlər yüksək səviyyədə idi. Artıq indi Azərbaycana daha fərqli bir şəkildə, müzəffər dövlət və xalq kimi baxırlar. Məlumat üçün qeyd edim ki,  artıq Misir şirkətləri də Qarabağın inkişafında, yenidən qurulmasında öz töhfələrini vermək üçün Azərbaycana müraciət ediblər. Bu Misirin Azərbaycanda olan həm keçmiş, həm də indiki səfirinin verdiyi müsahibələrdə də açıq-aşkar qeyd edilir.  Misirin ən böyük tikinti şirkətləri Qarabağın yenidən qurulmasında öz töhfələrini verməkdə maraqlıdırlar.

Onu da qeyd edim ki, İkinci Qarabağ müharibəsindən öncə biz hər zaman Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsindən danışanda bir növ bizə məğlub xalq kimi baxırdılar.  Həmçinin hər zaman bizə belə bir sual verirdilər ki, kiçik, gücsüz bir Ermənistan dövləti sizin torpaqları necə işğal edə bilər?. Çünki hər zaman keçirilən tədbirlərdə, görüşlərdə Azərbaycanın güclü, qüdrətli bir ölkə olduğunu deyirdik. Ancaq səmimi deyim ki, bunun baxmayaraq bizə verilən həmin sual qarşısında bir növ aciz qalır, kədərlənirdik. Amma indi bizə tam fərqli bir şəkildə, müzəffər bir xalq kimi baxırlar.  Artıq Misirdən Azərbaycana gələn turistlərin sayının da günü-gündən artığını açıq-aşkar görürük. Həqiqətən də, Misirdə, Ərəb dünyasında Azərbaycana rəğbət günü-gündən artmaqdadır. Xüsusilə də yuxarıda qeyd etdiyim kimi İkinci Qarabağ müharibəsindən, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra biz bunun şahidi oluruq.

-Bildiyimiz kimi, sizin rəhbərlik etdiyiniz cəmiyyətin fəaliyyəti nəticəsində Misirdə Azərbaycan dilinə olan maraq artmaqdadır. Maraqlıdır ki, misirlilərin Azərbaycan dilinə olan marağı nədən irəli gəlir?

-Məlumat üçün qeyd edim ki, mən hələ tələbəlik illərində, yəni bundan 20 il öncə fərdi şəkildə Azərbaycan dilini tədris edirdim. Xüsusilə də türk dili bölməsində oxuyanlara Azərbaycan dilini fərdi şəkildə, könüllü olaraq öyrədirdim. Bu zaman tələbələrə təkcə Azərbaycan dilini öyrətməklə kifayətlənmir, eyni zamanda vətənimizin həqiqiqətlərini, onun coğrafiyasını, mədəniyyətini təbliğ edirdim. Ailə həyatı qurandan sonra isə artıq ailəvi olaraq Azərbaycan dilini tədris etməyə başladıq. Beləliklə, Misirin müxtəlif universitetlərində türk dili bölməsində oxuyan tələbələr bizim evə fərdi şəkildə gəlməyə və Azərbaycan dilini öyrənməyə başladılar. Biz onlara könüllü şəkildə Azərbaycan dilini tədris edirdik. 2013-cü ildə belə bir qərara gəldim ki, nəyin bahasına olursa-olsun Azərbaycan dilinin tədrisi ilə bağlı geniş bir yer tapmalıyam. Bəlkə də demək düzgün çıxmaz, bunun üçün kiçik bir evim var idi və onu satdım. Həm evin pulu, həm də dostlarımdan götürdüyüm borcla Azərbaycan Diaspor Mərkəzi üçün böyük bir yer aldım. Bu gün həmin məkan Misir-Azərbaycan Dostluğu Cəmiyyətinin fəaliyyət göstərdiyi bir yerdir.  Orada bu gün dünyanın 35 ölkəsindən 400-dən çox tələbə tədris alır. Şəxsən mən özüm bu günə qədər 1150-dən artıq misirli tələbəyə Azərbaycan dilini tədris etmişəm. Həyat yoldaşım isə 700-dən çox misirli tələbəyə könüllü şəkildə Azərbaycan dilini tədris edib. Tədris etdiyimiz tələbələr Azərbaycanın yaxın dostu sayıla bilər. Biz onların Azərbaycana olan sevgisini açıq-aşkar gördük. Düşünürəm ki, könüllü şəkildə nəyi bacırırıqsa, öz maddə, mənəvi, fiziki gücümüzə uyğun olaraq bütün həyatımızı vətənin təbliğatına yönəltməliyik. Şükürlər olsun ki, artıq hər il 100  misirli tələbəni Azərbaycan dilinin tədrisinə cəlb edə bilirik. Bu uzun bir zəhmətin nəticəsidir. Bu təbliğat çox zəhmət aparan bir işdir. Sadəcə Qahirədə yaşayan Misirlilər deyil, hətta İsgəndəriyyə şəhərindən də gəlib bizim dərslərdə iştirak edib, sonra geri qayıdan şəxslər olur. Beləliklə, günü-gündən bizim fəaliyyətimiz Misirin hər yerində, hətta Ərəb ölkələrində də yayılır. Artıq fərqli Ərəb ölkələrindən də bizə müraciət edirlər ki, onlar üçün online Azərbaycan dilini tədris edək. Amma hazırda biz online yox, üz-üzə olaraq Mərkəzimizdə Azərbaycan dilini tədris edirik.

Bildiyiniz kimi, biz bütün fəaliyyətlərimizi könüllü şəkildə, ödənişsiz həyata keçiririk. Tələbələrə təkcə Azərbaycan dilini tədris etmir, eyni zamanda onlar arasında müsabiqələr təşkil edərək maraq oyatmağa çalışırıq. Bütün bunlar, eyni zamanda tədris üçün heç bir maddiyat tələb etmirik.  Həmçinin, dilimizlə eyni zamanda öz vətənimizi də tələbələrə təbliğ etmiş oluruq. Yəni, bizdə sadəcə olaraq Azərbaycan dilinin  tədrisi prosesi deyil. Eyni zamanda danışıq klublarımız da var və oranın iştirakçıları arasında müsabiqələr təşkil edir, qalibləri diplomla mükafatlandırırıq. Bir sözlə, tələbələrimizə hərtərəfli dəstək olaraq, onlarda Azərbaycan dilinə maraq oyatmağa çalışırıq.

-Yeni tədris ili üçün Misir-Azərbaycan Dostluq Cəmiyyəti olaraq Azərbaycan dilinin Misirdə daha geniş yayılması üçün hansı yeniliklər, layihələr nəzərdə tutursunuz?

-Yeni tədris ilində yeni kitablar tərtib etməyə çalışırıq və onun üzərində işləyirik. Bildiyiniz kimi ərəblərə Azərbaycan dilini öyrədən o qədər də dərsliklər yoxdur. Ona görə də Azərbaycanda tərtib olunmuş kitablardan istifadə edirik. Amma özümüz çoxlu əlavələr edirik. Məlumat üçün qeyd edim ki, yeni ildə tələbələr arasında bir neçə müsabiqələrin təşkil olunması nəzərdə tutulur. Bundan başqa, ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbirlər təşkil etməyi, müsabiqələr keçirməyi düşünürük. Bir sözlə, qarşıda çox gözəl planlarımız var.

-Maraqlıdır ki, Azərbaycan dilini öyrənmək istəyən misirlilər, eləcə də bu ölkədə təhsil alan digər xarici ölkə gənclərini əyani vəsaitlə, kitablarla hansı formada təmin ediirsiniz?

-Bu məsələdə əslində böyük bir problem var. Yəni, Azərbaycan dilini xarici vətəndaşlara öyrədəcək bir institut, proqram hələ bu günə qədər görməmişəm. Bəlkə də tərtib olunub, ancaq mənim qarşıma çıxmayıb. Bütün fəaliyyətlər, yaxud Azərbaycanda yazılan kitablar yalnız fərdi şəkildədir. Misal olaraq, Türk dilini öyrətmək üçün Yunis Əmrə İnstitutu, İspan dilini öyrənmək üçün Servandes, İngilis dili üçün IELTS (International English Language Testing System) proqramı var, Amerikanın TOEFL (Test of English as a Foreign Language) proqramı mövcuddur. Amma bu gün Azərbaycan dilini xaricdə tədris edəcək bir proqramımız yoxdur. Biz dəfələrlə öz görüşlərimizdə, çıxışlarımızda bildirmişik ki, xaricdə Azərbaycan dilini öyrənmək üçün institut, proqram təşkil olunmalıdır. Yəni xarici tələbə Azərbaycan dilini öyrənmək üçün hansı səviyyədə, necə başlamalıdır, yaxud Azərbaycan dili üzrə mütəxəssis olması üçün nələri oxumalı, hansı səviyyələri keçməlidir.

-Bu işdə Sizə Misirdəki səfirliyimiz, yaxud müvafiq dövlət qurumları dəstək verirlərmi?

- Əvvəla onu qeyd edim ki, həm Azərbaycanın Misirdəki səfirliyi, həm də Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqələrimiz yüksək səviyyədədir.  O ki, qaldı dərsliklər, əyani vəsaitlərlə təminat məsələsinə, hər dəfə Azərbaycana gələndə öz hesabımıza Azərbaycan dili ilə bağlı, ədəbiyyat, tarixi, coğrafiya kitabları alıb aparırıq. Hər dəfə Azərbaycana gedəndə oradan bir çanta kitab alıb gətirirəm. Biz həmin kitabları tələbələrə veririk, onlar da öz növbəsində onları oxuyub qaytarırlar. Yəni bu problemi fərdi şəkildə,  öz vəsaitimiz hesabına həll etməyə çalışırıq. Düzdür,  Diasporla İş üzrə Dövlət Komitəsi də  xaricdə yaşayan uşaqlar üçün bir kitab təsis edib, amma dediyim kimi bizim tam bir proqrama ehtiyacımız var. Yəni, sıfırdan, Azərbaycan dilinin heç bir hərfini bilməyən bir şəxsin bir mütəxəssis kimi yetişməsinə yardımçı olacaq proqrama. Əfsuslar olsun ki, mən bu proqramı hələ görməmişəm. Bəlkə də var, onu deyə bilmərəm, amma şəxsən onu axtarıram.

-Bəs Misirdə yaşayan azərbaycanlıları necə, onların övladları ana dilimizi nə dərəcədə mükəmməl bilir və yaxud dilimizin unudulmaması üçün Misirdəki azərbaycanlı ailələr arasında hansı işlər görülür?

-Biz bütün əlamətdar günlərimizdə Diaspor Mərkəzimizdə tədbirlər keçiririk və hər zaman çıxışlarımızda azərbaycanlıların övladlarına könüllü, ödənişsiz şəkildə Azərbaycan dilini öyrətməyə hazır olduğumuzu qeyd edirik. Səmimi olaraq onu deyim ki,  bu bizim istək və vəzifələrimizdən biridir. Çünki ilk növbədə biz özümüz öyrənməliyik, sonra isə öz övladlarımıza bunu öyrətməliyik. Cənab Prezidentimiz də öz çıxışlarında hər zaman bildirir ki, övladlarımıza Azərbaycan dilini öyrədib, yaşadığımız ölkədə də onu təbliğ etməliyik.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31