Kəlbəcər yeni inkişaf dövrünü yaşayır
18 Noyabr 2022 11:29 Siyasət44 günlük Vətən müharibəsinin məntiqi nəticəsi olaraq işğaldan azad edilən ərazilərimizdən biri də Kəlbəcər rayonu oldu. 1993-cü ildə mənfur düşmənlərimiz tərəfindən işğala məruz qalan Kəlbəcəri ermənilər heç bir halda azad etmək fikrində olmasalar da, 2020-ci il, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata uyğun olaraq düşmən həmin ilin noyabr ayının 25-də Kəlbəcəri azad etmək məcburiyyətində qaldı. Tarixən barbarlıq, vandallıq hərəkətləri ilə tanınan ermənilər Kəlbəcəri tərk edərkən də anoloji addımlar atdılar. Evləri, hətta meşələri yandırdılar, qəbirstanlıqları, Kəlbəcərdəki tarixi-mədəni abidələri dağıtdılar.
Hazırda Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib və Azərbaycanın nəzarətindədir. İşğaldan azad edilmiş hər bir şəhər və rayonda olduğu kimi Kəlbəcərdə də geniş miqyasda quruculuq-abadlıq işləri həyata keçirilir.
Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və nəzarəti altında həyata keçirilən bu işlər Kəlbəcərin simasını tədricən dəyişir, onu müasirləşdirir. Kəlbəcərdə ən diqqət çəkən və sürətlə davam edən tədbirlərdən biri yol infrastrukturunun yenidən qurulmasıdır. Belə ki, Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunel regionun böyük logistik layihəsidir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir. Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Layihənin 16-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və 1900 metr yüksəklikdən Murovdağ zirvəsinədək, 3260 metrə qədər artır. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 11.6 kilometrlik tunelin tikintisi nəzərdə tutulub. Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. İcra olunan layihələr, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdirlər.
Həyata keçirilən quruculuq-abadlıq, infrastruktur layihələri çərçivəsində Kəlbəcərin elektrik və su təchizatı, habelə evlərin tikilməsi ilə bağlı işlərinə start verilib. Cari ilin 26 iyun tarixində Prezident İlham Əliyevin iştirakı ilə Kəlbəcər rayonunda "İstisu" sanatoriyasının təməlqoyma mərasimi də təşkil olunub.
Kəlbəcər şəhərinin Baş planı bölgənin təbii gözəlliyini özündə ehtiva edir. İlin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Kəlbəcərdə mütləq aşıq mərkəzi və digər tikililər inşa ediləcək.
Kəlbəcərin təbii enerji potensialı da kifayət qədər böyükdür. Elə ermənilər də məhz bu potensiala görə, rayonu azad etmək, onu əldən vermək istəmirdilər. Hazırda xarici şirkətlər tərəfindən Kəlbəcər və Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı müraciətlər daxil olunur. Ən çətin relyefə malik olan Kəlbəcər dağlarından elektrik xətləri çəkilib. "Kəlbəcər-1" Kiçik Su Elektrik Yarımstansiyası inşa olunur, 110/35/10 kilovoltluq "Kəlbəcər" yarımstansiyası isə artıq istifadəyə verilib.
Qeyd etdiyimiz kimi hər bir işğaldan azad edilən şəhər və rayon kimi Kəlbəcər də prezident İlham Əliyevin diqqətindədir və orada həyata keçirilən quruculuq-abadlıq işlərinə bilavasitə dövlət başçısı nəzarət edir. Rayon işğaldan azad edildikdən sonra İlham Əliyev bir neçə dəfə Kəlbəcərə səfər edərək orada aparılan işlərlə yaxından tanış olub.
16 avqust, 2021-ci il tarixində Kəlbəcərə səfər edən dövlət başçısı Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin təməlqoyma mərasimində iştirak edib. Bu il, iyun ayının 26-da isə dövlət başçısı rayonda "Kəlbəcər-1" Kiçik Su Elektrik Stansiyasının, Kəlbəcər rayonunda hərbi hissələrinin açılışında iştirak edib, Kəlbəcər-Laçın avtomobil yolunun inşası ilə tanış olub. Bundan başqa dövlət başçısı Kəlbəcər şəhərinin Baş planı ilə tanış olub, işğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyub. Eləcə də Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma, "İstisu" mineral su zavodu və "İstisu" sanatoriyasının təməlqoyma mərasimi dövlət başçısının iştirakı ilə baş tutub. Həmçinin, prezidentKəlbəcər "Çıraq-1" Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub.
Məlumat üçün qeyd edək ki, ermənilər Kəlbəcəri işğöal edən zamanı rayonun 511 dinc sakinini öldürüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edildi, dağıdıldı və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşındı.
Süleyman