Ölkədə süni formada siyasi gərginlik yaratmağa çalışan şəxslərin üzə çıxarılmasının tam zamanıdır - RƏYLƏR
Ölkədə süni formada siyasi gərginlik yaratmağa çalışan şəxslərin üzə çıxarılmasının tam zamanıdır
9 Sentyabr 2019 12:25 SiyasətVəzifədən çıxarılan məmurların onundan doqquzu avtomatik olaraq hakimiyyətə müxalif olur
Zaman-zaman müşahidə etmişik ki, yol verdikləri nöqsanlara, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiklərinə dövlət başçısı tərəfindən cəzalandırılan, tutduğu vəzifədən uzaqlaşdırılan bir sıra məmurlar çox keçmədən Azərbaycana qənim kəsilən radikal siyasi düşərgənin, erməni maraqlarına xidmət edən dairələrin cəbhəsində yer alır, bundan sonrakı fəaliyyəti dövlət, dövlətçiliyə qarşı yönəldir. Eks səhiyyə naziri, Milli Məclisin sabiq sədri, Azərbaycanın Belçikadakı sabiq səfiri və digərlərinin timsalında bunu aydın şəkildə görürük. Məmur işlədikləri zaman xalqın cibinə girərək topladıqları vəsaitləri, maliyyəni indi Azərbaycan dövləti və hakimiyyətinə qarşı radikal mövqedə dayanan siyasilərə xərcləyərək yenidən vəzifə sahibi olacaqlarına emid edirlər. Maraqlı faktlardan biri ondan ibarətdir ki, həmin eks məmurlar hətta xaricdəki söyüş müxalifətinə də maliyyə dəstəyi verirlər. Dəfələrlə müxtəlif səviyyələrdə bu barədə açıqlamalar verilib. Məsələ o həddə çatıb ki, artıq Yeni Azərbaycan Partiyasının rəsmiləri də belə bir faktın mövudluğundan danışırlar. Hər halda Milli Məclisin İctimai birliklər və dini qurumlar Komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzovun bəzi keçmiş məmurlarla bağlı səsləndirdiyi fikirlər belə deməyə əsas verir. Belə ki, Siyavuş Novruzov da mətbuata verdiyi son açıqlamalarından birində bəzi sabiq məmurların dövlətçilik əleyhinə fəaliyyət göstərən radikal siyasi düşərgəyə maliyyə dəstəyi verdiyini bildirib.
Gündəmin əsas mövzularından birinə çevrilən sözügedən məsələyə verilən reaksiyalar da özünü çox gözlətməyib. Əksəriyyət hesab edir ki, Siyavuş Novruzovun dediklərində həqiqət var və bəzi sabiq məmurlar radikal siyasi düşərgəyə maddi dəstək verirlər. Hətta sabiq maliyyə naziri Firkət Yusifov belə Siyavuş Novruzovun fikirləri ilə razılaşdığını vurğulayıb. O, qeyd edib ki,
Milli Məclisin İctimai birliklər və dini qurumlar Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov sabiq nazirlərlə bağlı dəfələrlə mətbuat səhifələrində fikirlər səsləndirib. Sabiq nazir bu məsələnin gündəmə gətirilməsini də alqışlayıb: "Çox sağ olsun Siyavuş Novruzovu ki, bu məsələni gec də olsa gündəmə gətirdi. Cəmiyyətin gözü tərəzidi, kimin nə ilə nəfəs aldığını çox yaxşı bilir. Vaxtılə dövlətin milyardlarla manat vəsaitlərini talayanların kimliyini də hər kəs çox gözəl bilir. Mən bu adamların hakimiyyətə maliyyə müxalifi olduqlarını dəfələrlə yazmışam və demişəm. Burada bütün baş verənlər sadə məntiqə söykənir. Yəni, yeni nə isə kəşf etməyə ehtiyac qalmır. Bir korrupsioner məmur vəzifədən çıxarılırsa, deməli o, oğurlaya biləcəyi milyardlardan məhrum olur. Elə bu səbəbdən də vəzifədən getdikdən sonra belələrinin onundan doqquzu avtomatik olaraq hakimiyyətə müxalif olurlar. Çünkü hakimiyyət vəzifədən çıxarmaqla onları böyük qazanc mənbəyindən məhrum edib. Belələri vəzifədən gedəndən sonra hakimiyyətə dost ola bilərmi?" Sabiq nazir deyib ki, onların normal əqidəsi olsaydı dövlətin malını, pulunu talamazdılar: "Talayıblarsa, deməli xəyanət ediblər. Xəyanət ediblərsə, deməli onlar üçün müqəddəs heç nə yoxdur və onlar vəzifədən uzaqlaşdırıldıqdan sonra on dəfə artıq xəyanət edəcəklər. Bu gün Azərbaycan hakimiyyətinin maliyyə müxalifətinin başında da məhz bu xəyanətkarlar dayanır. Ona görə mən dəfələrlə təklif etmişəm ki, onların taladıqları pulları hakimiyyət geri qaytarmalıdır. Əks halda bu pullar hakimiyyətə qarşı istifadə olunacaq. Təəssüf ki, bu gün bu da baş verir. Bu adamların kimliyi hər kəsə bəllidir. Bu adamları tutduqları yoldan geri döndərməyin yeganə yolu onların dövlətdən oğurladıqları pulları geri qaytarmaqdır. Əks halda onları bu yoldan heç kim çəkindirə bilməyəcək".
Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov isə hesab edir ki, Milli Məclisin İctimai birliklər və dini qurumlar Komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzovun sabiq nazirlərlə bağlı sərt ittihamlar irəli sürərək, onları açıq mövqe ortaya qoymağa səsləməsini hazırki həssas ictimai-siyasi situasiya üçün sensasiya kimi yox, müsbət hadisə kimi qiymətləndirir. Partiya sədrinin sözlərinə görə, ölkədə süni formada siyasi gərginlik yaratmağa, suyu bulandırmağa çalışan şəxslərin maskalarını cırıb ayaqlar altına atmağın tam zamanıdır: "Ulu Öndər Heydər Əliyevin siyasi kursuna xəyanət edən, vəzifədən çıxarıldıqdan sonra siyasi səbatsızlıq, əqidəsizlik nümayiş etdirən bəzi sabiq məmurların iç üzünü açıb xalqa göstərmək lazımdır. Siyavuş Novruzov ciddi şəxsdir. O, heç vaxt boşuna danışmır. Sensasiya xatirinə açıqlama vermir. O, nə dediyini yaxşı bilir. Siyavuş Novruzovu bu cür prinsipial mövqeyinə görə alqışlamaq lazımdır. Xaricdə oturub ölkəmizin əleyhinə və hakimiyyətə qarşı kirli kampaniya aparan qüvvələri,"söyüş bloggerləri"ni gizli şəkildə maliyyələşdirən sabiqlərdən, oliqarxlardan indi hesab sorulmazsa, onların taladıqları pullar idarəolunmaz siyasi kapitala çevriləcək və ölkədə süni surətdə xaos, anarxiya yaradılmasına xidmət edəcək. Odur ki, S.Novruzovun sözügedən açıqlamasına tam ciddi yanaşmaq lazımdır. Özünü hamıdan ağıllı göstərməyə çalışan bəzi "ekspert"lərin və "mirzə"lərin YAP rəsmisinin sözlərinə istehzalı yanaşmaları isə tamamilə yersizdir. Bu arada sabiq məmurların kirli pullarıyla özünə müxalifətçi obrazı düzəldən, Yutub kanallar vasitəsilə özlərini ictimaiyyətə az qala mələk qismində təqdim etməyə, sırımağa çalışan siyasətçiləri, mühacir bloggerləri də elə həmin sabiq məmurlarla birgə gün üzünə çıxarmaq, kimin kim olduğunu hamıya göstərmək, kimin əlinin kimin cibindən çıxdığını xalqa açıqlamaq lazımdır. Bax o zaman bir çoxlarının maskaları yerə düşəcək, bəziləri isə "qeyb"ə çəkiləcək". Partiya sədri hesab edir ki, dövlətçilik əleyhinə fəaliyyət göstərən qruplara maddi dəstək vermək ölkəyə xəyanət etmək kimi bir şeydir.
Süleyman