Döyüş meydanlarında qələbələr bizi daha da ruhlandırır, daha da gücləndirir

Azərbaycanın son illərdə həyata keçirdiyi uğurlu xarici siyasət dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları ilə bərabərhüquqlu münasibətlərin inkişaf etdirilməsi, ölkəmizin təhlükəsizliyinin təmin olunmasına, eləcə də ölkəmizin dünyada söz sahibinə çevrilməsinə səbəb olub. Azərbaycanın uğurla davam etdirdiyi müstəqil və çoxşaxəli xarici siyasət kursu ölkəmizi nəinki Cənubi Qafqaz regionunda, eləcə də müasie dünya birliyində aparıcı və ən inkişaf etmiş ölkə olaraq qalmasını təmin edib. Məhz yürüdülən düşünülmüş siyasətin nəticəsidir ki,  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra beynəlxalq təşkilatlar tərəfindən ölkəmizin maraqlarına cavab verən çoxsaylı önəmli sənədlərin qəbul edilməsinə nail olunub. Təkcə onu qeyd etmək yerinə düşərdi ki, ötən il 117 ölkə və 16 beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmilərinin iştirakı ilə Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Aralıq Nazirlər Konfransının yekun sənədinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipi əsasında həll edilməsinin vacibliyini vurğulayan bənd daxil edilib. Analoji qərarların bir sıra beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməsi barədə kifayət qədər məlumatlar var. Bu isə o deməkdir ki, artıq beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətləri bilir və bu səbəbdən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Lakin hazırki şəraitin Azərbaycanın xeyrinə işləməsini yaxşı anlayan işğalçı Ermənistan bütün mümkün variantlardan istifadə edərək mövcud status-kvonun saxlanmasına çalışır. Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra Nikol Paşinyanın yürütdüyü siyasət dediklərimiz bir daha təsdiq etmiş olur. Belə ki, işğalçı dövlətin baş naziri danışıqlar prosesinin mahiyyətini dəyişmək xətti tutmuşdu.

Sanki danışıqlar prosesinin formatından xəbərsiz kimi davranaraq prosesə separatçı rejimin qatılmasına cəhd edirdi.  Lakin Vyana görüşü bir daha təsdiq etdi ki, danışıqların formatı dəyişməz qalır. Ermənistanın baş naziri Nikol Paşinyan cidd-cəhdlə çalışmasına baxmayaraq, münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin formatının dəyişilməsinə nail ola bilmədi. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi nəticəsində danışıqlar formatının qorunub saxlanılması və danışıqların bundan sonra da mövcud format əsasında aparılması haqqında razılaşma əldə olundu. Paşinyan isə hər zaman istəyirdi ki, məhz format dəyişsin və qondarma rejim danışıqlar tərəfi kimi bu prosesə cəlb olunsun.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbi qulluqçularla görüşdə deyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə, burada bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur: "Bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ bizim əzəli, tarixi torpağımızdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bütün mötəbər beynəlxalq təşkilatlar müvafiq qərar və qətnamələr qəbul etmişlər. Bu, tarixi və hüquqi əsasdır. Heç bir ölkə qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımayıb, əminəm ki, tanımayacaqdır. Ona görə danışıqların davam etdirilməsinin məqsədi işğal edilmiş torpaqların azad olunmasıdır. Siz bilirsiniz ki, Ermənistanın yeni rəhbərliyi danışıqların formatını dəyişdirmək istəmişdir. Verilən bəzi bəyanatlar da ictimaiyyət üçün bəllidir. Ancaq Azərbaycanın birmənalı mövqeyi bunu mümkün etməmişdir. Münaqişə Ermənistan ilə Azərbaycan arasındadır. Bizim torpaqlarımızı Ermənistan işğal edibdir. İşğal edilmiş torpaqlarda qarşı tərəfdə hərbçilərin 80 faizi Ermənistan vətəndaşlarıdır. Ona görə danışıqlar prosesi də iki ölkə arasında aparılmalıdır və aparılır. Son Vyana görüşü, o cümlədən ona görə önəmli idi ki, bu mövcud formatı bir daha təsdiqlədi. Həm xarici işlər nazirləri arasında aparılan danışıqlar, həm də rəhbərlik arasında keçirilmiş görüş bir daha onu göstərir ki, bu, Ermənistan-Azərbaycan münaqişəsidir. Biz hər dəfə bu münaqişə ilə bağlı sözümüzü deyəndə bu münaqişəni belə də adlandırırıq: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi".

Dövlət başçısının səsləndirdiyi fikirlər bir daha deməyə əsas verir ki, Azərbaycanın xarici siyasətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli əsas yer tutur.  Azərbaycan bu istiqamətdə qətiyyətli mövqeyini və çoxşaxəli fəaliyyətini davam etdirir. Ölkəmizin birmənalı mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ problemi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında öz həllini tapmalıdır. Çünki Dağlıq Qarabağ həm tarixi, həm də məhz hüquqi baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın işğal altında olan torpaqlarını geri qaytarması üçün kifayət qədər siyasi, iqtisadi və hərbi imkanları mövcuddur. Təsadüfi deyil ki, dövlət başçısı qeyd edib ki, "Haqq-ədalət, tarixi həqiqət bizim tərəfimizdədir. İqtisadi güc də, hərbi güc də bizim tərəfimizdədir. Son illərdə görülmüş işlər, hərbi sahədə aparılan islahatlar, hərbi gücümüzün artırılması, həm siyasi meydanlarda, həm də döyüş meydanlarında qələbələr bizi daha da ruhlandırır, daha da gücləndirir".

Qeyd edək ki, Azərbaycan daim Dağlıq Qarabağ münaqişəsinin həlli işində çox ciddi mövqelərə malik olub. İşğalçı siyasətini davam etdirən Ermənistanın isə regionda təcrid vəziyyəti dərinləşir, təcavüzkar ölkə bütün diplomatik cəbhələrdə uduzmaqda davam edir. Ümumiyyətlə, işğlaçı ölkə yürütdüyü destruktiv siyasət nəticəsində qonşu dövlətlərlə və beynəlxalq ictimaiyyətlə münasibətlərdə hərtərəfli gərginliyə malikdir. Digər tərəfdən,  işğalçı ölkədə iyirmi ildir ki, hakimiyyəti zəbt edərək öz xalqını istismar edən kriminal xunta rejimi çöküb. Şübhəsiz ki, bu, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin tam iflasıdır. Azərbaycan işğalçı siyasətini davam etdirən Ermənistanı təcrid vəziyyətində saxlayır, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən qlobal enerji, nəqliyyat layihələri bu ölkədən yan keçir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən prinsipial siyasətin nəticəsidir ki, beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəkləyir, bu mövqe ardıcıl olaraq daha da güclənir. Beynəlxalq ictimaiyyət tərəfindən son zamanlar müxtəlif səviyyələrdə səsləndirilən bəyanatlar, qəbul edilmiş sənədlər Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsinin göstəricisidir.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31