Qarabağ problemində kritik dövr başlayır
Ermənistanda hakimiyyətin, daha doğrusu prezident postunun rəsmən təhfil-təslim prosesi həyata keçirildi. Belə ki, Serj Sərkisyanın təyinatı və Ermənistan parlamentinin dəstəyi ilə işğalçı ölkənin Böyük Britaniyadakı səfiri Armen Sərkisyan aprelin 9-dan etibarən işğalçıların prezidenti vəzifələrinin icrasına başladı.
10 Aprel 2018 15:04 SiyasətErmənistanda hakimiyyətin, daha doğrusu prezident postunun rəsmən təhfil-təslim prosesi həyata keçirildi. Belə ki, Serj Sərkisyanın təyinatı və Ermənistan parlamentinin dəstəyi ilə işğalçı ölkənin Böyük Britaniyadakı səfiri Armen Sərkisyan aprelin 9-dan etibarən işğalçıların prezidenti vəzifələrinin icrasına başladı. Hələ Armen Sərkisyanın prezidentlyə namizədliyi irəli sürüləndə ehtimal edilirdi ki, o sələfindən fərqli olaraq diplomatiya tərəfdarı kimi çıxış edəcək və Dağlıq Qarabağ probleminin həllində daha çox konstruktivliyə meyilli görünəcək. Amma Armen Sərkisyanın məhz Serj Sərkisyan tərəfindən prezident təyin edildiyinə diqqət çəkən analitiklər yeni prezidentin də Dağlıq Qarabağ problemi ilə bağlı məsələdə sərt xətt tərəfdarı olacağını, əvvəlki rəhbərlik kimi aqressiv münasibət sərgiləyəcəyini bildirirdilər. Belə bir mövqenin formalaşmasının başlıca səbəbi isə ondan ibarət idi ki, Armen Sərkisyanın prezident kimi ciddi səlahiyyəti olmadığından onun məhz sabiq dövlət başçısı Serj Sərkisyanın diqtəsi ilə hərəkət edəcəyi ehtimalının çoxluğu idi. Və gözləntilər də elə özünü qısa zamanda göstərdi və işğalçı ölkənin yeni prezidenti iç üzünü ortaya qoydu. Belə ki, Ermənistanın yeni seçilmiş prezidenti Armen Sarkisyan aprelin 9-da səlahiyyətlərinin icrasına başladığı gün Rusiyanın TASS İnformaasiya Agentliyinə verdiyi müsahibədə Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivlərindən danışaraq ATƏT-in Minsk qrupunun fəaliyyətin tərif edib. Yemi prezident deyib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi həledici rol oynayır. Daha sonra Armen Sərkisyan deyib ki, münaqişəni tənzimləmək, sülhə və razılığa gəlmək üçün siyasi iradə gərəkdir. Armen Sərkisyan daha sonra dövlət başçısı kimi ilk yalanını danışaraq bunları qeyd edib: " Ermənistan öz tərəfindən sülhün əldə olunması üçün mümkün olan hər şeyi edir və Azərbaycan tərəfinin də eyni cür hərəkət etməsini gözləyir".
Göründüyü kimi Ermənistanın yeni prezidenti də Dağlıq Qarabağ probleminin həllində işğalçılıq və separatçılıq meyillərindən əl çəkməyəcəklərini açıq şəkildə ortaya qoyur. Bu isə Dağlıq Qarabağ probleminin diplomatik yolla mümkünsüzlüyünü təsdiqləyir. Elə əksər ekspertlər də bu qənaətdədirlər. Müstəqil ekspert Rövşən Məmmədli də deyir ki, Armen Sərkisyanın prezidentliyi dövründə də Dağlıq Qarabağ probleminin diplomatik yolla həlli istiqamətində heç bir ciddi addım atılmayacaq. Onun sözlərinə görə, işğalçı ölkənin yeni prezidentinin TASA-a müsahibəsi də bunu təsdiqləyir: "Bəli, ilk iş günündə ilk bəyanatını Qarabağla bağlı bu şəkildə verən və Rusiyaya arxalandığını açıq şəkildə bəyanlayan Ermənistanın yeni prezidentindəndə nə isə gözləyənlər bilsin ki, ermənilər torpaq məsələsində təpədən dırnağa kimi birdir və adları da ermənidir.Onlar heç zaman Qarabağı könüllü geri qaytarmayacaqlar. Ona görə də yalançı sülh danışıqlarının heç bir faydası yoxdur. Fikir verin, prezident Armen Sərkisyan həyasızcasına deyir: "Ermənistan öz tərəfindən sülhün əldə edilməsi üçün mümkün olan hər şeyi edir"...Görəsən Armen Sərkisyan nəyi nəzərdə tutub belə deyir?. Əgər Ermənistan problemin həlli ilə bağlı bütün mümkün hərəkətləri edirsə, onda gərək beynəlxalq hüquq normalarına əməl edib, öz işğalçı faşist-daşnak qoşunlarını Azərbaycanın 20 faizindən çıxarsın. Həm də qeyri şərtsiz..Ancaq bunu etmir. Hələ bir Azərbaycanı da günahlandırır. Belə olan halda bu daşnak prezidentlə danışığa getməyin özü Azərbaycanın maraqlarının əleyhinədir. Hələ Xocalı cəlladı Serj Sərkisyan baş nazir olsun, ondan sonra Ermənistanın aqressivliyi daha da artacaq". Rövşən Məmmədli hesab edir ki, Dağlıq Qarabağ məsələsinin ən kritik dövrü gəlir və bu dövrdə hamı Qarabağın geri qaytarılması üçün lazım olan bütün çabaları göstərməli, ötən əsrin 90-cı illərində olduğu kimi meydanlarda olmalıdır: "Xalq ordunun arxasında durmalı, ordu isə öz vəzifəsini yerinə yetirərək Azərbaycanın işğalda olan 20 faiz ərazisini azad etməli, bayrağımızı Xankəndinə sancmalıdır".
Süleyman